Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ“Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
21-22-23 yanvar – Xudayar babasını, Zəhra nənəsini tez-tez yada salardı:
– Biz uşaqlar həmişə evimizin yuxarısındakı düzənlikdə oynayardıq. Bir dəfə gördük ki, Xudayar baba ağlaya-ağlaya nə isə axtarır. Soruşduq ki, baba nə olub, nəyi axtarırsan?
O dedi ki, dişlərimi itirmişəm, onları axtarıram. Bu sözə pıqqıldaşdıq. Babam acıqlanıb bizi qovdu. Həmin hadisə indi də mənə ləzzət verir.
Axşam Mikayıl Məmmədə baş çəkməyə gəlmişdi. Söhbət Xəlildən düşdü. Məmməd dedi ki, Xəlilə ölümü Moskvada hazırlamışdılar. Dustaq vaxtı Xəlil infarkt olmuşdu.
Mikayıl:
– 1990-cı ildə bizi tutub Təhlükəsizlik Nazirliyinə aparmışdılar. Onda ara çox qarışmışdı.
Bilirsinizmi, əgər ara-sıra verilişlər hazırlanmasa, təbliğ olunmasa Məmmədi də unudarlar. Əgər sponsor tapsam, istəyirəm Məmməd haqqında bir veriliş hazırlayam. Fikrimdə filmə belə quruluş verməyi nəzərdə tutmuşam. Dənizin ortasında adadır. Məmməd adada təkdir. Dalğalar dörd tərəfdən hücum edir. Məmməd də dalğaların ona necə hücum etdiyinə baxır. Yaxşı fikirlərim var… Ammasını özünüz bilirsiniz.
Əlirza şeirin bir misrasını dəqiqləşdirmək üçün gəlmişdi. Soruşdu:
– “İlhamım” şeirində belə misra var. “Yenə dağ döşündə dənərləndi qar” misrasında “dənərləndi” və ya “dənələndi”?
– Təbii ki, qar dənərlənər, dənələnməz, – dedi, Məmməd.
27 yanvar – Nəbi Xəzri haqqında verilişi Mehriban Vəzirova aparırdı:
– Şairlər, nasirlər arasında axır vaxtlar bir növ dəb düşüb. Deyirlər ki, bizə ilahi bir qüvvə şeiri və ya nəsri pıçıldayır, biz də kağıza köçürürük, elədirmi?
Mehribanın sualına Nəbinin cavabı:
– Şairlər tərcümandır. Kənardan olan pıçıltıları kağıza köçürür. Mən heç vaxt şeir yazacağam deyib yazı masasına yaxınlaşmıram. Şeiri mənə diqtə edirlər, mən də köçürürəm…
– Məmməd, Nəbinin cavabını eşitdin? Sənə də kimsə pıçıldayır, sonra yazırsan?
Sualıma güldü Məmməd:
– Yox, elə deyil. Şeir adi bir baxışdan, qeyri-adi səsdən, mehriban bir sözdən, bir gözəlin görünüşündən və ya təbiətdən yaranan fikirlərdir. Şeir nədir sualına cavab verən anasından doğulmayıb hələ… Şeir bir qədər möcüzədi, müəmmadır. Zamana verilən sualdır şeir. Zamanın sualına sualla cavabdır şeir. İnsanı dərddən xilas eləyən, insanın dərd yüküdür şeir. Yurdun üfüqünə boylanmaq üçün bir-iki pillədir şeir.
Məmməd bir az ara verdi, sonra sözünə davam etdi:
Poeziya insan yolunda yanan əbədi işıqdır. Həyatın nəfəsini duymaq, nəbzini tutmaq, onun ritmini poeziyaya gətirmək. Şeir nədir sualına elə-belə, bir sözlə, beş-on sözlə cavab vermək olmaz. Bu suala silsilə məqalələrlə də, qalın-qalın kitablarla da cavab vermək çətindir. Bəlkə heç bu sualın cavabı yoxdur?! Bəlkə bu sualı vermək naşılıqdır?! O necə yazılıb, necə yazılır, necə yazılacaq – əsasnaməsimi var?!
Şeir oxunursa – içilir, içilirsə – demək yazılıb. Deyirlər ki, böyük istedad verilibsə, böyük təhlükədən özünü qoru. Qəfil badalaqlar hələ pusqudadır. Böyük yolların döngəsi də böyük olur. Cılızların pusqusunda dayanan olmur, amma cılızlar pusquda dayanırlar. Çox zaman da “boş qalan” yerləri tutmaq üçün.
Təkrar deyirəm: Nizamidə şeir dərsdir;- əxlaq dərsi, mərifət dərsi…
Nəsimidə – özünü tanımaq, özünü tanıtmaqdı. Nəsimi şeiri insan səviyyəsinə, insanı da şeir səviyyəsinə qaldırmaq gücündə olub…
Sabir qeyrət qılıncı ilə şeiri eyniyyətdə görürdü…
Min şairə min dəfə sual versəniz ki, şeir nədir, bir-birinə oxşamayan min cavab alacaqsınız. Şerin mövzusunu həyat, zaman pıçıldayır.
