Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən ayrılaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov məlumat verib.
Onun sözlərinə görə, uşaqlar hazırda nəzarət altındadır: “Dövlət Komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları ailəyə baxış keçirib, vəziyyəti yerində qiymətləndiriblər. Zərərçəkmiş uşaqlardan ikisi dövlət müəssisəsinə yerləşdirilib, onların sağlamlıq durumu isə mütəmadi olaraq nəzarətdə saxlanılır və müayinədən keçirilir”.
“Yekun nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq. Eyni zamanda, uşaqların sağlamlığı və sosial müdafiəsi ilə bağlı bütün zəruri addımlar dövlət qurumları tərəfindən atılır. Bu prosesə Dövlət Komitəsi ilə yanaşı, uşaqların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən komissiyalar və digər aidiyyəti qurumlar da cəlb olunub”, – deyə E.Səfərov qeyd edib.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.
Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı “TikTok”da canlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.