9 Aprel 2026 / 13:59

İtaət edilən Kim Çen In-i necə tanıyırıq?

Kim Çen In 1984-cü il yanvar ayının 8-də Şimali Koreyanın Vonsan şəhərində anadan olmuşdur. O, 1948-ci ildən 1994-cü ilədək Şimali Koreyanın qurucusu və ilk lideri olan Kim İr Senin nəvəsi, 1994-cü ildən 2011-ci ilədək isə ölkənin lideri olan Kim Çen İrin üçüncü övladıdır. O, atasının üçüncü həyat yoldaşından doğulub. 2004-cü ildə vəfat edən anası Ko Young-hee yapon-koreya əsilli rəqqasə idi. 

Sirlərlə zəngin uşaqlıq illəri…

Digər məlumata əsasən, Kim Çen In Bern şəhərində yerləşən Lebefeld məktəbində saxta pasportla təhsil alıb. Onun Qərb mədəniyyətinin təsirinə düşməməsi üçün isə məktəbdən sonrakı vaxtının koreyalı rəsmilərlə keçirmişdir. Lakin buna baxmayaraq, onu tanıyan məktəb yoldaşlarına görə Kim Çen İn kompüter oyunlarına, basketbol və idman geyimlərinə maraq göstərirdi.

Uşaqlıq illərində Kim Çen Inın kimliyi üstüörtülü şəkildə saxlanılmaqla “Pak In” adı ilə tanınıb.

Ali Lider olaraq yüksəlişi

Əslində Kim Çen İnin yerinə digər iki qardaşından birinin – ya Kim Çen Çxol, ya da Kim Çen Namın keçməsi gözlənilirdi. Amma Kim Çen Nam 2001-ci ildə saxta pasportla Yaponiyada Disneylanda gedərkən ələ keçdi. Kim Çen Çxolun isə homoseksual olması Çen Inın hakimiyyətə yolunu açdı. Beləliklə, Kim Çen İn 2011-ci il dekabrın 17-də atası Kim Çen İrin vəfat etməsi ilə hakimiyyətə gəldi.

Bir çoxları gənc lideri həddən artıq yumşaq hesab edərək tez devriləcəyini və ya daha nüfuzlu bir dayının əlində kukla rolunu oynayacağını proqnozlaşdırsalar da, nəticə belə olmadı. Kim Çen İn “millətin sevimli atası” imicini yaradaraq hakimiyyəti qoruyub saxlamaqla yanaşı, o, eyni zamanda ölkəsinin mövqeyini xeyli gücləndirmiş və üç dəfə nüvə bombasını sınaqdan keçirtmişdir. Onun liderlik tərzi avtoritarizm və şəxsiyyətə pərəstişin birləşməsi ilə əlamətdardır.

Bir çox ölklərdə o, dünyanın ən qeyri-adi liderlərindən biri hesab olunur. Təbii ki, onun belə adlandırılmasının bir çox səbəbləri var.

Hər kəsə məlumdur ki, Şimali Koreya dünyanın ən qapalı ölkələrindən biri hesab edilir. Ölkənin içərisində baş verən hadisələr, idarəetmə sistemi, hətta ölkənin lideri haqqında belə məlumat çox azdır. Əldə edilən məlumatlar isə KXDR-nın dövlət mətbuatından, Cənubi Koreya və ABŞ-ın kəşfiyyat xidmətlərindən gəlir.

Belə ki, Şimali Koreyanın hazırkı liderinin doğum tarixi KXDR-nin rəsmi saytlarında 8 yanvar 1982-ci il göstərilsə də, onun 1983 və ya 1984-cü ildə doğulduğu belə düşünülür.

 Kim Çen Inın Nüvə siyasəti

Kim Çen Inın nüvə silahına can atması və Şimali Koreyanın davamlı təcrid olunması qlobal siyasətdə kritik məsələlərdəndir. Sözügedən rejim bir sıra nüvə sınaqları və raket buraxılışları həyata keçirərək beynəlxalq qınaq hədəfinə çevrilib və sanksiyalara məruz qalıb. Bu hərəkətlər regionda gərginliyi artırıb və nüvə münaqişəsi potensialı ilə bağlı narahatlıqları artırıb. Lakin Kim Çen In hər dəfə öz çıxışlarında ölkəsinin nüvə proqramını xarici təhdidlərin, xüsusən də ABŞ-ın qarşısının alınması vasitəsi kimi müdafiə etdiyini, buna görə də geri addım atmayacağını bildirmişdir. Məhz bu səbəbdəndir ki, ölkədə nüvə silahının sayı hər il artmaqda davam edir.

Qadağaları ilə seçilən ölkə

 Şimali Koreyada insanlara çox şeylər etməyi icazə vermirlər. Onlardan əsasları bunlardır:

  1. Xaricdə istirahət

Nəinki xaricdə istirahətə, heç adicə qonşu ölkələrə keçməyə də icazə yoxdur. İnsanlar tam qapalı şəraitdə saxlanılır. Daha çox Çinə qaçmaq imkanı var. Amma bu ölkənin Şimali Koreya ilə qonşu kəndlərində adamlar koreyalıları tutub, pul müqabilində geri vətəninə qaytarırlar.

