Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Mart 2026 / 12:02

MƏNTIQI DÜŞÜNCƏYƏ SƏSLƏYƏN ALIM: DOSENT TOFIQ KAZIMOV–75

İnsan ömrü yalnız illərlə deyil, həm də faydalı əməlləri ilə, qurduğu sistemlərlə, yaratdığı əsərləri ilə, yetişdirdiyi kadrlarla, formalaşdırdığı elmi məktəblə ölçülür. 75 illik bir ömrün arxasında bütöv bir elmi istiqamətin, hesablama riyaziyyatının, proqram mühəndisliyinin, informasiya sistemlərinin, məntiq elminin, intellektual texnologiyaların inkişafına verilən töhfə dayanırsa, həmin ömür artıq fərdi taleyin sərhədlərini aşaraq milli elmi yaddaşın bir hissəsinə çevrilir. Görkəmli alim, ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Həsənağa oğlu Kazımov məhz belə ziyalılarımızdandır.

Riyaziyyatdan proqram mühəndisliyinə uzanan yol…

1951-ci ildə Bakının məşhur məhəllələrinin birində Həsənağa kişinin ailəsində ilk övlad kimi dünyaya gələn Tofiq Kazımovun orta məktəb təhsilindən sonrakı elmi yolu klassik riyaziyyat məktəbindən başlayır. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirməsi onun həm istedadının, həm də zəhmətsevərliyinin ilk rəsmi təsdiqi idi. Bu dövr SSRİ məkanında hesablama texnikasının sürətlə inkişaf etdiyi, riyaziyyatçıların kompüter texnologiyalarının əsas aparıcı qüvvəsinə çevrildiyi bir mərhələ idi.

Tofiq Kazımov gənc mütəxəssis kimi təyinatla ADU-nun hesablama mərkəzinə riyaziyyatçı-proqramçı kimi işə qəbul olunur. Riyaziyyatçı, kiçik elmi işçi, böyük mühəndis-proqramçı kimi vəzifələrdə çalışaraq həm nəzəri biliklərini, həm də tətbiqi bacarıqlarını dərinləşdirir. Bu illər onun elmi təfəkkürünün formalaşma dövrü idi. Elə həmin illərdə “Hesablama riyaziyyatı” ixtisası üzrə qiyabi aspiranturaya daxil olması təsadüfi deyildi. Dosent Fərhad Tağıyevin rəhbərliyi altında1982-ci ildə Kazan Dövlət Universitetində “Qarışıq tipli tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin həllinin sonlu fərqlər üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etməsi Onun klassik hesablama riyaziyyatı məktəbinə mənsub ciddi tədqiqatçı olduğunu göstərdi. Sonlu fərqlər üsulu kimi mürəkkəb riyazi aparatın tətbiqi gələcəkdə onun proqram sistemlərinə mühəndislik yanaşmasının metodoloji bazasına çevrildi.

Avtomatlaşdırılmış idarəetmə sistemlərindən Milli proqram mühəndisliyinə…

1978-ci ildən Azərbaycan EA Kibernetika İnstitutu nəzdində AİS şöbəsində fəaliyyətə başlaması Onun elmi istiqamətini tətbiqi informatika və idarəetmə sistemlərinə doğru genişləndirdi. AİS şöbəsində böyük mühəndis, aparıcı mühəndis, layihə baş mühəndisi kimi vəzifələrdə çalışaraq kənd təsərrüfatı, məişət xidməti, texniki-peşə təhsili sahələrində avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında iştirak etdi. Bu, artıq sırf riyazi modellərdən real sosial-iqtisadi sistemlərin rəqəmsal transformasiyasına keçid idi.

2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri kimi fəaliyyəti isə onun həyatının ən məhsuldar mərhələsini təşkil edir. Bu dövrdə O, informasiya sistemləri, veb texnologiyalar, Milli klaviaturanın yaradılması, Azərbaycandilli mətnlərin kompüterdə səsləndirilməsi, elektron jurnalların hazırlanması, biometrik identifikasiya, naqilsiz və Ad Hoc sensor şəbəkələrində məkanın təyin olunması kimi çoxşaxəli istiqamətlər üzrə tədqiqatlara rəhbərlik etmişdir. Bu mövzuların hər biri müasir rəqəmsal cəmiyyətin strateji elementləridir. Xüsusilə sifət təsvirlərinin həndəsi xarakteristikalarına əsasən insanın tanınması sahəsində aparılan işlər ölkədə biometrik texnologiyaların elmi bazasının formalaşmasına mühüm töhfədir.

