7 Fevral 2026 / 19:06

Müəllimini güllələyən şagird həbsdədir: o, bunu niyə edib?

Dünən səhər saatlarında Bakıdakı “İdrak” liseyində müəllimini gülləməkdə təqsirləndirilən şagird barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb. Tezadlar.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə təqdimatla bağlı qərar elan olunub. Qərara əsasən, həmin şagird barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Baş Prokurorluğun Mətbuat xidmətinin dünən yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şagird bunu hansı səbəbdən edib? Dərs yoldaşlarının bildirdiyinə görə, o, məktəbdə ən ərköyün və narahat şagird olub, müəllimi də bunu ona həmişə irad tuturmuş… Amma atasının atışa hazır tüfəngi niyə ehtiyatsız saxlayıb, bu suala istintaq cavab verəcək.

A.Məmmədli

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!