24 Yanvar 2026 / 22:43

“Hədəfim qızıl medal almaq idi…”SƏRİYYƏ MÜSLÜMQIZI XANKƏNDİDƏN YAZIR

…Tovuzda bir nəsli barmaqla göstərib, anadan “kəllə” doğulublar –deyərmişlər.  Haqqında danışacağım oğlan da bu nəsildəndir. Gəlin onunla yaxından tanış olaq.
– Ayxan, gəl orta məktəbdən başlayaq, belə böyük bir uğuru necə əldə edə bildiniz?
O, sualıma uşaq məsumluğu ilə yanaşaraq xəyalən məktəb illərinə boylanaraq deyir:
– Riyaziyyat mənim üçün, sanki hava və sudur. Bir gün belə ondan ayrı qala bilmərəm. Hələ  8-ci sinifdə oxuyarkən riyaziyyata böyük həvəsim  vardı. Bütün məsələ və misalları həll edərdim. Onda sadəcə testlərlə işləyərdim. Olimpiadada iştirak edəcəyimi  ağlıma gətirməzdim. Böyüdükcə riyaziyyata bağlılığım daha da artırdı. 9- cu sinifdə oxuyanda  Respublika Fənn Olimpiadası barədə düşünməyə başladım . Hədəfim medal qazanmaq idi. Həmin il daha da yüksək səviyyədə hazırlaşmağa başladım. Demək olar ki, riyaziyyatdakı bütün mövzuları bilirdim. Sadə testlərlə kifayətlənməyib, Türkiyədəki olimpiada kitablarından istifadə etməyə başladım. 10-cu sinifdə isə beynəlxalq (Global) olimpiada ilə tanış oldum. Tam hazır olmadığımdan olimpiadaya qatılmadım. Gündə 10-11 saat fasiləsiz  məşğul olurdum. Türklərin kitabları ilə yanaşı, ingilis olimpiada  kitablarının da materiallarını oxuyurdum. İngilis dili olimpiada materialları kiril dilində olduğundan  onu da öyrəndim. Kiril əlifabası mənə o qədər də çətin olmadı. Türklərin və İngilislərin video dərslərini də izləyirdim. Onların riyaziyyatı da çox maraqlı idi. Ordakı məsələ və misalları sadə, daha qısa yolla həll etmək usullarını öyrənməyə çalışırdım. 11- ci sinifdə bu qlobal olimpiadanın milli raunduna qoşuldum və bürünc medal qazandım. Bununla da Dubayda keçiriləcək final turuna vəsiqə aldım. 2025-ci il iyunun 13 – də keçirilən final mərhələsində 25 sualdan 24-ünü düzgün cavablandıraraq qlobal raundda qızıl medal qazandım…

XXX
Ayxan Bağırovla söhbətimiz maraqlı notlar üzərində kökləndi . Demək olar ki, onun uğura gedən yolunu xeyli vərəqlədik və qürur duydum. Onu da öyrəndim ki, Ayxan Qarabağ Univeristetinə öz seçimi ilə, ixtisası üzrə DİM imtahanı ilə qəbul olunub. Xatırladım ki, bu ixtisas 3-4 universitetdə açılıb, onlardan biri də Qarabağ Universitetindədir.
Qarabağ Universitetinin özəlliyi də ondadır ki,  bir  çox  təhsil ocaqlarında olmayan ixtisaslar burda cəmləşib. Tələbələr burda tibb, mühəndislik, iqtisadiyyat və digər ixtisaslar üzrə təhsil alırlar. Ayxan da gözəl bilir ki, hədəfə çatmaq üçün çox çalışmaq lazımdır. Məhz buna görədir ki, o, öz hədəfinə çatıb. O, FİSO(Future İntelligence Student Olipiad) olimpiadasında dünya üzrə 33 ölkə arasında riyaziyyat-məntiq fənni üzrə qızıl medal qazanıb.

XXX

…Ayxanın hələ qarşıda böyük planları var. O, Qarabağ Universtetinin bakalavr təhsilini əla qiymətlərlə başa vurub xaricdə magistraturanı oxumaq niyyətindədir. Sonra isə  ölkəmizi beynəlxalq aləmdə daha layiqincə təmsil etmək istəyindədir.
Yolun açıq olsun, Ayxan, biz sənə inanırıq!

Səriyyə Müslümqızı,

Xankəndi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!