  1. İdman avtomobilləri

Sıravi koreyalının adi avtomobili də olmur. Bir neçə vəzifə adamı özünə bu lüksü rəva görə bilər. Heç kimin idman avtomobili yoxdur.

  1. “Apple”

Yerli əhali yüksək texnologiya cihazlarından istifadə edə bilmir. Koreyalıların “Apple” məhsullarından da xəbəri yoxdur. Şimali Koreya öz planşetlərini istehsal etməyə hazırlaşır.

  1. Konsertə bilet

Xarici musiqi qruplarını ölkəyə buraxmırlar. Axırıncı dəfə 2015-ci ildə Sloveniyadan “Laibach” gəlmişdi.

  1. Wi-Fi və beynəlxalq telefon əlaqəsi

Şimali Koreya mənbələri ölkədə 1 milyon insanın mobil telefondan istifadə etdiyini bildirirlər. İnandırıcı deyil. Ölkədə xeyli adamın “Wi-Fi” şəbəkəsindən xəbəri yoxdur. Beynəlxalq telefon əlaqəsini isə heç kim ağlına da gətirmir.

  1. Qərb jurnalları

Şimali Koreyada Qərb mətbuatını oxuya bilmirlər. Yerli mətbuatda isə yalnız Çuçxe ideyaları təbliğ olunur.

  1. Kabel televiziyası

Ölkədə 4 rəsmi telekanal var. Hamısı hakimiyyətə xidmət edir. Ciddi senzura ilə fəaliyyət göstərirlər.

  1. “Starbucks”

Söhbət təkcə “Starbucks”dan getmir. Qərbdən gələn hər şeyə qadağa var. Qida sektorunda da. Yerli “Ryongwang” şəbəkəsi populyardır.

  1. Yeni il yolkası

Şimali Koreya rəsmi ateist ölkədir. Heç kimin evində Yeni il yolkası yoxdur.

  1. Dizayn olunmuş ayaqqabı

Burada dəblə ayaqlaşmaq mövzusu müzakirə olunmur. Yəni kim nə tapırsa, onu da geyinir. Yalnız Çinlə sərhəd rayonlarda qadınlar yüksəkdabanlı ayaqqabılar əldə edə bilir.

  1. Mülkiyyət

Koreyalıların hər şeyi hökumətindir. Şəxsi eviniz də ola bilməz.

  1. Qadın bezləri

Şimali Koreyada qadınların işi lap çətindir. Gigiyenaya diqqət yetirmək üçün vasitələr yoxdur.

  1. Saç düzümü

Qadınlara 18, kişilərə 15 saç formasından istifadəyə icazə verilib. Ölkə lideri Kim Çen In şəxsən özü bu məsələyə diqqət yetirir.

  1. “Coca-cola”

Koreyalılar bu içkinin də dadına baxa bilmirlər. Ümumiyyətlə,  Şimali Koreyanın öz içkiləri daha çox istifadə olunur. Alternativ olmadığına görə.

  1. Qərb modası

Qərb mədəniyyətinə qarşı ciddi mübarizə gedir. Məsələn, ölkəyə cins gətirilməsinə imkan verilmir.

  1. Şəhərlərarası səyahət

Şimali koreyalılar bir şəhərdən digər şəhərə getmək üçün icazə almalıdırlar.

  1. Xaricə səyahət

Xaricə səyahət yalnız dövlətin seçdiyi şəxslərə ciddi nəzarət altında mümkündür.

  1. Xarici internet və sosial media

Tamamilə bağlıdır. Google, Yootube, İnstagram yoxdur. Sadəcə dövlətin yaratdığı internet var ki, o da filtrlidir.

  1. Cins şalvar

Cins şalvar “İmperialist simvol” sayıldığından 1990-cı illərdən bəri qadağandır.

  1. Cənubi Koreya mediası

Ciddi cəzalarla nəticələnə bilər. K-pop dinləmək, Cənubi Koreya serialı izləmək həbs səbəbidir.

  1. Milli Matəmdə gülümsəmək

Kim İr Sen və Kim Çen İr-in anım günlərində gülümsəmək, əylənmək, musiqi dinləmək hörmətsizlik sayılır.

Ziddiyyətləri ilə seçilən Lider

Kim Çen Inın rəhbərliyi bir sıra ziddiyyətlərlə yadda qalır. Bir tərəfdən o, xalqı üzərində ciddi nəzarət rejimi tətbiq edən amansız diktator kimi təsvir olunur. Hətta Şimali Koreyanın insan haqları vəziyyəti beynəlxalq təşkilatlar tərəfindən siyasi repressiya, əmək düşərgələri və digər pozuntularla bağlı iddialarla geniş şəkildə tənqid edilib.