Hadisələr, haraylar, çağrışlar, mənzərələr, gedişatlar…
Bunlar bir ucu təbiətlə, cəmiyyətlə bağlı olduğu halda, digər ucu şair təfəkküründə canlanır. Şair olan bəndə bundan dəyirman daşı gücü alırsa və sözünü üyüdə bilirsə – şeir yaranır.
Şair yüksək mədəniyyət sahibi olmalıdır ki, cəmiyyəti elmi cəhətdən dərk eləsin. Yerli-yersiz oxucu tapmağa “onu öz səviyyənə” qaldırmağa çalışmayasan. Əgər oxucunu öz səviyyənə (bu səviyyə varsa) qaldırmaq istəyirsənsə, gərək onun dilini tapasan…
Mənim beynimdə çox vaxt şeirimin axırıncı misrası doğur. Həmin misraya əsasən sonrakı misralar, yəni əvvəlki yaranır. Baxır necə...
Şair nə gərəkdir oxucu yoxsa,
Beyinlər, ürəklər pas atıb, nədir?
Şerimiz öz fikir donunu yoxsa,
İndi “son modada” geyinməlidir?
Sənin bu şerin elə bil bu gün üçün yazılıb. Bu həyatla ayaqlaşan şerdir…
Nəbi yaxşı dostdur, söhbətinə davam etdi Məmməd. Mən Moskvada oxuyanda Mehdi Hüseyn deputat idi. Vaxtaşırı Moskvaya gələrdi, gələn kimi də biz tələbələri yanına çağırardı. Söhrabla yanına gedərdik. Bizimlə gəzməyə çıxardı. Bir dəfə Mehdi Hüseyn məndən soruşdu:
– Məmməd, Nəbi necə şairdir?
– Nəbi çox yaxşı şairdir.
– Bəs deyirlər ki…
– Vallah, mən onu yaxşı adam kimi tanıyıram və zarafatla əlavə etdim, özünüz onu katib qoymusunuz, arvadı qazaxlıdır deyə.
Mehdi şaqqanaq çəkib güldü və məni qucaqladı.
Mən ayrı söhbətə keçərək soruşdum:
– Məmməd, Qarabağ məsələsində Kazimirovun danışığından nə başa düşdün?
– Ermənilər Yeltsini gözləyirlər, prezident seçilməsə, hələ yenə də vaxt qazanacaqlar. Ayrısı seçilə, o fikrini bildirə, uzun çəkər. Ermənilər ölsələr də, heç vaxt döyüşsüz torpağı geri qaytarmazlar.
29 yanvar – Telefon səsləndi:
– Mən, Çərkəz Cəfərovam. Məmmədin operasiyasını mən edəcəyəm, gəlib baxmalıyam, ünvanı xahiş edirəm.
Həkim gəlib çıxdı və söhbətinə belə başladı:
– Semaşko təcili yardım xəstəxanasında lüks otaq hazırlamışıq. Xəstəxananın baş həkimi deyir ki, Məmməd müəllimin bizim xəstəxanada operasiya olunması fəxrimizdir. Yerli narkozla, sakitləşdirici dərmanlarla operasiya edəcəyik. Narahat olmayın allahın köməyilə hər şey yaxşı olacaq.
Həkim gedəndən sonra Məmmədin həyəcanlandığını gördüm, ancaq özümü o yerə qoymadım.
7 fevral – Saat 11- də gedib hazırlanmış otağa baxdıq. Təbii ki, Almaniyadakı şəraitlə bizim təcili yardım xəstəxanası arasında yerlə-göy qədər fərq var. Buna da şükür. Həkimlər əlindən gələni ediblər, çox sağ olsunlar. Analizlərdən keçdi, səhər qayıtmaq şərtilə evimizdə gecələdik.
Dostumuz İsa özünə məxsus hay-küylə içəri keçdi:
– Neçə gündür zəng edirəm, evdə yox idiniz?
– Hə, Məmmədi operasiyaya hazırladıqlarına görə neçə gündür xəstəxanada oluruq.
Bu arada Mikayıl da gəldi, mübahisə başlandı:
– Xalq çox pis yaşayır, əksəriyyəti dilənçi vəziyyətindədir. Bir qrup adamların pulu xarici banklardadır.
Söhbət uzanır, milli burjuaziyanın inkişaf etdirilməsindən, sahibkarlıq olarsa, rüşvətin azalmasından danışdılar.
Arif Mansurov xəbər vermişdi ki, Məmmədə “Həsən Əliyev” adına mükafat verilib, mükafat fevralın 9-da təqdim olunmalıdır. Mükafat sözünü eşidəndə Mikayıl dedi ki, bəzi şairlər, Məmməd Araz var deyə biz ölməliyik? – deyə deyinirlər.
