Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çin sualtı dəmir yolu tunelinin inşasını başa çatdırdı: 72 milyard dollarlıq nəhəng layihə
Çində Yantszı çayının altından keçən və uzunluğu 14 kilometrdən çox olan yüksəksürətli dəmir yolu tunelinin sualtı hissəsinin tikintisi yekunlaşıb.
Tezadlar.az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verir.
Yeni tunel Şanxaydakı Çunmin adasını Tszyansu əyalətindəki Taytsan şəhəri ilə birləşdirəcək. Bu infrastruktur ölkənin şərq bölgələrini mərkəzi hissə (o cümlədən Çendu şəhəri) ilə əlaqələndirən təxminən 2 min kilometrlik nəhəng yüksəksürətli xəttin bir hissəsi olacaq. Layihəyə yatırılan investisiyaların ümumi həcmi artıq 500 milyard yuanı (72 milyard dollardan çox) ötüb.
Xəttin ilin sonuna qədər tam istifadəyə verilməsi gözlənilir. Qatarlar saatda 350 km sürətlə hərəkət edə biləcək ki, bu da Çinin ən böyük şəhərləri arasındakı məsafəni əhəmiyyətli dərəcədə qısaldacaq.
Qeyd edək ki, Çin nəqliyyat infrastrukturunu, xüsusən də tunel tikintisi hesabına sürətlə genişləndirir. Bundan əvvəl ölkədə uzunluğu 22 kilometrdən çox olan və dünyanın ən uzun sürətli avtomobil yolu tuneli sayılan “Tyanşan Şenli” istifadəyə verilmişdi.