15 Sentyabr 2025 / 06:37

HƏMAS İslam ölkələrinin İsrailə təzyiq göstərmək üçün ittifaq yaratmasını gözləyir

Fələstinin HƏMAS hərəkatı Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qətərin paytaxtı Dohada keçirilən sammitində İsrailə təzyiq göstərmək üçün beynəlxalq koalisiyanın yaradılması barədə qərar qəbul edəcəyinə ümid etdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə radikalların Telegram kanalında açıq məktub dərc olunub.

“Biz Qəzza zolağında atəşi dayandırmaq üçün təcili tədbirlərin görüləcəyini, o cümlədən üzvləri İsrailə və onun müttəfiqlərinə təzyiq göstərə biləcək beynəlxalq alyansın yaradılmasını gözləyirik”, – sənəddə deyilir.

HƏMAS rəhbərliyi həmçinin ərəb liderlərini LAS-ın “Birgə Müdafiə Müqaviləsi”nin müddəalarını yerinə yetirməyə və İsrailə qarşı “hərtərəfli sanksiyalar” tətbiq etməyə çağırıb. Hərəkat əmindir ki, İsrailin bu yaxınlarda Dohaya hücumu sübut edir ki, yəhudi dövlətinin hakimiyyəti “atəşkəs və məhbusların qarşılıqlı azad edilməsinə can atmır”, əksinə, Qətərin “vasitəçilik missiyasına mane olmaq istəyir”.

Bu gün – sentyabrın 15-də Dohada Ərəb Dövlətləri Liqası və İKT-nin fövqəladə sammiti keçiriləcək. Onun çağırılmasına səbəb sentyabrın 9-da İsrailin Fələstin hərəkatının Dohadakı iqamətgahlarından birində HƏMAS rəhbərliyinin üzvlərinə hücumu olub. Qətər tərəfinin məlumatına görə, bir təhlükəsizlik zabiti həlak olub, bir neçə nəfər yaralanıb. HƏMAS danışıqlarda iştirak edən nümayəndə heyəti üzvlərinin ölümü ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edərək, hücumda qruplaşmanın beş üzvünün, o cümlədən hərəkatın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın oğlunun öldürüldüyünü etiraf edib.

Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taninin sözlərinə görə, hakimiyyət bu hücumu dövlət terroru aktı hesab edir. Onun sözlərinə görə, hücum HƏMAS liderlərinin Qəzza zolağında münaqişənin həlli ilə bağlı ABŞ-ın son təklifini müzakirə etdiyi bir vaxtda həyata keçirilib.

CNN-ə verdiyi müsahibədə Şeyx Məhəmməd Qətərin Qəzza zolağında vasitəçilikdə iştirakını yenidən qiymətləndirdiyini deyib və vurğulayıb ki, İsrailin hücumu Fələstin anklavında HƏMAS tərəfindən saxlanılan israilli girovları azad etmək ümidini məhv edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!