Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Abşeron rayonu Ginnesə “zibillə” düşəcək?

Bu görüntülər iyulun 18-də, Abşeron rayonunun Hökməli kəndində çəkilib. 200 metr uzunluğunda zibil yığını, aylarla təmizlənməyən küçələr və ətrafı bürüyən dözülməz üfunət qoxusu… Bu, hansısa ucqar dağ kəndində deyil, Bakının mərkəzindən 10-15 dəqiqəlik məsafədə yerləşən yaşayış məntəqəsində baş verir.
Ərazidə yaşayan sakinlər artıq bu çirkabın içində nəfəs almaqda çətinlik çəkirlər. Evlərdə uşaqlar, yaşlı insanlar yaşayır. Zibil yığınaqlarının arasında siçanlar, itlər dolaşır. Yayın qızmar istisində çürüyən qida qalıqları, iynələr, plastik tullantılar insan sağlamlığı üçün real təhlükə yaradır. Amma bələdiyyə, rayon icra hakimiyyəti hələ də susurlar. Görünən budur ki, bu qurumların heç biri məsuliyyət hiss etmirlər. Sakinlərin bildirdiyinə görə, illərlə burada heç bir rəsmi nümayəndə görünməyib.

Bura artıq dəhşət saçan ekoloji fəlakət zonasına çevrilib. Qida tullantıları, plastik qablar, tikinti materiallarının tullantıları, hətta çöl heyvanlarının cəsədləri belə bu ərazidə açıq şəkildə qalıb. Adamın ödünü ağzına gətirən qoxu o qədər güclüdür ki, yaxınlıqda yaşayan insanlar yayın bu qızmar vaxtında evlərinin pəncərələrini belə aça bilmirlər.
Sual açıqdır: Bu miqyasda zibil problemi olan ərazidən kənd bələdiyyəsinin, Abşeron Rayon İcra Hakimiyyətindən cavabdeh rəsmilərin xəbəri varmı? Əgər varsa, niyə bu müddət ərzində heç bir tədbir görülməyib? Əgər yoxdursa, o zaman rayon rəhbərliyi bu kəndə neçə ildir ayaq basmayıb.
Elə videonu çəkən sakin haqlı olaraq deyir: bəlkə də, Hökməlidəki bu zibil “tuneli”, Azərbaycanın Ginnesin Rekordlar Kitabına düşməsinə səbəb ola bilər: “ən uzun təmizlənməyən yaşayış zibilxanası” nominasiyasında. Bu təkcə zibil problemi deyil, sadəcə əhaliyə hörmətsizlikdir, ətraf mühitə qarşı açıq cinayətdir.

Hökməlinin bu hissəsi, eyni zamanda yolsuz, susuz və işıqsız vəziyyətdədir. Yollar bərbad, su boruları çürük, zibil daşıyan maşınlar isə, aylarla ortada yoxdur. Bu kənd demək olar ki, tamamilə unudulub. Hörmətli rəhbərlər, nəyi gözləyirsiniz? Əhalinin xəstələnməsini?
Epidemiyanın yayılmasını? Yoxsa ayağa qalxıb, təmiz nəfəs almaları üçün yolları bağlamasını? Niyə axı əhalini qəsdən narazı salırsınız? İşinizin öhdəsindən gələ bilmirsinizsə, istefa verin gedin. Qoy yerinizə millətini, xalqını sevən məsuliyyətli, vicdanlı insanlar iş başına gəlsin.
Bu, təkcə Hökməlinin problemi deyil. Bu, idarəçiliksizlik bəlasının və vətəndaşa olan biganəliyin acı nəticəsidir. Biz təmiz hava, yaşamaq üçün uyğun şərait və normal infrastruktur istəyirik – bu, əlavə rahatlıq deyil, haqqımızdır.
Bu vəziyyət təkcə bir kəndin yox, bütöv bir idarəetmə mexanizminin aynasıdır. Əgər bu zibil yığını aylarla göz önündə qala bilirsə, deməli, məsələ sadəcə tullantı deyil — bu, səhlənkarlığın, laqeydliyin və məsuliyyətsizliyin qatılaşıb daşa döndüyü bir mənzərədir. İndi cavab verməli olan biz yox, sizsiniz — səlahiyyət sahibləri. Ya bu biabırçılığa son qoyun, ya da etiraf edin: idarə edə bilmirsiniz.
Elşad FƏRMANOĞLU
https://www.youtube.com/watch?v=RdO1iUZGVoU