Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vətən müharibəsindən uzun zaman keçib. Buna baxmayaraq, erməni işğalçılarının mina terroru hələ də davam edir. 2020-ci ilin noyabrından 2025-ci ilin əvvəlinədək baş verən mina hadisələrinin qurbanlarının sayı 382 nəfərdir. Onlardan 70-i həlak olub, 312-si isə xəsarət alıb. İki gün öncə isə daha bir nəfər mina terrorunun qurbanı oldu…
***
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 1971-ci il təvəllüdlü Baharlı qəsəbəsində məskunlaşmış İsmayılbəyli kənd sakini Əhmədov Səyyaf Fiqan oğlunun minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olduğu bildirildi.

Səyyaf Əhmədovun (“Xanı” ləqəbli ) həlak olması xəbəri hamı üçün ağır, çox üzücü bir xəbər oldu. Əfsanəvi kəşfiyyatçı, cəsur döyüşçü, ehtiyatda olan gizir Səyyaf Əhmədov həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub.
HAŞİYƏ: Səyyaf Əhmədovun vətən qarşısında xidmətləri dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyev tərəfindən 2 medal ilə təltif olunub: “Vətən uğrunda” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə. Həmçinin Müdafiə Nazirliyi tərəfindən 5 fərqli medala da layiq görülüb.
***
Adı dillər əzbəri olan kəşfiyyatçı dəfələrlə ağır yaralanıb, lakin döyüş yoldaşlarını tək buraxmayıb. İgid döyüşçünün başına ermənilər külli miqdarda pul qoyub və onu ələ keçirməyə çalışıblar. Müharibənin odundan keçsə də, alovundan yanmayan, namərd gülləsindən yaralansa da, ayağa qalxmağı, sağ qalmağı bacaran Səyyaf Əhmədovun həlak olması xəbərinə çoxları inana bilmirdi. Onlardan biri də 10 il onunla eyni məktəbdə, eyni sinifdə təhsil almış sinif yoldaşı, hazırda Azərbaycan Texniki Universitetin Xarici Dillər Kafedrasının baş müəllimi Fəxriyyə Abdullayevadır.

Fəxriyyə xanım gizir “Xanı” ilə bağlı xatirələrini Tezadlar.az-la bölüşüb:
“Heç vaxt ağlıma gəlməzdi ki, bir axşam sənin yoxluğunu düşünərək sənli xatirələrimi paylaşacam. Əziz qardaşım Səyyaf (Xanı), biz ən gözəl, ən qayğısız illərimizi birlikdə – məktəb illərimizdə yaşamışıq. Bizim kəndimizin sakinlərinin demək olar ki, hamısını bir-birinə qohumluq telləri bağlayırdı və insanlar bir-birinə çox isti, mehriban münasibət göstərirdi. Mən Səyyafla eyni ildə – 1978-ci il sentyabrın 1-də Ağdam rayonunun Pirzatlı kənd orta məktəbinin birinci sinfinə qədəm qoymuşam. Sinif müəllimimiz Nazilə müəllimə şagirdlərinə qarşı çox qayğıkeş, mehriban idi (İllər ötsə də Nazilə müəllimimizlə əlaqəni kəsməmişik və mümkün olduqca görüşüb həmsöhbət oluruq).

Sinifdəki şagirdlərin hər biri fəal idi, lakin öz çevikliyi ilə uşaqlar arasında ən çox diqqət çəkən isə əlbəttə ki, Səyyaf idi. O elə birinci sinifdən bu xarakterini büruzə vermişdi. “Xanı”nın həm də Allahın ona bəxş etdiyi çox gözəl səsi, ifaçılıq bacarığı var idi. Məktəbdə təşkil edilən bütün tədbirlərdə iştirak edərdi. Bədii özfəaliyyəti, tərbiyəsi, işgüzarlığı, ümumiyyətlə, bütün müsbət keyfiyyətləri ilə müəllimlərimizin sevimlisinə çevrilməyi bacarmışdı. Təhsil aldığımız dövrdə məktəbin sonuncu sinfində oxuyan şagirdlər ayrılıq zamanı bir-birini unutmaması üçün xatirə dəftəri tərtib edirdi. Həmin xatirə dəftərində sinif yoldaşlarına suallar ünvanlanar, bir-birinə ürək sözləri yazılardı. O zaman mənim xatirə dəftərimdə “Həyatda idealın?” sualına “Xanı”nın cavabı “Koroğlu” olmuşdu… Elə idealı türk xalqlarının əfsanəvi, mistik xalq qəhrəmanı Koroğlu olan Səyyaf da zamanı gəldikdə elin-obanın, xalqın, vətənin qəhrəmanına çevrildi, hamı onu sevdi, hörmət və ehtiram göstərdi. Onun taleyinə də düşmənə, ədalətsizliyə qarşı mübarizə aparmaq, döyüşmək və bu yolda dəfələrlə ağır sınaqlardan keçmək yazıldı.

