Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nərmin Mənsimova: “Prezident İlham Əliyevin çıxışlarını, xarici jurnalistlərə verdiyi sanballı müsahibələri sosial şəbəkələrdə yayırdıq və italyanlar təərəfindən maraqla qarşılanırdı”

Bu gün xaricdə təhsil alan və işləyən gənclərimiz yetərincədir. Onların əksəriyyəti oxuduğu və yaşadığı ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasında böyük işlər görürlər. Belə gənclərdən biri də Mənsimova Nərmin Faiq qızıdır.
Nərmin xanım Bakıda Qafqaz Universitetini bitirdikdən sonra İtaliyanın Parma Universitetini Magistr üzrə oxuyub. Təhsilini başa vurduqdan sonra bilik və bacarığını nəzərə alıb İtaliyanın Parma şəhərindəki məşhur şirkətlərdən biri Nərmin xanımı işləməyə dəvət edib. Artıq 8 ilə yaxındır N.Mənsimova həmin şirkətdə biznesin analizi üzrə mütəxəssis kimi çalışır. İtalyan, ingilis və rus dillərini mükəmməl bilir.
Necə deyərlər, Nərmin xanım hazır diplomatdır. Atası tanınmış vəkil Faiq Mənsimovdan öyrəndim ki, Nərmin məzuniyyətə gəlib. Fürsətdən istifadə edib gənc, vətənpərvər qızı redaksiyamıza dəvət etdim. Eşitmişdim ki, yaşadığı Parma şəhərində Azərbaycan adını qürurla yaşadır, Qarabağ haqqında erməni yalanlarını tarixi faktlarla sübut edir. Elə redaksiyamızda olarkən, baş redaktor Asif Mərzili də olmaqla, üçlükdə həm bu, həm də digər məsələlərlə bağlı Nərmin xanımla xeyli maraqlı söhbət etdik. Həmin söhbəti istəkli oxucularımızın da diqqətinə təqdim edirəm:
– Nərmin xanım, Vətənə xoş gəlmisən…
– Dəvət üçün təşəkkür edirəm. Çox sağ olun!

– Əlbəttə, səni redaksiyamızda salamlamaq bizə çox xoşdur. Sən İtaliyadan müvəqqəti olaraq öz Vətəninə gəlmisən. Hələlik burdasan və qısa müddətdən sonra yenə qayıdacaqsan. Sən burada ali təhsil alandan sonra magistraturanı İtaliyanın Parma Universitetində oxumusan. İndi də qurtarandan sonra neçə illərdir orada işləyirsən. Bizim üçün çox maraqlı gəlir ki, İtaliyada azərbaycanlı, özü də gənc bir qız necə bacarır, necə işləyir? Orada səni başa düşürlərmi, kənardan gələn bir xarici vətəndaş kimi problem olmur ki? Bax bu barədə sənin və digər azərbaycanlı tələbələrin, həmçinin soydaşlarımızın orada yaşam tərzi necədir, italyanlarla anlaşırlarmı? Bütün bunlar barədə istəyərdim sənin fikrini bilim.
– Çox sağ olun! Mənimlə belə maraqlandığınıza görə minnətdaram. Məndə, əslində, adaptasiya problemi olmadı. Bəlkə də öz xarakterim elədir ki, hər yerə yaxşı adaptasiya ola bilirəm. Amerikaya 3 aylıq kurs oxumağa gedəndə də heç bir problemim olmadı. Tanışlarımın çoxu adaptasiya ola bilmirdilər, qalmaq istəmirdilər. İtaliyada da çox tanışım var, hansı ki, geri qayıdırlar, qalmaq istəmirlər.
– Görünür sən onlardan bir az iradəli çıxmısan. Həm də dil öyrənməyə yəqin problemin olmayıb. Hansı dilləri bilirsən?
– Mən İtaliyaya təzə gedəndə, ancaq ingilis dilində danışırdım. İtalyanların çoxusu heç ingilis dilini bilmirlər. Bu cəhətdən bir az geridə qalıblar. Bizdə məsələn, bank işçisi mütləq rus dilini, ingilis dilini bilməlidir ki, bankda işləyə biləsən. Banka hər millətdən olan insan müraciət edə bilər. Amma italyanların inanın ki, heç vecinə deyil, ancaq italyan dilini bilməklə kifayətlənirlər. İngilis dili onları elə də maraqlandırmır. Məsələn, mən bank hesabı açdırmaq üçün transleyşndən tərcümə edə-edə, nə qədər əziyyətlə özümə hesab açdırmışam. O boyda bankda bir nəfər də olsun ingilis dilini bilən yox idi. Bu baxımdan məncə, çox geridədirlər.
-Amma deyəsən, sən italyan dilini tez öyrəndin, eləmi?

