10 Fevral 2026 / 11:47

ÖZÜNÜ DTX-Çİ VƏ “PAŞABANK”IN İŞÇİSİ KİMİ TƏQDİM EDƏN ORXAN SƏLİMZADƏ HƏBS OLUNDU-TƏCİLİ

“Təzadlar” qəzetinin və tezadlar.az portalının oxucularına Orxan Valeh oğlu Səlimzadə adlı gənc və onun qanunsuz əməlləri yaxşı tanışdır… Bu barədə çoxsaylı şikayətlər əsasında ətraflı araşdırma yazısı dərc edilib. Qısaca desək, Orxan adlı bu şəxs gənc qızları işə cəlb etmək adı altında… onları aldadır, sonra isə “oyundankənar vəziyyət”ə salır və… Redaksiya daxil olan konkret şikayətlər əsasında dəfələrlə ətraflı araşdırma aparmışdır və faktlar təsdiqini tapmışdır… Sadəcə, şəxsi həyatı ilə bağlı olan hadisələrə görə adının bəzən açıqlanmasını istəməyən gənc qızlar təkrarən bildirmişlər ki, artıq hüquq mühafizə orqanları Orxan adlı bu fırıldaqçı ilə məşğul olur, amma o, saxlanıldıqdan az sonra buraxılır.
Bu dəfə isə onun toruna Bakı şəhər sakini Əliyev Nahid Naib oğlu və adının hələki açıqlanmasını istəməyən X adlı bir xanım redaksiyamıza bu dəqiqələrdə zəng vurub ətraflı danışdılar.
Məlum olur ki, Orxan Valeh oğlu Səlimzadə bu gün səhər saatlarında zərərçəkən A adlı şəxsin şikayəti əsasında Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Yenə də eyni əməl: alıb-aldatma və dələduzluq!
Şikayətçi Əliyev Nahid Naib oğlu deyir: “…Bizə dedilər ki, sizin qəzet şikayətləri araşdırıb tədbir gördürür, zərərçəkənlərin hüquqları bərpa olunur, ona görə də sizdən kömək istəyirəm. Orxan Səlimzadə bu ilin yanvarın 10-da məni dəvət etdi ki, öz şəxsi avtomobilini götür, səni aylıq 2621 manat maaşla işə götürürəm və s. Müqavilə bağladıq. Beləliklə, benzin və digər məsrəfləri öz hesabıma, hazırda mənə 2621 manat pul borcu var, vermir. Bu azmış kimi, o, özünü Bakının Nizami rayon DTX-sinin əməkdaşı və “Paşabank”ın səlahiyyətlisi kimi təqdim etdiyindən ona inanmışam. Bu səbəbdən ailəm və qohumlarım ona pul ödəyərək bəzi mallar da sifariş vermişdir. Məsələn, 224 manatlıq 2 ədədd televizor, 540 manatlıq “Ayfon” telefon və digər mallar. Bunların heç biri yoxdur və bizə məlum olur ki, dələduzluq edib. Hazırda Nizami rayon DTX-sinə şikayətə gedirəm ki, bilsinlər ki, onların adından sui-istifadə edərək belə dələduzluqlar edir, insanlar da inanır, tələyə düşür…”.
Hər iki şikayətçi bizdən xahiş etdi ki, barəsində dəfələrlə cinayət işi qaldırılan Orxan Səlimzadə barəsində bu dəfə ciddi tədbir görülsün, polisdə dindirilib buraxılmasın.
  ***
“Təzadlar”a təzəlikcə daxil olan şikayətlərdən isə bəlli olur ki, Orxan əməlindən əl çəkmir. İndi daha “müasir” fırıldaqçılıqla məşğuldur.
Bu da təzəlikcə aldadılmış qızlardan daxil olan yeni şikayət məktubu: “Hörmətli “Təzadlar”! Bir müddət əvvəl bu Orxan haqqında yazmışdınız, o vaxt tədbir görüldü… Təəssüf ki, eyni hallar yenidən təkrarlanır. Həmin şəxs insanları, xüsusilə də gənc qızları “Zadeum”, “Bazarım”, “Axis Point” adlı layihələr və Team Plaza ofisi vasitəsilə iş adı ilə aldadır. Mənim özüm də bu şəxsin tələsinə düşməyimlə bağlı foto, video, WhatsApp yazışmaları və səs yazıları mövcuddur. Bundan başqa, mənim kimi aldadılan digər qızların mesaj və səs yazılarını da əldə etmişəm. Sizə göndərirəm… Biz yalnız “Təzadlar”a inanır və etibar edirik. Xahiş edirik, bizə kömək edin, dayaq olun, bu fırıldaqçını şikayət etdiyimiz qurumlarda müdafiə etməsinlər. Cənab nazir Vilayət Eyvazova ünvanlı müraciətimiz var, onu da yayımlayın… Bizə arxa olun, kömək edin! Xahiş edirik,  bu məsələni ictimailəşdirəsiniz ki, başqaları da aldanmasın. Lazım gələrsə, mövcud sübutları sizinlə bölüşməyə hazırıq.  Hörmətlə, Sultanova Səbinə Zakir qizi və başqaları”.
Orxan Səlimzadənin bu gün saxlanılması ilə bağlı  Suraxanı RPİ-nin 30-cu polis bölməsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışırıq. Çünki əlavə şikayətçilər də var…
“Təzadlar”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!