Məktəbi bitirdikdən sonra çox gec-gec görüşə bilirdik sinif yoldaşlarımızla. Mən “Xanı”nı bir il sonra – 1989-cu il may ayının 25-də bizdən sonrakı 10-cu siniflərin son zəngində gördüm. Yenə də araya illər girdi. Hərəmiz bir tərəfdəydik: kimi ali məktəbdə təhsil alırdı, kimi hərbi xidmətdəydi… Daha sonra da alnımıza məcburi köçkünlük yazıldı. Hamı didərgin düşdü, rahat həyatımız tarimar oldu… Düz 31 illik fasilədən sonra bəzi sinif yoldaşlarımızın təşəbbüsü ilə əksəriyyətimiz bir araya gələ bildik. Bu illər ərzində itirdiklərimiz də vardı: sinif yoldaşımız Həsənov Eldar Vidadi oğlu şəhid olmuşdu. Beləliklə, 2019-cu ilin avqustun 11-də Ağdam rayonunun Quzanlı kəndində görüşdük. Sinif müəllimimiz də dəvətimizi qəbul edərək görüşə gəlmişdi. Elə bu görüşümüzün də ən böyük təşkilatçısı “Xanı” və onun çox dəyərli ailə üzvləri olmuşdu. Bütün günü həyat yoldaşı, oğlanları yanımızda oldu, geniş qəlbləri, qonaqpərvərlikləri ilə ətrafımızda pərvanəyə döndülər. Biz həmin gün uzun illər sonra unudulmayan bir gün yaşadıq…”.
F.Abdullayeva kövrək xatirələrini danışmağına davam edir:
– “Xanı” el-obamız köçkün düşdükdən sonra ailə qurmuşdu. İki oğul, iki qız övladı vardı. Qızları ali məktəbi bitiriblər. Oğlunun böyüyü ali təhsil alır, kiçik oğlu isə hələ 14 yaşındadır – həm orta məktəbdə oxuyur, həm də musiqi təhsili alır. Yalnız bir qız övladının toyunu gördü. Onun həyatı kimi, arzuları da yarım qaldı. Qoyub getdiyi övladları bundan sonra dövlətimizə, xalqımıza əmanətdir. Səyyaf tarixə bir çox adla imzasını qoyub gedən əsl QƏHRƏMANDIR: Gizir Xanı, Xan əmi, Murov qartalı, Əfsanəvi kəşfiyyatçı… Biz səninlə fəxr edirik, dəyərli eloğlum, sinif yoldaşım, qardaşım! Elə xatirə kitabçamda yazdığın kimi – biz səni heç vaxt unutmayacağıq!
Onu da deyim ki, bir neçə gündən sonra Beynəlxalq Müəllimlər Günü qeyd ediləcək. Hər il oktyabrın 4-də mənə zəng edərdi və gülə- gülə “İstədim müəllimə bacımı təbrik edim…”,- deyərdi… O qədər xoş sözlər söyləyərdi ki… Bu il də çox az qalmışdı həmin günə, onun telefon zəngini eşitməyimə… Lap az… Öyrəşdirmişdi bu bayram təbrikinə məni. Çox təəssüf, mən bir daha o zəngi, o səsi, o bayram təbrikini eşitməyəcəm…

***
Qeyd edək ki, ötən gün Ağdamda Səyyaf Əhmədovla vida mərasimi keçirilib və yaşadığı Birinci Baharlı qəsəbəsində cənazə namazı qılındıqdan sonra rayonun Üçoğlan kəndindəki “Eşq Abdal” qəbiristanlığında dəfn edilib. Allah rəhmət eləsin!
Y.Məmmədli