-Yox, mən dili tez öyrənmədim. Hardasa, 2-3 il əziyyət çəkdim. Bir az çətindi italyan dili. Həm də mən universitetdə ingilis dilində oxuyurdum deyə, danışmırdıq heç italyan dilində, istifadə eləmirdik. Tələbə dostlarım da hamısı başqa Avropa ölkələrindən gəlmişdilər. Hardasa, sinfin, əslində, 60 faizi italyanlar idi, onlar da bizimlə ingilis dilində danışırdılar. Çünki dərsdə ingilis dilində danışmağa məcbur idilər. Ondan sonra italyan dili kursuna getdim. Orada dövlət xaricilər üçün pulsuz kurslar təşkil edirdi. Dərsdən sonra ora gedib dil öyrənə bilərsən. O da, ancaq qramatika idi. Bir saata, əslində, heç nə öyrənə bilmirsən, amma qramatikanı öyrənirsən. Sonra işləməyə başlayandan sonra danışa-danışa, gündəlik işləyə-işləyə öyrəndim italyan dilini. Ondan əvvəl bir az çətin idi.
-Yəni sən bu gün italyan dilində sərbəst danışıb, tərcümə eləyib, hər şey edə bilirsən. Çox gözəl, ingilis dilində də, həmçinin sərbəst bilirsən. Bayaq dediyim o suala yenə qayıdıram. Oradakı azərbaycanlıların fəaliyyəti barədə məlumat verməyini istəyirəm. Orada bizim gənclərimiz özlərini necə aparırlar? Azərbaycan həqiqətlərini orada necə yayılması və Azərbaycanın əleyhinə orda nəsə olarsa, hansısa tədbirlər, aksiyalar, nə bilim yazılarlamı, italyan mətbuatında bizimlə bağlı yazılar barədə… Bilmək maraqlı olardı. Çünki sən orada yaşayırsan 1 il deyil, 2 il deyil, 7-8 ildir ki, orada yaşayırsan. Bunlar barədə bir az məlumat versən yaxşı olardı.
– Əslində, bizim Parma şəhərində diaspora fəaliyyət göstərir və orada tanışlarım da var. Hərdən tədbirlər olur. İtaliyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar gəlib iştirak edirlər. Biz çox vaxt onlarla ekskursiyaya gedirik. Belə olanda Azərbaycanın adından gedirik. Tədbirlər çox olur. Amma yaşadığım Parma şəhərində çox az azərbaycanlı var. Hal-hazırda 2-3 nəfərik. Hərdən bir tələbə gəlir-gedir, 1-2 nəfər. Amma daimi orada 2 nəfərik. Amma bildiyim qədər, Romada çox azərbaycanlı var. İndi bilmirəm orda diaspora necədir, necə təbliğ edirlər. O barədə çox da məlumatım yoxdur.

– Deyirsən ki, yaşadığın şəhərdə azərbaycanlı azdır. Bəs orda italyan mətbuatında Azərbaycan haqqında yazılanlardan məlumatın olurmu, izləyə bilirsənmi ki, haqqımızda nə yazırlar? Azərbaycan həqiqətləri barədə düzgünmü, ya səhvmi yazırlar? Qarabağ həqiqətləri bilirsən ki, bütün dünyada bu dəqiqə yayılır… Amma ermənilərin həm milyarderləri, həm diasporası, bir sözlə, hamısı yalan, saxta bir tarix düzəldib onu təbliğ edirlər və buna italyanlar inanırlarmı? Və yaxud, azərbaycanlılara qarşı hansısa bir aksiya keçirirlərmi ki, məsələn, bax, bunu düz eləmirlər, “artsax” deyib meydana çıxırlar bəzən. Qarabağa “artsax” deyirlər. Bunlar barədə, bir gənc olaraq, məlumatın varmı?
– Bildiyim qədəri ilə politik olaraq italyanlar bizə dəstəkdirlər. Amma görürəm ki, çox italyan hələ də onlara inanır, elə bilirlər ki, ermənilər yazıqdır, biz onları incidirik, biz güclüyük, biz əzirik onları, elə fikirləşirlər. İşğal dövründə də elə fikiləşirdilər. Guya biz onları işğal eləmişik. Yəqin ki, təbliğatı güclü aparıblar, mediada da çox paylaşımlar ediblər. Mən nəsə olanda izah edirəm italyanlara ki, bu belədir, ermənilərin saxta məlumatlarına inanmayın və s.. Amma bilmirsən ki, sənə inandı, ya inanmadı.
– Hər halda, deməyin özü yaxşıdır. Yəni, sən ondan çəkinmirsən, izahını verirsən. Bu sənin Vətənindir, sənin Vətənin haqqında düzgün olmayan informasiya gedir. Təbii ki, bir azərbaycanlı kimi, sənə də təsir edər ki, niyə mənim Vətənim haqqında yanlış məlumat olsun. Bu yöndə indi hansısa bir tədbirləriniz olurmu? Orada onların xeyir-şərində, italyanlarla bir yerdə siz də iştirak edirsinizmi? Onlarla da işləyirsiz bir yerdə, qaynayıb-qarışmısnız. Onların xeyrində, şərində, nəsə də düşəndə, ad günlərində iştirak edəndə yəqin belə söhbətlər də olur.
(Davamı var)
Həmsöhbət oldu:
Elçin MƏMMƏDLİ