Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Təzadlar”a təqdim edilmiş müraciəti aşağıda oxuya bilərsiniz:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının vətəndaşı, tarixçi Bəşirli Samir Telman oğlu tərəfindən
M Ü R A C İ Ə T
Çox hörmətli cənab Prezident!
Sizə bir tarixçi, bir tarix müəllimi və bir ziyalı kimi müraciət edirəm. Bu müraciətim respublikamızda tarix elminin bugünkü vəziyyəti və gələcəyindən narahat olan yüzlərlə tarix müəlliminin müraciətidir. Biz hamımız tarix fənninin və bir elm kimi tarixin gözdən düşdüyünün şahidiyik. Son bir neçə ildə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən aparılan məqsədyönlü işlər nəticəsində bunlar müşahidə olunur.
Qeyd etmək istərdik ki, tarix dərsliklərində bir-birinə zidd, akademik səviyyədə ümumi qəbul olunmuş görüşləri təkzib edən, elmilikdən uzaq və günümüzdə aktual olmayan məlumatlar yer alır. Dərsliklərin az qala hər il yenilənməsi və hər dəfə də yenilənmə adı altında lazımsız cümlələrin əlavə olunub-çıxarılması müəllim və şagirdlərdə çaşqınlıq yaradır. Bu azmış kimi, son zamanlar tarix fənnindən keçirilən bütün imtahanlarda (Olimpiada, DİM, MİQ) testologiyanın heç bir prinsipinə cavab verməyən əzbərçi sualların salınmasını görürük. Üstəlik, o suallardan bir çoxunun elmi-metodoloji baxımdan səhv tərtib olunması halları artmaqdadır. Sonuncu DİM və MİQ imtahanları buna bariz nümunədir.
Belə ki, 4 iyul 2025-ci il imtahanında bir sıra pozuntularla rastlaşdıq.
1. Sualların əksəriyyəti ikibaşlı və ziddiyyətli yerlərdən salınmışdı. Bəzi sualların dərslikdə konkret cavabı yox idi.
2. İmtahanda Manna ilə bağlı verilən Eyler –Venn diaqramı uyğunluq tipli 1 sualda “2” variant iki dəfə verilmişdi və bu da namizədlər arasında çaşqınlıq yaradırdı.
3. 1 sual çərçivədə verilmiş meyarlara uyğun deyildi. Belə ki, ARTİ tərəfindən çap edilmiş MİQ 2025 Qiymətləndirmə çərçivəsində 6-cı sinif üzrə istifadədə olan variativ dərsliklərdən yalnız ortaq mövzuların imtahana salınmalı olduğu qeyd olunsa da, imtahana bu dərsliklərin ortaq mövzusu olmayan Finikiya ilə bağlı sual düşmüşdü.4. İki sualın cavabı dərsliklərdə konkret verilməməklə yanaşı, akademik elmi nəşrlərdə ümumi həmin mövzularla bağlı elmi faktlara zidd tərtib olunmuşdu. Üstəlik, dərsliklərdə də onların cavabları ziddiyyətli şəkildə verilmişdir.
5. Bir sual konkret metodoloji və faktoloji baxımdan səhv tərtib olunmuş, imtahan verənlər və müəllim ictimaiyyəti arasında fikir ayrılığı və narazılığa səbəb olmuşdur. Həmin sualın da cavabı mübahisəlidir.
6. Bir sual da dərsliyin ziddiyyətli və mübahisəli yerindən salınmış və bu barədə dəqiq fikir dərslikdə verilməmişdir. Bu baxımdan o faktı da qeyd etmək lazımdır ki, həmin sualın cavabı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda doğru qeyd olunmuş və izah verilmişdir.
Suallardakı səhvlərlə bağlı bu məktuba əlavə etdiyim qoşmaya baxa bilərsiniz.
Bütün bunlarla bağlı Təhsil İnstitutu, Elm və Təhsil Nazirliyi və MÜTDA-ya rəsmi şəkildə müraciətlər edildi. Biz, tarixçi ekspertlərdən ibarət bir qrup ARTİ-dən xahiş etdik ki, bizi qəbul edib fikrimizi dinləsinlər. Lakin bizə bu barədə söz verilsə də, heç kim bunu yerinə yetirmədi. Halbuki “Vətəndaşların müraciətləri haqqında” qanunun 11.3.-cü bəndində deyilir: “Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə, müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidir”.
