Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

«Hörmətli «Təzadlar»! Müstəqil nəşr olmağınızı nəzərə alıb bu məktubu Sizə ünvan etdim.
Biləsiniz, axır ki, mən də bir rekorda imza atacağam. Bəli, düz anladınız. Mən artıq Ginnesin Rekordlar Kitabına müraciət hazırlamaq üçün lazım olan sənədləri, yəni dəlilləri toplayıram. Səbəb? Səbəbə əvvəldən başlayaq.
Mən 1972-ci il təvəllüdlü bir şəxsəm. Qarabağ müharibəsində iştirak edib, zədə almışam. 1994-cü ildə “Azəriqaz” İB-nə çilingər vəzifəsinə daxil oldum. Bir müddət sakit işləsəm də, sistemdə o vaxtlar olan bəzi qanun pozuntularına göz yuma bilmədiyimdən rəhbərliklə ara-sıra kiçik konfliktlərim olurdu. 2014-cü ildə ilk dəfə ixtisara salınandan sonra məhkəməyə müraciət etdim. Bakının Xətai rayon Məhkəməsi bu ixtisarı qanunsuz hesab edib məni öz iş yerimə qaytardı. 1 illik məhkəmə çəkişməsindən sonra öz növbəli iş rejimimə dönüb, 1 illik məcburi işə buraxılmamanın əmək haqqını “Azəriqaz”dan aldım.
Çox keçmədən, 2019-cu ilin fevralında “Azəriqaz”da gedən struktur dəyişikliklərində olan bərbad- daha dəqiq desək, əmək təhlükəsizliyi qaydalarına zidd olan ixtisara (yəni, qəza-bərpa və istismar xidmətinin operativ qrupunda çilingərlərin sayının azaldılması) etiraz olaraq Dövlət Əmək Müfəttişliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanladığımdan sonra, rəhbərlik mənim əlil olmamı bəhanə gətirərək növbəli işdən çıxardıb, 8 saatlıq, adı eyni olsa da fərqli iş prinsipi olan işə keçirdi. Bu dəfə də öz hüquqlarımı məhkəmədə axtardım və qalib gəldim. Qalib gəldim, ona görə yox ki, məni qanunsuz çıxartmışdılar, ona görə ki, “Azəriqaz” artıq 2015-ci ildən bəzi işçi qruplara verməli olduğu ağır iş əmsalını vermədiyindən mənim çalışdığım peşə artıq sadə peşələr siyahısında idi və əlilliyi olan insanı bu peşədən uzaqlaşdırmaq üçün təkcə istək az idi, işə götürən həm də müxtəlif qayda-qanuna riayət etməli idi ki, atdığı addım qanuni saysın.
Bir müddətdən sonra “Azəriqaz” rəhbərliyi yenə də qanun pozuntusuna əl atıb, bu dəfə artıq məni 3-cü dəfə (2023-cü ildə) mənə və mənim kimi əlilliyi olan insanlara aid olmayan bir maddə ilə işdən uzaqlaşdırdı.

Düzü, bu dəfə artıq canını məndən qurtaran rəhbərlikdən çox, mən özüm sevindim. Rəhbərlik ona görə sevindi ki, eyni vaxtda bir neçə əlilliyi olan şəxsi işdən çıxartmaqla, əlilliyi olan şəxslər üçün vacib olan iş şəraitini qurmaqdansa (yəqin bu şəraiti onun da öz rəhbərliyinin əmri ilə, öz hesabına etmək əmri olduğundan maddi cəhətdən baha başa gəlirdi deyə) əlilliyi olan insanlar üçün ayrılan iş yerləri kvotasını pozana tətbiq olunan cüzi cəriməni ödəmək daha sərfəli idi.
