12 Avqust 2025 / 23:59

Netanyahu iranlıları üsyana çağırdı və əvəzində…

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına yeni videomüraciətində iranlıları İslam Respublikasına qarşı üsyana çağırıb və onlara su təchizatı sahəsində İsraildən əlavə yardım vəd edib.

Tezadlar.az xəbər verir ki, onun ingilis dilində çıxışının videoyazısı İsrail hökuməti başçısının rəsmi YouTube kanalında yerləşdirilib.

Müraciətində Netanyahu iranlıları “qürurlu xalq” adlandırıb və iddia edib ki, İslam Respublikası liderləri guya İsrailə “On iki günlük müharibəni tətbiq ediblər” və guya onu “yazıqcasına itiriblər”. İsrailin baş nazirinin sözlərinə görə, İran hazırda su təchizatında ciddi problemlər yaşayır və onun sözlərinə görə, İsrail bu işdə kömək etməyə hazırdır.

“Çox yaxşı xəbərim var: İsrail suyun təkrar emalı üzrə dünya lideridir. Biz tullantı sularının 90%-ni təkrar emal edirik. Biz duzsuzlaşdırma üzrə də dünya lideriyik. Biz İranın da kifayət qədər suya sahib olması üçün nə etmək lazım olduğunu dəqiq bilirik. Və burada əla xəbər var: ölkəniz azad olan kimi, ən yaxşı İsrail su mütəxəssisləri İranın hər bir şəhərinə gələcək, qabaqcıl texnologiya və təcrübə gətirəcək. Biz İrana suyun təkrar emalına kömək edəcəyik, onun duzsuzlaşdırılmasına kömək edəcəyik”, – Netanyahu iddia edib.

Onun sözlərinə görə, İran hakimiyyəti öz xalqına qarşı haqsızlıq edir və “ən elementar insan haqlarını inkar edir”.

“Bu belə olmamalıdır. Mən sizi cəsarətli və qətiyyətli olmağa, xəyal qurmağa cəsarət etməyə çağırıram. Azadlıq üçün riskə getməyə. Gələcəyiniz üçün. Ailələriniz üçün. Buna dəyər! Küçələrə çıxın. Ədalət tələb edin. Hesabat tələb edin. Tiranlığa etiraz edin. Ailələriniz və bütün iranlılar üçün daha yaxşı bir gələcək qurun. Və bunu bilin: tək deyilsiniz. Biz sizinləyik. İsrail sizinlədir. Bütün azad dünya sizinlədir”, – İsrailin baş naziri əmin edib.

Tehranda hakimiyyət dəyişikliyi baş verərsə, Netanyahunun fikrincə, İranı sürətli dəyişikliklər gözləyir. “Ölkəniz tezliklə azad olacaq. Kifayət qədər su olacaq. İqtisadiyyatınız sağalacaq və çiçəklənəcək. Övladlarınız yenidən xoşbəxt və qayğısız olacaqlar. Bizim qurucumuz Teodor Herzl (Sionist hərəkatının banisi – RED.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, nağıl olmaz.” Mən isə sizə deyirəm: istəsəniz, azad İran nağıl olmaz. İndi hərəkət etmək vaxtıdır. İndi azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. İran iranlılar üçündür”, – deyə o, yekunlaşdırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!