Həmin qanunun 10.4.-cü bəndində qeyd edilir: “Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır”.
Ölkədə yüzlərlə tarix müəllimi bu suallardan şikayət etdi, apellyasiya müraciəti elədi. Hamı o sualların səhv olduğunu bilirdi.. Biz dəfələrlə istər istər ETN, istər MÜTDA, istərsə də test suallarının tərtibinə cavabdeh qurum olan ARTİ rəhbərliyinə müraciət etsək də, bütün müraciətlər cavabsız qaldı. Əksinə, ETN və ARTİ məsələni ört-basdır edib vaxt uzatmaq yolunu tutdular. ETN-in özünün MİQ imtahanı keçirilməsi ilə bağlı verdiyi təlimatda apellyasiya şikayətlərinə 1 həftə ərzində baxılma qaydası qeyd olunsa da, nədənsə bu imtahanların yoxlanılması 2 həftədən çox çəkdi. Üstəlik, apellyasiya prosesinin özü də qeyri-şəffaf aparıldı. Belə ki,
– İmtahan verənlərə sual nümunələri təqdim edilmədiyi üçün onlar sualları dəqiq yadda saxlamaqda çətinlik çəkirdilər və beləcə hansı sualdan şikayət edəcəyini bilmirdilər.
– İmtahan verənlərə apellyasiyadan sonra şikayət üçün cəmi 48 saat vaxt verilmişdi.
– İmtahan verənlər üçün apellyasiyada cəmi 3 sualdan şikayət imkanı yaradılmışdı.
– Apellyasiya şikayətləri yazmaq üçün tələb olunan xanada simvol limiti qoyulmuşdu ki, bu da imtahan verənlərin öz fikirlərini aydın izah etməsinə mane olurdu.
– “İnzibati icraat haqqında” qanunun 21-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq apellyasiya prosesində bilavasitə iştirak etmək istəyən şəxslərə heç bir şərait yaradılmadı.
– Apellyasiya üzrə başqa suallardan müraciət edənlərə də eyni suallar üzrə cavablar gəldi (Məsələn, Qəmbərova Şəlalə).
Cənab Prezident, nəzərə almağınızı xahiş edirik ki, hər il MİQ imtahanlarında minlərlə şəxs iştirak edir. Onlar bu hazırlıq üçün külli miqdarda vəsait xərcləyir, vaxtını itirir. Amma ETN və ARTİ-dəki vəzifəli şəxslər və onların ora təyin etdiyi “tarix sualı hazırlayanlar” insanların taleyi ilə oynayırlar. Hər il MİQ imtahanlarında nəsə problem yaşanır. Lakin əvvəlki illərdə belə problemlər 1 və ya 2 sualda olardısa, bu il artıq 10-dan artıq sual problemli, onlardan 5 sual isə faktoloji baxımdan istər dərslikdəki məlumatlara, istərsə də elmi məlumatlara ziddir. Bütün bunlar stress altında olan imtahan iştirakçılarını dolaşdırır və onların imtahanda stressi artır, özgüvənləri azalır, nəticədə hətta bəzən illərin müəllimi belə bu tip imtahanda səhvlər edir və ya digər suallara baxmağa vaxtı qalmır. Onu da qeyd edim ki, eyni hal həm kimya, həm Azərbaycan dili, həm də digər fənlərdə də yaşanır. Niyə axı, bu qədər insanın taleyi hansısa qurumun məsuliyyətsiz davranışına görə puç olmalıdır? Niyə imtahana ikibaşlı, səhv və hiyləgər suallar həddindən artıq salınmalıdır?
Halbuki elə həmin ARTİ-nin əməkdaşı, əməkdar müəllim və 72 nömrəli məktəbin tarix müəllimi Aydın Allahverdiyev həmin Təhsil İnstitutunun nəşr etdirdiyi “Kurikulum” jurnalının 2011-ci il, 1 nömrəli sayında “Test tərtibinn bəzi elmi, pedaqoji və etik prinsipləri” adlı məqaləsində qeyd edir:
“Qeyri-standart, mübahisəli, məzmunu aktual olmayan, əzbərlənmiş bir cümlənin tapılmasını ehtiva edən, bacarıq və vərdişlərin deyil, sırf hafizənin yoxlanmasına istiqamətlənmiş test tapşırıqlarına bu gün də tez-tez rast gəlinir.Bu, bir tərəfdən sovet təhsil sistemindən qalma stereotiplərə, digər tərəfdən isə test tərtib edən müəllimlərimizin test tərtibinin metodikası ilə zəif tanışlığı ilə əlaqədardır“.