Mən isə ona görə sevindim ki, bəzi naşi hərəkətlərdən irəli getməyən, əmək qanunvericiliyindən xəbəri olmayan rəhbərliyin kortəbii verdiyi əmri yerinə yetirməklə, “Azəriqaz”in yerli xırda məmurları qanunları kobud şəkildə pozdu və hər hansı bir məhkəmə mənim… daha dəqiq desək, bizim xeyrimizə qərar verəcəkdi. Buna tam əmin idim. Səbədə bu idi ki, Mən artıq “ Azəriqaz“ rəhbərliyinin sahəsində özüm əmək qanunvericiyi ilə maraqlanırdım və 2023-cü ildən Vətəndaş Huquqlarının Müdafiəsinə Dastək (VHMD) Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi və sədr müavini idim. Və elə də oldu. İl yarımlıq məhkəmə çəkişməsindən sonra, 2025-ci ilin mart ayında öz iş yerimə, yəni Bakı şəhəri Nəsimi rayon Qaz İstismar Departamentinə, növbəli iş rejiminə döndüm.
Amma deyirlər, adam pis vərdişi daha tez öyrənir. Bir də atalar sözü var, deyirlər atalar üç dəfədən deyib. Amma nədənsə “Azəriqaz” rəhbərliyinə isə bu xalq məsəllərini vaxtında öyrədən olmayıb deyə, çox keçmədən “Azəriqaz” rəhbərliyi Bakı Regional Qaz İstismar İdarəsinin rəhbərliyinin köməyi ilə məni bir daha “sevindirdi”. Amma “Azəriqaz” rəhbərliyi məhkəmə yolu ilə işə qayıtdığımdan cəmi 6 ay sonra məni yenidən ixtisara saldı. Bu kifayət deyil kimi, hələ struktur dəyişikliyi adı altında qaz təsərrüfatını elə bərbad hala saldı ki, bu gün Bakının mərkəzində yeraltı qaz xətlərində hər hansı bir xəta baş versə, bu işə cavabdeh olan çilingər qaz quyusuna daxil olub o xətanı aradan qaldırsa, qanunları pozmuş olacaq. Səbəbi də odur ki, əvvəla, çilingər təkdir; ikincisi, o çilingər hər səhər işə başlamamışdan öncə əmək təhlükəsizliyi qaydalarına imza atır. O qaydalarda isə açıq-açığına yazılıb ki, hər hansı bir yüksəkliyə (yəni nərdivan tələb olunan halda) və ya yeraltı quyuda qəzanı aradan qaldırmaq üçün ən azı 3 nəfər lazımdır. Biri avtomobil yolunu bağlayır, biri quyuya düşür və biri də quyuya düşəni qoruyucu kəmərlə yuxarıdan saxlayır ki, quyuda çilingərin vəziyyəti pisləşərsə, onu quyudan vaxtında çıxara bilsinlər.
***
Nə başınızı ağrıdım! Qayıdaq indi bir daha rekordlar kitabına. İxtisara salınandan sonra mən öz ənənəm üzrə işi məhkəməyə verdim və… Düz tapdınız. Xətai rayon Məhkəməsinin hakimi İlahə xanım Abbasova ədalətli qərarı ilə mənim 4-cü dəfə işə qayıtmam barədə qərar qəbul etdi.
Odur ki, hörmətli oxucu, mən bu günlərdə Ginnesin Rekordlar Kitabının Zaqafqaziya üzrə nümayəndəliyi ilə əlaqə saxladım və daha dəqiq desək, “Azəriqaz”ın növbəti dəfə eyni şəxsə uduzmasının qeydə alınması barədə sorğu ünvanladım. Qaldı indi bu rekordun təsdiq edilməsi üçün bir neçə sənədləşməişi.
Əhməd Rəhmanov,
I Qarabağ Müharibəsi veteranı».
REDAKSİYADAN: təkrar edirik, bu yazını-məktubu düşünüb nəticə çıxaranlar üçün təqdim etdik. O iş ki, həyata keçirilməlidir, onu məhkəmə qərarı ilə edib özünü hörmətdən salmağın nə mənası?!