Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyun ayının 18-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, xalçaçı rəssam, müəllim, Əliyeva Mehriban Ceyhun qızının layihə rəhbəri Aygün Əzizovanın olduğu “Hər rəngdən bir dünya” adlı ilk fərdi yaradıcılıq sərgisi baş tutub.
Qeyd edək ki, ümumilikdə sərgidə rəssamın müxtəlif texnikalarda 25 əsəri sərgilənirdi.

Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd edib ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.
“2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edildi. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin də bu siyahıda yer alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır. Hər bir sənəti yaradanlar və yaşadanlar vardır tarix boyu. Xalçaçı rəssam Mehriban Əliyeva da minillik tarixi olan və ölkənin mədəni irsinin mühüm bir hissəsini təşkil edən qədim el sənətini yaşadanlardan, davamçılarındandır.
Mehriban xanımın əsərlərində azərbaycançılıq ideologiyası, Azərbaycan tarixinin dünəni, bu günü, gələcəyi, xalqın mübarizliyi öz əksini tapır. Mehriban xanım xalçaçılığın bütün qaydalarına düzgün əməl edərək müxtəlif texnikalarda gözəl əsərlər meydana gətirmişdir”, – deyə o vurğulayıb.
Sərgidə fəxri qonaq olaraq iştirak edən fəlsəfə doktoru, ADRA-nın müəllimi Rövşən Hacıyev, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, həmçinin Yeganə Telmanqızı, Nurağa Vəlizadə rəssamın əsərlərindən böyük zövq aldıqlarını bildiriblər və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda xalçaçı rəssam Mehriban Əliyeva Beynəlxalq Qalereya tərəfindən ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olunub və xatirə şəkilləri çəkilib.
Tədbir çay süfrəsi ətrafında davam etdirilib.
AYGÜN