“Hər bir test onu tərtib edənin təkcə intellektinin deyil, həm də mənəviyyatının güzgüsüdür.Test tərtibçisi testi yazarkən unutmamalıdır ki, demokratik cəmiyyətdə mübahisələr “kim güclür, o da haqlıdır” cəngəllik prinsipi ilə deyil, qanun müstəvisində həll olunur. Bu səbəbdən hüquq elminin “bel sütunu”nu təşkil edən təqsirsizlik prezumpsiyası test tərtibinin ana prinsipi olmalıdır.” Test sualdan başlanır, sual düzgün tərtib edilməli, yəni dəqiq və anlaşıqlı olmalı, birmənalı dərk edilməlidir. Pedaqogikada müxtəlif cür yozulan, yaxud əlavə izahat tələb edən suallar səhv suallar sayılır. Məsələn: 1. Məntiqi ardıcıllığı tamamlayın…. (hansı?), 2. İstanbul sülhünün şərtlərinə görə (hansı?) 3. Daha gec baş vermişdir (daha əvvəl, yaxud daha sonra) (səh 28)
“…müəllif test yazarkən :
– Milli, dini və sosial ədavət təbliğ edən,
– Sosial təcrübə baxımından faydalı olmayan,
– Dərsliklərdə ziddiyyətli və dolaşıq verilən,
– Elmi baxımdan mübahisəli sayılan,
– Mütilik və məddahlıq tərbiyə edən
…. mövzulara yaxşı olardı ki, toxunmayaydı. Bununla yanaşı, tarixi faktları təhrif etməklə “bəzəkli testlərin yazılması yolverilməzdir. Unutmaq olmaz ki, “Tarix yazmaq, tarix yaratmaq qədər məsuliyyətli işdir. Bu işdə yazan yaradana sadiq qalmazsa, tarix insanları çaşdıran mahiyyət kəsb edəcək, yəni yalana çevriləcəkdir”.
Sual olunur, niyə ARTİ bu prinsiplərə özü əməl etməmişdir? Burada onun marağı nədir? Niyə sizin apardığınız təhsil siyasətinə xələl gətirən addımlar atırlar?? Axı niyə bir müəllim “mən artıq öz peşəmə nifrət edirəm!” deyəcək səviyyəyə gəlməlidir? Niyə tarix bir qrup tarixdən bixəbər şəxsin əlində əsir olmalıdır? Təhsil İnstitutunun onları himayə etməkdə məqsədi nədir?
Onu da bildirim ki, indiyə qədər ARTİ-dəki bəzi “ekspertlər” tərəfindən sualların ayrı-ayrı özəl kurslara satılması və həmin kurlsardakı müəllimlər tərəfindən istifadəsi faktlarla sübuta yetirilmiş və bu barədə ARTİ rəhbərliyi özü etiraf etməyə məcbur olmuşdur. Sual tiplərinin xarakteri və tarix hazırlığı keçənlər arasındakı münasibətləri yaxşı tanıdığımdan bu məsələdə mənim də əsaslı şübhələrim var.
ARTİ-də tarix dərsliyi yazarların, həmçinin elə MİQ imtahanı sualı hazırlayanların akademik tarix elmindən xəbərsiz olması məsələsi şəksiz məsələdir. Bunu onlar özləri mənə göndərdikləri rəsmi cavablarında “sübut” ediblər. Bəs belə şəxsləri axıra qədər himayə edən ARTİ-nin marağı nədir? Bənzər hallar kimya və Azərbaycan dili fənlərində də yaşanmaqdadır. Lakin biz hələ ki, yalnız tarix fənnindən danışırıq. Hesab edirəm ki, bu barədə araşdırma aparmaq lazımdır. Onların əksərinin elmi adı, akademik səviyyəsi yoxdur, lakin tarix dərslikləri yazırlar. Olduqca paradoksal və maraqlı məsələdir.
Cənab Prezident, bir vətəndaş kimi ictimai və dövlət maraqları baxımından bu məsələdən sizi xəbərdar etmək istədik. Tarix elə bir fəndir ki, uşaqlarda analitik düşüncə qabiliyyəti, vətənə sevgi aşılayır. Ancaq indiki Təhsil institutunda tarix fənni üzrə bölmədə özünə kök salan şəxslərin yanaşması əzbərçiliyə əsaslanır. Son illərin dərslikləri də sırf bu yanaşmaya uyğun tərtib olunmaqdadır.
