27 Fevral 2024 / 07:22

İSVEÇİN NATO-YA QOŞULMASI RUSİYANIN “XOŞUNA GƏLMƏYƏCƏK”

İsveçin baş naziri Ulf Kristersson Stokholmun NATO-ya qoşulmasının Rusiyanın “xoşuna gəlməyəcəyini” bildirib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini CNN sitat gətirir.

“Rusiyaya gəldikdə, əminliklə gözləyə biləcəyimiz yeganə şey odur ki, İsveçin NATO-ya üzv olması onların xoşuna gəlməyəcək. Onlar həmçinin Finlandiyanın NATO-ya üzv olmasını xoşlamırdılar”, – Kristersson bildirib.

Onun fikrincə, “Rusiyanın NATO-nun genişlənməsini məhdudlaşdırmaq ambisiyaları əks-nəticə verdi”.

“İsveç 200 illik bitərəfliyi və bloklara qoşulmamağı geridə qoyur. Bu, böyük bir addımdır və ciddi qəbul edilməlidir, eyni zamanda bizim atdığımız çox təbii bir addımdır. NATO-ya üzvlük o deməkdir ki, biz indi daha çox demokratiyaya qayıdırıq”, – İsveçin baş naziri bildirib.

Bundan əvvəl Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edib. Sənədin təsdiqinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.

Bir neçə aylıq gecikmədən sonra Macarıstan alyansın 31 üzvü arasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə oldu.

Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.

​​​​​​​​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!