Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Mada adasının cəmi 200 nəfərlik sakini var. Və bura Türkiyənin ən qeyri-adi ünvanıdır. İspartanın Şarkikaraağaç rayonu ərazisində yerləşən Mada adası ətrafında son zamanlar yağan yağışlar quraqlıq üzündən enən suyun səviyyəsini yenidən qaldırıb.
Bəyşəhər gölünün sahilində yerləşən və ərazisində yeganə yaşayış məskəni salınan şirin su adası Mada ətrafında su səviyyəsinin yüksəlməsi sakinlərin quraqlıqla bağlı narahatlıqlarını qismən aradan qaldırıb və bu, bölgə sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır. Bəyşəhər gölündəki 32 adanın ən böyüyü sayılan Mada adasının Qumluca məhəlləsində cəmi 30 ev var və buradakı əhalinin sayı 120 nəfərdən ibarətdir. Təxminən 200 ildir ki, adada məskunlaşaraq yaşayan yörük xalqı burada əkinçilik, heyvandarlıq və balıqçılıqla dolanışığını təmin edir.
Nadir təbii formalaşmalar arasında yer alan Mada adası Türkiyədə göl yaxınlığında yaşayış məskəni salınan yeganə ada olması ilə diqqət çəkir. Türkiyə mətbuatı bildirir ki, bölgədə əkinçilik və arıçılıqla məşğul olan 57 yaşlı Abdil Honamlıoğlu göldə suyun səviyyəsində ciddi azalma olduğundan narahat idi. Ada sakini hazırda yağışlarla bağlı bu kimi narahatlığının azaldığını ifadə edərək bildirib ki, son yağışlar göldəki suyun səviyyəsinin yenidən artmasına səbəb olub. O, suyun düzgün və qənaətlə istifadə edilməli olduğunu diqqətə çatdırıb. “Xüsusilə kənd təsərrüfatı suvarmasında damcı suvarma sistemlərinə üstünlük verilməlidir”, – deyə əlavə edib.
Qeyd edək ki, bura Anadolunun unudulmuş torpağı sayılır. Belə ki, qış aylarında ada ilə demək olar ki, əlaqə kəsilir. Bəyşəhər gölünün ən böyük adası olan Mada, qoynuna sığındığı sakinləriylə birlikdə unudulmuş vəziyyətdə yaşayır. Bu yaşayış məntəqəsi kiçik bir kənddir və adanın Toros dağlarına baxan tərəfi möhtəşəm mənzərələrə malikdir.
Yüz il əvvəl burada bir neçə yörük ailə məskunlaşmışdı. Elə o vaxtdan bəri də Bəyşəhər gölü içərisindəki adada həyat davam edir.
Tərcümə və təqdim edən: Zeynəb Əliqızı