2 Avqust 2025 / 19:11

İsrail işğalı davam etdikcə HƏMAS silahını yerə qoymayacaq

Fələstin HƏMAS hərəkatı İsrail işğalının davam etdiyi və Fələstin xalqının hüquqlarının tam bərpa olunmadığı müddətcə tərksilah etməyəcəyini bir daha təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə HƏMAS-ın silahı yerə qoymağa hazır olması ilə bağlı “bəzi KİV-lərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffa istinadən xəbərlər”lə bağlı hərəkatın rəsmi Telegram kanalında dərc olunmuş bəyanatda deyilir.

“Bir daha bildiririk ki, müqavimət və onun silahları işğal davam etdiyi müddətcə milli və qanuni hüquqdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalar tərəfindən tanınır və milli hüquqlarımız, ilk növbədə paytaxtı Şərqi Qüdsdə olan tam suveren, müstəqil Fələstin dövləti qurmaq hüququ bərpa olunmayana qədər bundan imtina etmək olmaz”, – mətndə vurğulanır.

İyulun 27-də HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Haya anklavın blokadasının davam etməsi kontekstində İsraillə danışıqların mənasız olduğunu bəyan edib. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu radikalların anklavda atəşkəs təklifinə reaksiyası ilə əlaqədar iyulun 6-dan Qəzza münaqişəsinin nizamlanması üzrə danışıqların aparıldığı Dohadan nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Vitkoff, öz növbəsində, X-də yazır ki, Vaşinqton da “HƏMAS”ın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabdan sonra Dohadan danışıqlar aparanları geri çağırmaq qərarına gəlib. Öz növbəsində, Fələstin radikalları Vitkoffun belə bir qiymətləndirməsi ilə razılaşmadıqlarını bildirdilər və digər vasitəçilərin guya “göstərilən cavabı bəyəndiklərini və onu konstruktiv adlandırdıqlarını” elan etdilər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!