İran Prezidenti Məsud Pezeşkiana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin xüsusi simpatiyası var. Və bu simpatiya Çində də aydın şəkildə ortada idi. Bu kontekstdə Mehriban Əliyevanın İran prezidentinin qızı ilə səmimi qucaqlaşması da xüsusi diqqətə layiqdir.
Maraqlıdır ki, İranın molla rejimi Türkiyə, Azərbaycan və Pakistanla anlaşa bilmir. Çünki molla rejimi şiəliyi ideologiyaya çevirərək xarici siyasət yeridir. Aydındır ki, bu müstəvidə İran uğur qazana bilməz. Məsud Pezeşkian isə asanlıqla sözügedən ölkələrin liderləri ilə dil tapır. Onlar tərəfindən ehtiramla qarşılanır.
İranın dövlət hakimiyyəti molların yox, məhz xalqın seçdiyi Məsud Pezeşkianın əlində olsa, rəsmi Tehran ortada olan problemləri sürətlə və keyfiyyətlə aradan qaldıra bilər.
Bir önəmli məqamı da deyim. Azərbaycan prezidenti bunu açıq şəkildə ifadə etdi. Azərbaycan İranın rəhbəri kimi məhz Məsud Pezeşkianı tanıyır. İranın ali dini lideri və onun müşavirləri ilə siyasət qurmur. Məncə, Türkiyə və Pakistanın da İrana münasibəti Azərbaycanın yanaşması ilə üst-üstə düşür. Sadəcə, Türkiyə və Pakistan bu yanaşmanı Azərbaycan kimi açıq şəkildə ortaya qoymur.
İranda mövcud olan bu ikitirəliyin axırı necə olacaq? Bəlli deyil. Ancaq mən düşünürəm ki, Məsud Pezeşkiana verilən beynəlxalq dəstək getdikcə artacaq. Xüsusən Qərb Məsud Pezeşkianla anlaşmağa daha çox meylli görünür…
İstənilən halda Türkiyə, Azərbaycan və Pakistan Məsud bəyə daha çox dəstək verməlidir ki, İran daxilində də onun nüfuzu yerli mollakratiyanın nüfuzundan kəskin şəkildə üstün olsun…
Elbəyi HƏSƏNLİ,
Surix