14 Avqust 2025 / 11:01

Husilər Təl-Əviv hava limanına raket hücumu təşkil etdiyini bildiriblər

“Ənsar Allah” hərəkatının yəmənli husi üsyançıları Təl-Əvivin Ben Qurion hava limanına yeni hücum təşkil etdiklərini bildiriblər.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanat üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın Telegram kanalında yerləşdirilib.

Məlumata görə, hücum hipersəs ballistik raketdən istifadə edilməklə həyata keçirilib. “Əməliyyat məqsədinə nail olunduğu”, “hava limanının fəaliyyətinin dayandırıldığı” iddia edilir.

Bəyanatda qeyd olunur ki, “Ənsar Allah” hərəkatı “Qəzza zolağında baş verənləri izləyir” və İsrail qüvvələri tərəfindən işğalına icazə verməyəcək. Husilər əmin ediblər ki, onlar İsrail tərəfindən anklav sakinlərinə qarşı “təcavüz” dayandırılana qədər Fələstin xalqını dəstəkləməyə davam etmək niyyətindədirlər.

İsrail ordusunun mətbuat xidməti daha əvvəl Yəməndən atılan raketin tutulması barədə məlumat vermişdi.

2023-cü ildə Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər İsrail ərazilərini hədəf alacaqları və onlara bağlı gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq ediblər. Hücumlar bu il yanvarın ortalarında Fələstin anklavında atəşkəs elan edildikdən sonra dayandırılıb, lakin martın əvvəlində atəşkəs pozulduqdan sonra üsyançılar Qırmızı dənizdə İsrail gəmilərinə hücumların bərpa olunduğunu elan edib, sonra isə yenidən yəhudi dövlətindəki hədəflərə hücum etməyə cəhd göstərməyə başlayıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!