Suriyada problemlərin həllinə doğru ciddi addımların atıldığını müşahidə edən İraq sərhəddə əsgər toplayaraq bütün fanatları bölgəyə yığır. Görünür Kufə öz tarixi xislətinə sadiq qalmaqda israrlıdır. Yenə satqınlıq, xəyanət və namərdlik üçün darıxır.
Tezadlar.az xəbər verir ki, bu fikirləri
ilahiyyatçı, yazar, MCP-nin sədr müavini Tural İrfan bildirib.
Onun sözlərinə görə, İraqın Suriyanın üzərinə qalxması şübhə yoxdur ki, İranın təsirilədir:
“Suriyada vəziyyətin qarışması Türkiyə üçün pisdir. Türkiyə üçün pis olan hadisələr isə öz növbəsində Azərbaycan üçün arzuedilməzdir.
Hazırki proseslər onu göstərir ki, indən belə müharibələr də ənənəvi şəkildə aparılmayacaq. Venesuelaya qarşı məlum hadisələr ABŞ-ın müdaxilə metodunun dəyişdiyini göstərir.
Hamı gözləyir ki, ABŞ və ya İsrail İrana İraq və ya Əfqanıstan kimi müdaxilə edəcək. Əslində bu belə olmayacaq. Həmçinin 12 günlük İsrail – İran müharibəsi bir sınaq və təcrübə idi. ABŞ liderinin çətin proqnozlaşdırılan açıqlamaları və hazırki siyasi proseslər onu göstərir ki, İranla bağlı məsələ tam fərqli və təəccüb doğuracaq üsulda həll olunacaq.
Çünki İran Əfqanıstan, İraq və Venesueladan fərqli ölkədir. Rejim də tam fərqlidir. Məhz bu fərqlilik hərbi, siyasi müdaxilənin də fərqli olmasını şərtləndirir. Əgər bu fərq düşünülməyib, İrana hücum İraqa hücum kimi ediləcəksə bu, misli görünməmiş mənfi nəticələrə və uzunmüddətli müharibəyə səbəb ola bilər. Əsasən iqtisadi gəlirləri, maliyyə mənbələrini nəzərə alan Tramp administrasiyasının böyük donanmasının İran ətrafına toplaşması xərc deməkdir. Demək bütün ehtimallar nəzərə alınıb, müdaxilə qaçılmaz olacaq. Amma əvvəlkilərdən tam fərqli və qısamüddətli”.