9-10-11 fevral – Saat 6-da Məmmədi əməliyyat otağına qaldırdılar. Əməliyyat gecikdiyinə görə hamımız narahat olmuşduq. Nəhayət ki, salamatçılıqla qurtardı. Gecə yanında Cəfər qardaşla bacısı oğlu Süleyman qaldı.
Məmməd mənə əməliyyatın gedişini danışdı:
– Məni əməliyyat stoluna uzatdılar. Hamısının üzündə maska var idi, ancaq gözləri görünürdü, hə tibb bacısının gözəl gözləri var, fikirləşdim. Bəs Cəfər hanı? Ayıra bilmədim. Əllərində bıçaq və başqa alətlər olan maskalılar başıma toplaşmışdılar. Öz-özümə, Məmməd Araz, sakit ol, dedim, ayrı çıxış yolun yoxdur. Onlar üzərimdə işlədikcə yadıma Puşkinin qəhrəmanı Çatski düşdü. Onun xəstə yanında özünü necə aparacağına aid söylədiyi misraları əzbərdən ürəyimdə dedim. Sonra öz yazılmamış şerimin iki misrasını mızıldadım:
Bu millətin dişləri daş gəvələyir,
Bu millətin barmağı tətiyə yatmır.
Bazar günü olduğuna görə həkimləri axırıncı kurs tələbələri əvəz edirdilər. Növbətçi həkimlər tez-tez Məmmədin yanına gəlir, halını xəbər alırdılar.
Bizimlə üzbəüz palatada bir xəstə yatırdı. Yanında qalan yox idi. Tələbənin yazığı gəlib yanında oturmuşdu. Dedilər ki, qızı və nəvəsi var, amma mən onların heç birini görmədim. “Öləndən sonra yəqin ki, hay qoparacaqlar ki, camaat “afərin” desin”.
Məmmədə Keçili kəndindən bir tələbə tanışlıq verdi, Məmməd onun atasını və babasını tanıdı.
Bir xəstə isə çox orijinal çıxış elədi:
– Məmməd müəllim, mənə qorxaq Salman deyirlər, qardaşlarım, babam, ata və əmilərim hamısı cəllad olublar. Onlar kimi olmadığıma görə mənə qorxaq adını veriblər. Demə ki, qorxaq gəlib mənə ürək-dirək verir, sağalacaqsan.
14 fevral – Məmməd, əməliyyat vaxtı Çatski niyə yadına düşmüşdü?
– Ona görə ki, yaşamağımın xeyri nədir, bununla nə qazanıram? Bir də yadıma Qasım Qasımzadənin maşın sürməyi düşdü. Qasım maşını yaxşı sürə bilmirdi, xəbərdarlıq edirdi ki, qabaqda çala var özünüzü möhkəm tutun. Əməliyyatda da Cəfər və başqa həkimlər mənə təsəlli verirdi, möhkəm dur, qurtarırıq. Amma aralarında olan o qızın örtükdən kənarda qalmış son dərəcə gözəl qaş-gözü yadımdan çıxmır.
Televizorda yenə də “müstəqil Azərbaycan”, deyə qışqırırdılar.
– İran və Rusiya çalışacaqlar ki, müstəqil qalmayaq. İranla Rusiyanın mənafeləri üst-üstə düşür. Bu tərəfdən İran açıqca Ermənistana kömək edir, – əlavə etdi Məmməd.
16 fevral – İsa danışır, Məmməd sakit-sakit ona baxırdı. Sonra İsa mənə müraciətlə dedi:
– Gülxanım bacı, bir dəyirman sahibi evinizi təmir etdirməyə söz verib.
Sonra İsa həmin adama bizim yanımızdan zəng etdi:
– Məmməd müəllimgildən zəng edirəm, dediyin söz necə oldu?
Bildim ki, İsaya yalandan vəd veriblər.
– İsa, görürəm hələ də yalan danışanlara inanırsan.
– Yalançını evinəcən qovmaq lazımdır – deyib getdi İsa.
Qapı döyüldü, açdım, qapıda əlində diplomat, səliqəli geyinmiş bir kişi dayanmışdı:
– Məmməd Arazın evidir?
– Bəli, buyurun içəri.
– Yox içəri keçmirəm. O, məni tanımır, əziyyət vermək istəmirəm. Mən böyük şairimizə bir şeir həsr etmişəm. Xahiş edirəm şeiri ulu şairimizə çatdırasan. Çatdır ki, bir millət kimi ölürük, məhv oluruq, qələmini bir az da itilətsin şairim. Mənim adım Faiq, familim Babayevdir.
Yerimdəcə donub qalmışdım. Danışdıqca kişinin gözlərinin dolduğunu, qəhərləndiyini görürdüm.
– Eh, saman çöpündən yapışan qardaşım, Məmməd kimdir ki! Qələmlə məgər bu dərdlərə çarə tapılarmı?
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