3 Sentyabr 2025 / 12:00

Merz fon der Leyenin Ukrayna ilə bağlı dediklərini rədd edir

Avropa İttifaqı (Aİ) mümkün sülh razılaşmasından sonra Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində hərbi kontingentinin göndərilməsi ilə bağlı qərar qəbul edə bilməz.

Tezadlar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib, – onun sözlərindən dpa agentliyi sitat gətirib.

Siyasətçi Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin sözlərini şərh edib: “Avropa İttifaqı Ukraynaya hərbi dəstək barədə qərarlara görə məsuliyyət daşımır”.

Sentyabrın 1-də fon der Leyen bildirib ki, sülh sazişinin imzalanmasından sonra təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Avropanın Ukrayna ərazisinə qoşun yeritmək üçün “olduqca aydın planı” var. O, əlavə edib ki, Aİ ölkələrinin başçıları çoxmillətli qoşunların yerləşdirilməsi və ABŞ-ın dəstəyi ilə bağlı plan hazırlayır.

Daha sonra onun sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən tənqid edilib və o bildirib ki, Aİ-nin heç bir yerə hərbi kontingent yerləşdirmək səlahiyyəti yoxdur, ona görə də danışıqlardan əvvəl belə məsələlərin müzakirəsi qəbuledilməzdir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!