25 İyul 2025 / 16:34

Milli tariximizin dönüş yolu

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan dahi Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan Ümummilli Lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çatdırmaq üçün əlindən gələni əsirgəməmişdir.

Dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri dünyaşöhrətli siyasətçi böyük Heydər Əliyevə əbədi xalq məhəbbəti və dünya azərbaycanlılarının Ümummilli Lideri adını qazandırmışdır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi yazmışdır. Onun həyatı və fəaliy­yəti Azərbaycan tarixinin bir hissəsi və şanlı səhifələrindəndir.

Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb.

1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.

Ulu Öndər milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmiş, iqtisadi, siyasi, sosial sahədə olduğu kimi, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin də inkişafının strategiya və taktikasını hazırlamış, uğurla həyata keçirilməsinə nail olmuşdur. Ulu Öndər hələ 1960-80-ci illərdə bu möhtəşəm işləri görərkən yaxın gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar çıxışlarının birində bu fikrini açıq şəkildə ifadə etmişdi: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”. Əgər 1969-cu il iyulun 14-də millətimizin, xalqımızın taleyi Ulu Öndər Heydər Əliyevə tapşırılmasaydı, okeanlarda üzmək iddiasında olan və bu gün buna nail olan Azərbaycan adlı gəminin sükanı Ona etibar edilməsəydi, indiki inkişafdan danışmaq mümkün olardımı? Təbii ki, yox. Elə ona görə də dünyaca məşhur olan siyasətçilər Heydər Əliyevin hakimiyyətə hər iki gəlişini xalqımızın taleyində bir dönüş mərhələsi kimi səciyyələndirirlər.

O, 1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb.

Naxçıvan Muxtar Respublikası da ötən əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində sürətlə inkişaf etməyə başlamışdır. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu

Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olmuşdur. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artmışdır.

Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Ulu Öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.

Ulu Öndərimiz Heydər Əliyevin həmin dövrdə Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqətçəkən ölkə Prezidenti İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.

1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Bu güc Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkə­mizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir” .

Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan Prezident İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Bütün sahələr üzrə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan 2020-ci ildə erməni işğalı altında olan torpaqlarımızı 44 gün ərzində azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Ölkə başçısının səsləndirdiyi “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi” sözləri həm də Ulu Öndərin “Biz o torpaqlara qayıdacağıq!” arzusunun reallığa çevrildiyinin təsdiqi idi.

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün və tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Nərmin Musayeva, Azadə Abbasova, Yasin Məcidov, Akif Abdullayev, Ramin Ağazadə, Elşad Vəliyev və İsrafil Hüseynov

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!