Cənab Prezident, siz özünüz də müəllim olmusunuz. Mərhum atanız da ixtisasca tarixçi olmuş və “mən müəllim adından daha yüksək ad tanımıram” demişdir. Buna görə siz bizi gözəl başa düşürsünüz. Bizim narahatlığımız təkcə MİQ imtahanında düşmüş səhv suallarla bağlı deyil. Bizim narahatlığımız MİQ müsabiqəsində uğur qazanaraq, vakansiya tutmaqla da bağlı deyil. Bizim narahatlığımız tarix fənninin və tarix elminin bütövlükdə hörmətdən düşməsi ilə bağlıdır. Əgər MİQ və digər imtahanlarda bu tip qeyri-elmi, diletant səviyyədə, əzbərçi suallar olacaqsa zəncirvari reaksiya olaraq aşağıdakılar baş verəcək:
1. Həm orta məktəblərdə müəllimlər Sertifikasiya imtahanına görə, həm də müəllim olmağa hazırlaşanlar MİQ imtahanına görə tarixi öyrənərkən və tədris edərkən evristik, yaradıcı, məntiq əsaslı deyil, əzbərçi, doqmatik yanaşmaya üstünlük verəcəklər.
2. Tarixin tədrisi prosesində yaradıcı təfəkkür, məntiqi araşdırmaya meyilli yanaşma “tarixə” qovuşacaq. 3. Akademik tarix nəşrləri müəllimlər tərəfindən daha az oxunacaq. Çünki imtahanlarda onlardan əldə olunan məlumatlar “dərslikdə yoxdur” adı altında açıq-aşkar təqzib olunur. Bununla da müəllimlərə dərslik əzbərləmək təşviq olunur.
4. Və nəticədə MİQ imtahanında daha məntiqli, savadlı, akademik biliyə,analitik və yaradıcı düşüncəyə, məntiqi təfəkkürə malik şəxslər deyil, əzbərçi və bu sualları tərtib edən şəxslərlə əlaqəsi olanlar uğur qazanacaq.
5. Bu əzbərçi şəxslər tərəfindən məktəblərdə tarix dərsi də onların qavradığı formada öyrədiləcək və tarix fənninin əsas məqsədi olan analitik təfəkkürə malik gənc nəsil yetişdirmək məqsədi sıradan çıxacaq.
6. Bunun da nəticəsində universitetlərimizdə məntiqli və savadlı dünyagörüşü olan deyil, mexaniki əzbərçi müəllimlər tərəfindən yetişdirilən, düşüncə qabiliyyəti olmayan ancaq əzbərləməyi bacaranlar tələbə olacaq.
Bizi narahat edən əsas məsələ budur. Ən əsası, ARTİ və ETN-in bu davranışı nə dövlət qulluğu etikasına sığır, nə elmi etikaya. Bizim arqumentlərimizi yaxından dinləmək əvəzinə məsələni ört-basdır eləmək siyasəti elə bir-başa sizin siyasətinizə vurulan zərbədir! Çünki bu adamların atdığı belə addımlar minlərlə şəxsin ümidini qırır və onları narazı salır. “Bizə töhmət gəlməsin, qalan nə olursa olsun, onsuz da yuxarıda kim nə bilir?” təfəkkürü ilə yanaşırlar. Bir dövləti dövlət edən onun sağlam vətəndaşlarıdır. Biz bu məsələdə öz vətəndaş mövqeyimizi ortaya qoyaraq bu məsələdən sizi xəbərdar etməyi özümüzə borc bilirik.