Elmi məktəb və müəllimlik missiyası…

Dosent Tofiq Kazımov təkcə tədqiqatçı deyil, həm də elmi təşkilatçı və pedaqoqdur. Onun rəhbərliyi ilə bir neçə doktorant, dissertant və magistr proqram mühəndisliyi, sensor şəbəkələri, proqram sistemlərinin keyfiyyətinin qiymətləndirilməsi kimi aktual mövzularda tədqiqatlar aparmış və müvafiq elmi nəticələr almışdır.

“İnformatika” fənninin tədrisi, fərdi kursların keçirilməsi, gənc mütəxəssislərin hazırlanması onun fəaliyyətinin ayrılmaz hissəsi olmuşdur. O, auditoriyada tələbələrinə yalnız nəzəri bilik ötürmür, onlara sistemli düşünməyi, texnologiyaya mühəndislik baxışını aşılayır.

 Zamanla ayaqlaşan alimin kitabları və elmi irsi…

Tofiq Kazımov 150-dən artıq elmi məqalənin, bir ixtiranın və beş kitabın müəllifidir. Məqalələrinin 80-dan çoxunun xarici elmi mətbuatda dərc olunması onun beynəlxalq elmi məkanda tanındığını göstərir. “Proqram mühəndisliyi”, “Genetik alqoritmlər” və s. kimi kitabları Azərbaycan elmi ədəbiyyatında mühüm boşluğu doldurmuş əsərlərdir. Xüsusilə genetik alqoritmlərə həsr olunmuş nəşr optimallaşdırma problemlərinin həllində intellektual metodların tətbiqini sistemli şəkildə təqdim edir və tədqiqatçılar üçün dəyərli mənbədir.

Onun elmi baxışlarında proqram mühəndisliyi sadəcə texniki fəaliyyət deyil, iqtisadi və strateji kateqoriyadır. O, Proqram sənayesinin və mühəndisliyinin inkişafının rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri olduğunu vurğulayır. Bu sahədə çoxlu sayda dərsliklərin, monoqrafiyaların yazılması, yüksək ixtisaslı kadrların yetişdirilməsini  zəruri hesab edir.

 Milli kibersuverenliyin elmi dayaqları…

Tofiq Kazımovun yazılarından və çıxışlarında proqram mühəndisliyi milli təhlükəsizlik kontekstində təqdim olunur. Onun fikrincə, dövlətin kibersuverenliyi həm də Milli proqram sənayesinin inkişafı ilə bağlıdır. Bu yanaşma onu təkcə alim deyil, strateji düşünən ziyalı kimi xarakterizə edir.

Proqram sistemlərinin dayanıqlılığının artırılması, insidentlərin intellektual analizi, qeyri-səlis neyron şəbəkə modellərinin tətbiqi, proqram təminatının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi kimi mövzular onun əsas tədqiqat istiqamətləridir. Bu mövzular müasir rəqəmsal mühitdə etibarlılıq və təhlükəsizlik problemlərinin həllinə yönəlibdir.

Tofiq Kazımovun elmi əsərlərindəki Süni intellektin proqram mühəndisliyinə təsiri barədə fikirləri onun texnoloji transformasiyanı çox dərindən hiss etdiyini göstərir. O, süni intellekti həm proqram mühəndisliyinin məhsulu, həm də onun inkişaf aləti kimi qiymətləndirir. Bu qarşılıqlı təsiri düzgün dəyərləndirmək XXI əsr alimindən tələb olunan əsas keyfiyyətlərdəndir. Dosent Tofiq Kazımov son elmi araşdırmalarında süni intellekt texnologiyalarına ciddi önəm verir.

