Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığında Nyu Dehlinin Amerika liderini Nobel Sülh Mükafatına namizəd göstərməli olduğuna eyham vurub.
Tezadlar.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu, Hindistanın baş nazirini qəzəbləndirib.
Qəzetin yazdığına görə, iyunun 17-də Modi ilə söhbətində Tramp bildirib ki, Pakistan onu Yeni Dehli ilə İslamabad arasında atəşkəs danışıqlarındakı roluna görə Nobel Sülh Mükafatına namizəd göstərməyi planlaşdırır. Qəzetin mənbələri əmindir ki, bu, Modinin də eyni şeyi etməli olduğuna dair “o qədər də incə olmayan bir işarə” idi. Hindistanın baş naziri Trampın sözlərindən qəzəblənib, o, ABŞ-ın Pakistanla atəşkəs razılaşması ilə heç bir əlaqəsinin olmadığını deyib. “The New York Times” qeyd edir ki, Modinin Trampın namizədliyini dəstəkləmək istəməməsi onların münasibətlərini xeyli pisləşdirib.
Qəzet qeyd edir ki, ABŞ administrasiyasının Hindistandan idxala tətbiq etdiyi yüksək tariflər, ABŞ rəsmilərinin sərt bəyanatları, ABŞ-da hər dördüncü əcnəbi tələbənin Hindistandan olması səbəbindən Vaşinqtonun immiqrasiya siyasəti və tələbə vizalarının verilməsi tələblərini sərtləşdirməsi də ikitərəfli münasibətlərə təzyiq göstərir.
İyunun 17-dən Modi ilə Tramp arasında heç bir şəxsi əlaqə olmayıb. Hindistan lideri Kanadada keçirilən G7 sammitindən sonra ABŞ prezidentinin Vaşinqtona səfər dəvətindən imtina edib. Tramp bir neçə dəfə Modi ilə telefonla danışmağa çalışsa da, baş nazir bütün təklifləri rədd edib. Trampın Dördtərəfli Təhlükəsizlik Dialoqunda (Hindistan, Avstraliya, ABŞ və Yaponiyanın daxil olduğu QUAD) iştirak etmək üçün Yeni Dehli səfərinin də baş tutması ehtimalı azdır. “The New York Times” qəzetinin mənbələrinə görə, Amerika lideri bu payızda Hindistana səfər etmək planlarından əl çəkib.
Tramp bundan əvvəl də bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd olub. 2025-ci il avqustun 13-də Ağ Ev Trampın namizədliyini dəstəkləyən 7 ölkənin (Ermənistan, Azərbaycan, Qabon, İsrail, Kamboca, Ruanda və Pakistan) liderlərinin adlarını dərc edib. Ermənistan və Azərbaycan onun namizədliyini iki ölkə arasında sülh sazişi bağlamaq səylərinə, İsrail Yaxın Şərqdə sülhün əldə olunmasındakı roluna, Pakistan Hindistanla münaqişənin həllində vasitəçiliyə görə tövsiyə ediblər. NBC telekanalının verdiyi xəbərə görə, Trampın özü həqiqətən də bu mükafatı almaq istəyir, lakin uğur qazanacağını düşünmür.
E.ŞİRİNOV