Digər tərəfdən isə Kim Çen In müasirlik və iqtisadi inkişaf imicini də nümayiş etdirməyə çalışıbr. Onun rəhbərliyi altında məhdud iqtisadi islahatlar aparılır, infrastrukturun inkişafına, o cümlədən paytaxt Pxenyanda dəbdəbəli obyektlərin tikintisinə diqqət yetirilir. O, həmçinin Cənubi Koreya prezidenti Mun Jae-in (2017-2022) və ABŞ prezidenti Donald Tramp (2017-2021) ilə sammit görüşləri kimi beynəlxalq diqqəti cəlb edən yüksək səviyyəli diplomatik addımlar atıb.

Kim Çen Inın müəmmalarla dolu şəxsi həyatı

Kim Çen Inın şəxsi həyatı sirr olaraq qalır. Lakin 2012-ci ilin iyul ayında Şimali Koreya telekanalları Kim Çen Inın Li Sol Ju ilə evləndiyini açıqladı. Ancaq Kim və Rinin dəqiq nə vaxt evləndikləri bilinmir. Bəzi mənbələrə görə Kim Çen İn və Li Sol Ju 2009-cu ildə nikaha daxil olublar. Digər mənbələrdə isə cütlüyün 2010-cu ildə klassik musiqi konsertində tanış olduğu qeyd edilib.

Li Sol Junun Kim Çen Indan əvvəlki həyatı tamamilə sirlərlə doludur. Belə ki, Cənubi Koreya mənbələrinə əsasən, Li Sol Ju Çində musiqi təhsili alıb və keçmiş müğənni olub.

O, qısa saçları, gözəlliyi, bahalı və dəbli geyimləri ilə dəfələrlə ictimaiyyətdə görünərək dünya mediasının diqqətini öz üzərinə çəkməyi bacarsa da,  lakin barəsində məlumatlar gizli saxlanılır.

Cənubi Koreya mənbələrində Kim Çen In və Li Sol Junun bu evlilikdən üç övladı var. Beynəlxalq mənbələrdə, övladlardan ilkinin oğlan, ikincinin qız olduğu və üçüncünün isə cinsiyyətinin gizli saxlanıldığı bildirilir.

Bəzi mənbələrdə, Kim Çen Inın həyat yoldaşının təsiri altında bəzi qadağaları yumşaldaraq qadınların xarici görünüşcə dəyişməsinə imkan verib. Artıq onlara şalvarlı kostyumlar, qara kalqotkalar, platformalı və dabanlı ayaqqabı geyinməyə icazə verilib, eləcə də qadınların velosipedlə hərəkətinə olan qadağa da ləğv edilib.

Ümumilikdə, rejim Kim Çen Inın şəxsi həyatı ilə bağlı məlumatlara nəzarət edir, bu da kənar şəxslərin faktları təsdiqləməsini və ya şayiələr yaymasını, demək olar ki, qeyri-mümkün edir.  Səbəb isə rejimin həmişə öz liderlərinə qarşı son dərəcə ehtiyatlı davranmasıdır.

Kim Çen Inın gələcəkdəki hakimiyyətə hazırladığı qızı Kim Joo Ae

Kim Çen Inın qızı Kim Joo Ae Pxenyanda evdə təhsil alır. Onun hobbilərinə at sürmək, üzgüçülük və xizək sürmək daxildir.

Cənubi Koreya mediası yüksək vəzifəli hökumət məmuruna istinadən bildirib ki, Kim Joo Ae artıq generallardan təlimat alır və bəzi hallarda əmrlər verir.

Bu vəzifəyə təyinat onu Koreya Xalq Ordusunun komandanlığını gələcəkdə öz üzərinə götürməyə hazırlamaq məqsədi daşıyır.

Uzun müddətdir Kim Joo Ae Kim Çen Inı ictimai tədbirlərdə, o cümlədən, raket sınaq mərkəzlərində müşayiət edir.

Analitiklər bu addımın sülalənin kişi varislərə üstünlük verən ənənəsindən tarixi bir uzaqlaşma olduğunu bildirir.

Kim Çen Inın gələcəyə baxş taktikası

Kim Çen İnin apardığı siyasət nüvə silahlarının davamlı inkişafı, kosmik peyklərin buraxılması, iqtisadi islahatlar və Çin Xalq Respublikası ilə dostluq münasibətlərinin inkişafı, o cümlədən də  Cənubi Koreya və Qərb ölkələri ilə münasibətlərin dalğalanması ilə diqqət çəkir.

Bununla yanaşı Kim Çen Inın hakimiyyətə gəlişi, o cümlədən Ali Lider kimi fəaliyyəti məxfilik, ziddiyyətlər və mürəkkəb çağırışlarla yadda qalıb.  Dünya heç vaxt Kim Çen Inın sirrini tam aça bilməsə də, onun rəhbərliyi və rejiminin hərəkətləri Koreya yarımadasının və bütövlükdə dünyanın geosiyasətini formalaşdırmağa davam edəcək.

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!