Dost baxışı: İşdən kənardakı Tofiq müəllim…

Bəzən alim haqqında yazarkən onun kitabları, məqalələri, konfransları ön plana çıxır, amma insanın özünü – daxili dünyasını görmək çətinləşir. Biz isə Tofiq Kazımovu yalnız elmi mühitdə deyil, əlli ilə yaxın bir zaman kəsiyində dostluq və yoldaşlıq münasibətlərində tanımışıq. Bu uzun illər ərzində onun elmi portreti ilə yanaşı, fərdi və mənəvi cizgiləri də bizim üçün aydın və doğma olub. Tofiq müəllimdə insanı heyrətləndirən cəhətlərdən biri onun fəlsəfi duyum qabiliyyətidir. O, hadisələrə yalnız fakt kimi baxmır; onları ümumiləşdirir, arxasında duran səbəbləri axtarır, nəticəni daha geniş kontekstdə görməyə çalışır. Hər hansı adi söhbət belə onun üçün bəzən fəlsəfi müzakirəyə çevrilə bilir. Sanki düşüncə onun üçün sadəcə reaksiya deyil, həyat tərzidir.

Bəlkə də elə buna görədir ki, o, az sayda olsa da hərdən lirik-psixoloji çalarlarla zəngin şeirlər yazır. Bu şeirlərdə daxili duyğunun səmimiliyi, lirizm  üstünlük təşkil edir. Orada həyatın keçiciliyi, insanın tənhalığı, zamanın amansızlığı ilə yanaşı, ümid və işıq da var. Onu yalnız proqram sistemləri ilə məşğul olan elmi-mühəndis kimi görənlər üçün bu tərəf gözlənilməz ola bilər, amma bizim üçün təbii və məntiqlidir – çünki riyazi düşüncə ilə poetik duyum onun şəxsiyyətində harmonik şəkildə birləşir.

İncəsənətə münasibəti də xüsusi vurğulanmalıdır. O, sənəti əyləncə vasitəsi kimi deyil, insanın daxili dünyasının ifadəsi kimi qəbul edir. Musiqiyə yüksək duyumu var; melodiyanın emosional yükünü incəliklə hiss edir. Rəsm çəkmə qabiliyyəti isə onun vizual təfəkkürünün başqa bir təzahürüdür. Bəzən düşünmək olar ki, proqram arxitekturasına olan estetik yanaşması da məhz bu incəsənət duyumundan qaynaqlanır.

Tofiq Kazımovun həyatına, xarakterinə təsir edən önəmli hadisələrdən biri də onun ölkədaxili və ölkəxarici səfərləridir. Bu səfərlər bir çox səbəblərlə – elmi-pedaqoji, turizm, əyləncə, təbrik, sağlamlıq, mədəniyyət, incəsənət tədbirlərində ailəvi iştirakla bağlıdır. Bu istiqamətdə Tofiq Kazımovun İtaliyaya, Bolqarıstana, Polşaya, Türkiyəyə, İrana, Gürcüstana, Kazana, Moskvaya, Alma-Atıya, Sank Peterburqa,.., Azərbaycanın əksər rayonlarına səfərləri, onun dünyəvi görüşlərinin, adət ənənə ilə, folklor ilə bağlı düşüncəsinin daha da təkmilləşdirilməsinə və inkişafına səbəb olmuşdur.

Onun xarakterində yumor mühüm yer tutur. Danışığında hərdən yumorlu mübaliğəyə üstünlük verir. Bu mübaliğə nə ironik tənədir, nə də sərt istehza – daha çox intellektual zarafatdır. Ancaq bu yumorun arxasında həmişə ciddi fikir dayanır. Çünki o, qarşı tərəfin dediyi sözün alt qatını da dinləməyi sevir. Hər ifadədə xüsusi məna axtarır, söhbətin məntiqi quruluşuna diqqət yetirir.

Tofiq müəllim çoxlu məntiqi sual verməyi xoşlayır. Bu suallar bəzən o qədər dərin və gözlənilməz olur ki, cavab tapmaq üçün insan düşünməyə məcbur qalır. Maraqlıdır ki, bəzən öz cavabını da qəsdən çox gecikdirir. Bu ləngimə qarşı tərəfdə müəyyən gərginlik yaratsa da, əslində düşüncəni aktivləşdirmək üçün bir üsuldur. O, dialoqu statik yox, dinamik görmək istəyir.