Hazırda Bakı İnzibati Məhkəməsinə şikayət ünvanlamışıq. Bir sıra mütəxəsislər bizə dəstək verirlər. Tələbimiz səhv sualların imtahan verənlərin xeyrinə hesablanması və arzu edənlər üçün yeni imtahanların təşkil olunması, bu tip əzbərçi, qeyri-elmi yanaşma sərgiləyənlərlə bağlı araşdırma başladılıb onların ARTİ-dən birdəfəlik uzaqlaşdırılmasıdır. Amma bizim son qalamız, əsas ümidimiz sizsiniz. Məhkəmə prosesi aylarla çəkə bilər və bizə təsəlliedici nəticələr verə bilər. Siz isə istəsəniz, məsələnin daha dəqiq araşdırılmasını təmin edə bilərsiniz. Bunun üçün bircə sərəncamınız kifayətdir. Əgər lazımdırsa, mən tək öz elmi dəlillərimlə obyektiv moderator qarşısında onların hamısı ilə elmi debat etməyə razıyam və bunu istəyirəm. Arqumentlərimi sizə qoşmada göndərmişəm. Buyurun, özünüz baxın. Qoy kimin haqlı olduğu orada görünsün. Amma məsələ başqalarının ümidinə qalsa, onlar bu məsələni ört-basdır edib bizim haqqımızı yeyəcəklər. Bu məsələni də “biznesə” çevirəcəklər. Odur ki, cənab Prezident, bizi – tarixçiləri himayənizə götürün! Bizim sizdən başqa güvənəcəyimiz bir şəxs yoxdur! Bizim haqqımızın bərpa edilməsinə köməklik göstərin .
Qoşma –
1. MİQ imtahanı suallarının təhlili
2. Mütəxəsislər tərəfindən suallarla bağlı verilən rəylər
Dərin hörmətlə Samir Bəşirli
28.07.2025
e-mail : samirbeshirli@gmail.com
Telefon : (070) 746 50 03
XXX
Biz aşağıda adı çəkilən şəxslər – tarix müəllimi, tarixçilər və MİQ 2025 Tarix imtahanında iştirak edənlər – həmkarımız Samir Bəşirli tərəfindən qeyd olunan məsələlərdə onunla tam həmfikir olduğumuzu bildiririk və bu məsələdə bizə yardım etmənizi xahiş edirik .
1. Camalova (Zülfüqarova) Ayşən Asif qızı,
2. Qəmbərova Şəlalə Vaqif qızı
3. Qarazadə Cəvahir Azər qızı
4. Xəlilli Aytac Qadir qızı
5. Haxverdiyeva Bəyim Vaqif qızı
6. Hümmətli Anar İntiqam oğlu
7. Səfərova İlahə Niyazi qızı
8. Rzayev Samir Zülfüqar oğlu
9. Ağakişiyeva Nərgiz Mirədhəm qızı
10. Məmmədov Elçin Xanbaba oğlu
11. Bəşirli Fəxriyyə Qürbət qızı
12. Həsənova Gülnaz Nazir qızı
13. Nuriyeva Şəhla Yəhya
14. Babayeva Nəzifə Bəşir
15. Muxtarzadə Orxan Naib oğlu
16. Əsgərova Nailə Hüseyn qızı
17. Talibova Vəfa Gülmalı
18. Sadiqova Tünzalə Ceyhun qızı
19. Hacıyeva Lətifə Fazil
20. Şükürova Vüsalə Ziyafət qızı
21. Adgözəlzadə Elmira Tahir qızı
22. Xəlilov Anar Bayram oğlu
23. Şahinli Siddiqə Cavanşir qızı
24. Qasımova Günay Elman qızı
25. Eyvazov Alı Gümrah oğlu
26. Quliyev Elməddin Nurəddin oğlu
27. Bədəlova Türkanə Eldəniz qızı
28. Dadaşov Tərlan Nürəddin oğlu
29. Hüseynova Arzu Mayis qızı
30. Mustafayev Rəvan Habil oğlu
31. Hüseynova Nəzrin Habil qızı
32. Məmmədova Vüsalə Vəli qızı
33. Quluzadə Zeynəb Mustafa qızı
34. Ağayeva Nəsrin Nəsrəddin qızı
35. Əliyev İlqar Müşfiq oğlu
36. Novruzov Əli İsa oğlu
37. Əhmədzadə Aytən Yunis qızı
38. Abduləliyev Tərlan Tahir
39. Rizvanlı Murad İlqar oğlu
40. Həsənov Muraz Məsim oğlu
41. Xasıyev Mübariz İlham oğlu
42. Kazımova Aynaz Anar qızı
43. Əlyarlı Aytəkin Mübariz qızı
44. Xəlilov Anar Bayram
45. Nəcəfova Qızyetər
46. Qurbanlı Ayxan Samir oğlu
47. Rüstəmov Kərəm Asif
48. İbrahimov Təbriz Şahmar
49. Qasımov İlkin Ağa
50. İbrahimli Jalə Rasim qızı”.