Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ hökuməti rus enerji nəhəngi “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu bütün törəmə şirkətlərinə maliyyə sanksiyaları tətbiq edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, sanksiya siyahısına daxil olan şirkətlərdən biri də Avstriyada qeydiyyatdan keçmiş LUKOIL International GmbH-dir. Məhz bu şirkət “Lukoil Georgia”nın 100%-lik sahibidir, buna görə də məhdudiyyətlər Gürcüstandakı törəmə şirkətə də şamil olunur. “Lukoil Georgia” Gürcüstan bazarında 2002-ci ildən fəaliyyət göstərir. 2024-cü ilin məlumatına əsasən, şirkətin təxminən 5 min əməkdaşı var. Onun balansında 23 öz, 27 icarəyə götürülmüş və 10 françayzinq əsaslı yanacaqdoldurma məntəqəsi mövcuddur. Bu məntəqələr Gürcüstanın bütün regionlarını əhatə edir. Məlumata görə, 2023-cü ilin sonunadək şirkətin birbaşa ana şirkəti “LITASCO SA”, son ana şirkəti isə “Lukoil” Açıq Səhmdar Cəmiyyəti olub. 2024-cü ilin sonuna isə “Lukoil Georgia”nın birbaşa sahibi LUKOIL International GmbH, son nəzarətçi tərəf isə yenə “Lukoil” ASC olaraq qalır. Gürcüstan Sahibkarlıq Reyestrinin 2025-ci ilin mart ayına olan məlumatına əsasən, şirkətin 100%-lik sahibi Avstriyada qeydiyyatdan keçmiş LUKOIL INTERNATIONAL GMBH MMC-dir. 2024-cü ildə “Lukoil Georgia”nın neft məhsulları, neft-kimya məhsulları və mağazalardan əldə etdiyi ümumi gəlir 766,3 milyon lari təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə xeyli artım deməkdir — 2023-cü ildə gəlir 485,6 milyon lari təşkil edib. Şirkətin xalis mənfəəti 35,5 milyon lari, uzunmüddətli aktivləri 23,8 milyon lari, öz kapitalı isə 63,9 milyon lari olub. Bundan əlavə, əməliyyat xərcləri 2024-cü ildə 7,47 milyon lari, 2023-cü ildə isə 5,87 milyon lari təşkil edib. Şirkətin bank hesablarındakı pul vəsaiti isə 43,3 milyon lari səviyyəsində olub. Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi iki əsas rus neft şirkəti — “Rosneft” və “Lukoil”in, eləcə də onların 34 törəmə müəssisəsinin sanksiya siyahısına daxil edildiyini açıqlayıb. Sanksiyaların məqsədi Rusiyanın enerji sektorundan gələn gəlirləri məhdudlaşdırmaq və onun beynəlxalq bazarlardakı təsir imkanlarını azaltmaqdır.