Yaddaşı isə heyrətamizdir. Ona edilən yaxşılığı da, özünün etdiyi münasibətləri də illər keçsə belə unutmur. Ən xırda detalı belə xatırlayır. Bu xüsusiyyət həm minnətdarlığın, həm də prinsipiallığın göstəricisidir.

Onun tibbi biliklərə, avtomobil texnikasına, müdirik sözlərə, ifadələrə, şerlərə, məsəllərə, xalq deyimlərinə marağı isə artıq hobbi səviyyəsindən çox-çox yuxarıdır. Söhbət zamanı bəzən həkim də, konstruktor da, müdrik ağsaqqal da ola bilir. Bu çoxşaxəli maraq dairəsi onun intellektual səviyyəsinin genişliyini göstərir.

Tofiq müəllim özünə diqqəti sevir – amma bu, təkəbbürdən deyil, insan münasibətlərinə həssaslıqdan doğur. O, qarşı tərəfin sakit danışığını, ölçülü hərəkətini yüksək qiymətləndirir. Sakitlik onun üçün mədəniyyət göstəricisidir. O, susmağı, müsahibini dinləməyi bacarır.

Əlbəttə, hər insan kimi onun da xarakterində ziddiyyətli çalarlar var. Bəzən öz qayda-qanun pozuntularına çox da ciddi yanaşmır, tez küsür, amma eyni sürətlə də barışır. Bu isə daha çox emosional səmimiyyətin əlamətidir. O, münasibətləri süni şəkildə uzatmır; incikliyi də, barışığı da qəbul edir, sakit yaşamağı üstün tutur.

Dosent Tofiq Kazımov ailə dəyərlərinə qiymət verən, övladı ilə, onun uğurları ilə fəxr edən, nəvələri ilə, onların istedadları ilə qürur duyan, sevən, sevilən Ailə başçısı, Ata, Babadır.

 Onun haqqında dost və həmkarlarının bəzi fikirləri…

İştirak etdiyim bir çox elmi tədbirlərin aparıcıları olan  görkəmli akademiklər, tanınmış alimlər, institut direktorları yeri gəldikdə Tofiq müəllim haqqında həmişə böyük ehtiramla danışmışlar. Həmin məclislərdə Onlar səmimi hörmət hissi ilə Onun adını çəkərdilər. Onların nitqlərində xüsusi bir istilik, mehribanlıq, istək, diqqət sezilərdi. Həmin insanlar öz çıxışlarında Tofiq müəllimi sözü bütöv, mövqeyi aydın, şəxsiyyəti dolğun bir insan kimi xarakterizə edirdilər. Bildirirdilər ki, o, yalnız elmi nailiyyətləri ilə deyil, insani keyfiyyətləri ilə də seçilir. O,  insanlara xoş münasibəti, təmkinli davranışı, ədalətli mövqeyi ilə hər kəsin rəğbətini qazanmışdır.
Xüsusilə vurğulayırdılar ki, Tofiq müəllim tələbələri üçün sadəcə bir müəllim deyil, həm də əsl qayğıkeş rəhbərdir. Qeyd edirdilər ki, Tofiq müəllim gənclərin elmi dünyagörüşünün yüksək səviyyədə formalaşmasına diqqətlə yanaşır, onların hər bir uğurunu öz uğuru kimi qəbul edir, çətin anlarda isə dəstəyini əsirgəmir. Bu fikirləri səsləndirənlər onun tələbələrinə, rəhbərlik etdiyi şöbə əməkdaşlarına göstərdiyi səmimi qayğının və müəllim-rəhbər məsuliyyətinin canlı şahidi olduqlarını xüsusi olaraq qeyd edirdilər. Dost və həmkarları Onun bir çox xarici ölkə alimləri ilə, o cümlədən Ukrayna, Qazaxıstan, Türkiyə, İran, Rusiya, Hindistan və s. ölkə alim-mütəxəsisləri ilə intensiv birgə elmi əlaqələrini, nəşrlərini, elmi konfrans və simpoziumlarda birgə iştiraklarını xüsusi şövqlə xatırladırlar.

Beləliklə də qəti şəkildə qeyd etmək istəyirəm ki, elmi ictimaiyyətin, dost və həmkarların Tofiq müəllim haqqındakı səmimi sözləri  rəsmi tərif sözləri, ifadələri deyil, uzun illərin müşahidəsindən, birgə fəaliyyət təcrübəsindən doğan səmimi etiraflarıdır.

