6 Mart 2026 / 08:26

İran niyə iflasa məhkumdur?- SİYASİ ŞƏRH

…Qərb dinə qarşı çıxmadı. Qərb dövlətin Tanrı adına danışmasına qarşı çıxdı. Avropa imanını itirdiyinə görə sekulyar olmadı.
Avropa milyonlarla insan itirdiyinə görə sekulyar oldu. Məsələn, mənim 22 ildir ki, yaşadığım İsveçrədə elə kontonlar var ki ikiyə bölünüb. Niyə? Protestantlar və katoliklər davamlı qırğınlardan sonra ərazini öz aralarında bölüblər: katoliklər bir tərəfdə məskunlaşıb, protestantlar digər tərəfdə. Və dinə söykənən bu bölücülük bütün Avropada vüsət alıb…
1618–1648-ci illərdə baş verən Otuzillik müharibə təxminən 8–10 milyon insanın ölümünə səbəb oldu. Alman torpaqlarının bəzi bölgələrində əhali üçdə bir azaldı. Şəhərlər dağıldı, kəndlər yandırıldı, iqtisadiyyat çökmüş vəziyyətə düşdü. Bu, sadəcə katoliklərlə protestantların mübahisəsi deyildi. Bu, dini həqiqətin dövlət gücü ilə tətbiq edilməsinin faciəsi idi.
Dövlət bir məzhəbin tərəfinə keçəndə mübahisə siyasət olmur, müqəddəs savaş olur. Müqəddəs savaşda kompromis olmur. Qarşı tərəf sadəcə siyasi rəqib deyil, “yanlış inanc”ın təcəssümüdür. Onu məğlub etmək kifayət etmir, onu məhv etmək “ilahi borc” sayılır.
Avropa bu həqiqəti qanla öyrəndi. Locke dedi: dövlət ruhu xilas etməz, hüququ qoruyar.
Montesquieu dedi: hakimiyyət bölünməsə, istibdad qaçılmazdır.
Voltaire dedi: fikir azadlığı olmadan tərəqqi mümkün deyil.
Sekulyarizm belə yarandı. Ateizm kimi yox, təhlükəsizlik mexanizmi kimi. Dövlətin müqəddəsləşməsinin qarşısını almaq üçün.
Çünki müqəddəsləşdirilmiş hakimiyyət tənqidə bağlanır. Tənqid bağlananda isə səhv böyüyür.
İran modeli və sistem məsələsi
İranda hakimiyyət dini legitimlik üzərində qurulub. Ali dini lider sadəcə mənəvi rəhbər deyil; o, dövlətin üzərində duran siyasi fiqurdur. Silahlı qüvvələrdən strateji qərarlara qədər sistem onun institutu ətrafında formalaşıb.
Burada əsas məsələ şəxsin dəyişməsi deyil. Məsələ sistemdir.
Əgər siyasi hakimiyyət ilahi mandat kimi təqdim olunursa, onu dəyişmək siyasi prosedur deyil, ideoloji mübarizə olur. Bu isə sistemi sərtləşdirir.
Qərb modeli deyir: hakimiyyət xalqdan gəlir və dəyişdirilə bilər.
Teokratik model deyir: hakimiyyət ilahi mənbəlidir və müqəddəsdir.
Bu iki model arasında struktur ziddiyyət var.
Din müqəddəs ola bilər. Dövlət ola bilməz.
Dövlət müqəddəsləşəndə onu tənqid edən şəxs siyasi müxalif yox, “dini təhlükə” kimi təqdim olunur. Bu isə cəmiyyəti sərtləşdirir, dialoqu bağlayır.
Qərbin sekulyar modeli ideal deyil. Amma o, bir dərsdən doğub: dinlə silahlanmış dövlət təhlükəlidir.
Tarix göstərir ki, sistem dəyişmədən lider dəyişikliyi dərin transformasiya yaratmır.
Hakimiyyət nə qədər müqəddəsləşirsə, dəyişməsi bir o qədər çətinləşir.
Elbəyi Həsənli,
İsveçrə- Sürix
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!