Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Tehran sakinləri üçün sığınacaq kimi 300-dən çox yeraltı məkan, o cümlədən dayanacaqlar və metro stansiyaları istifadə olunacaq.
Tezadlar.az xəbər verir ki, Tehranın Böhranların İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsirinin sözlərinə görə, sığınacaqların tutumu təxminən 2,5 milyon nəfər olacaq.
O bildirib ki, 82 metro stansiyası sığınacaq kimi təyin edilib və artıq təchiz olunub, onlar haqqında lövhələr və məlumatlar tezliklə quraşdırılacaq.
“Lazımi prosedurlar başa çatdıqdan və icazələr alındıqdan sonra təxminən 2,5 milyon nəfərlik tutumlu sığınacaqlar yaradılacaq”, – deyə rəsmi bildirib.
26 yanvarda ABŞ prezidenti Donald Tramp “böyük bir ordu”nun İrana doğru irəlilədiyini bəyan etdi. O, Tehranın danışıqlar masasına oturacağına və nüvə silahlarından tamamilə imtina etməyi də əhatə edən “ədalətli və bərabər” bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirdi. Amerika lideri xatırladıb ki, 2025-ci ilin iyun ayında ABŞ İslam Respublikasındakı nüvə obyektlərinə zərbə endirib və bu addım “Gecəyarısı Çəkic Əməliyyatı” (Midnight Hammer) adlandırılıb. O, “növbəti hücumun daha da pis olacağı” barədə xəbərdarlıq edərək, “bunun baş verməsinin qarşısını almağa” çağırıb.
Tehran Trampın sözlərinə İrana qarşı hər hansı bir təcavüz halında ABŞ-ın və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunu təhdid etməklə cavab verib. 28 yanvarda İranın xarici işlər naziri Abbas Əraqçi İranın danışıqlara hazır olduğunu, lakin danışıqların ABŞ-dan “təhdid və qorxutma olmadan” keçirilməli olduğunu vurğulayıb.
Y.Məmmədli