Dostların və “əziz  düşmənlərin” əhatəsində…

Tofiq Kazımovun ilk baxışdan ziddiyyətli, bəlkə də çoxlarına xoş gəlməyən xüsusiyyətləri də vardır.  Ancaq həmin xüsusiyyətlər onu bütövləşdirir, fərdiləşdirir və özünəməxsus səxsiyyətin formalaşmasına gətirib çıxarır. Kimsənin onun həmin xüsusiyyətlərini bəyənməməyini “ürəyinə salmır”, normal qəbul edir. Hər kəsin Onun haqqında fərqli fikirdə olduğunu da, ola biləcəyini də təbii hesab edir. Onun həyati hadisələrə müxtəlif baxışları  bəzi hallarda onun “əziz düşmən”lərinin də artmasına səbəb olur. Ancaq bu kimi hallara təəsüf etsə də, özünün daxili və xarici xarakter tarazlığını saxlayır. Bunlara baxmayaraq, Onun xarakterində, şəxsiyyətində bir daxili maqnetizm vardır. Bu maqnetizm və xarizmatiklik Onun ətrafında həmişə maraqlı müsahiblərin, dost, tanışların, həmkarların toplaşmasına gətirir. Onun ətrafında çoxlu dostları ilə yanaşı çoxlu da “mehriban düşmənləri” də vardır. Məhz bu cür tarazlaşdırma siyasəti onun şəxsiyyətinin tamlaşmasına xidmət etmişdir.

Əlli ilə yaxın dostluq müddətində onun dəyişməyən bir keyfiyyətini müşahidə etmişik: düşüncəyə sədaqət. O, həmişə düşündüyünü deməyə, dediyini əsaslandırmağa və əsaslandırdığını müdafiə etməyə çalışır. Bu, həm alim, həm də insan kimi onun əsas cizgisidir. Tofiq Kazımovun 75 illik ömrünə baxanda yalnız elmi nailiyyətləri deyil, həm də  Onun zəngin daxili aləmini də görürük. Və düşünürük ki, əsl alimlik yalnız bilikdə deyil, həm də şəxsiyyətin bütövlüyündədir. Dosent Tofiq Kazımov da məhz belə şəxsiyyətlərdəndir.

 75 ilin işığında…

Tofiq Kazımovun özünəməxsus xarakterindən biri də özünün ad günlərinin, yubileylərinin keçirilməsini istəməməyidir. Bu xüsusda çox təvazökar olmasına, ictimailəşməyin əleyhinə olmasına baxmayaraq Dosent Tofiq Kazımovun AMEA-nın Rəyasət Heyətinin, eləcə də AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanları ilə təltif olunması həmçinin bu günlərdə AzİCİB tərəfindən ölkədə İnformasiya Cəmiyyətinin və İnformatika elminin formalaşmasında uzun illər göstərdiyi elmi-praktiki xidmətə görə Ona  Fəxri Diplom, qiymətli hədiyyə və pul mükafatının təqdim edilməsi Onun elmi və elmi-təşkilati fəaliyyətinə verilən yüksək qiymətlərdən biridir. Bu gün 75 yaşında Tofiq Kazımov hələ də elmi axtarışın içindədir. O, hesabat verir, plan qurur, yeni mövzular müəyyənləşdirir, məqalələr yazır, konfranslarda çıxış edir. Onun fəaliyyəti göstərir ki, alim üçün yaş yalnız təqvim göstəricisidir; əsas olan düşüncənin gəncliyidir. Tofiq Kazımov kimi alimlər yalnız elmi nəticələr yaratmır – onlar gələcəyin intellektual əsaslarını formalaşdırırlar.

75 illik yubiley münasibətilə dosent Tofiq Kazımovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və yetişdirdiyi gənc nəslin, o cümlədən nəvə-nəticələrinin  uğurlarını və xoşbəxtliklərini görmək sevincini arzulayırıq!

 ƏLÖVSƏT QARACA ƏLİYEV,

 “Texnoloji İnkişaf Akademiyası” Elm-Təhsil-İqtisadiyyat  

İctimai Mərkəzinin  rəhbəri,  professor

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!