5 Fevral 2026 / 14:35

PAŞİNYAN KOÇARYANLA SARKİSYANI MƏYYUS ETDİ: “Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb”

“Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişə artıq başa çatıb”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan Əbu-Dabidə keçirilən “Zayed” Humanitar Qardaşlıq Mükafatının 2026-cı il üzrə təqdimetmə mərasimində bildirib. Paşinyanın sözlərinə görə, təxminən 40 il ərzində “sülh”, “Ermənistan” və “Azərbaycan” sözləri bir arada demək olar ki, səslənməyib və hətta birlikdə işlədildikdə belə, bu, qeyri-mümkün görünən bir anlayış olub.

Paşinyanın fikrincə, məhz buna görə 2025-ci ildə baş verənlər və hazırda müşahidə olunan proseslər tarixi və misilsiz hadisədir: “Bu mərasim təkcə sülh sazişinin qeyd olunması deyil. Bu, eyni zamanda Ermənistan və Azərbaycanın münaqişə səhifəsinin bağlandığını təsdiqləməsidir. Əks halda, nə Azərbaycan Prezidentinin, nə də mənim buraya gəlməyimin və bu mükafatı qəbul etməyimizin heç bir mənası olmazdı. Bu, həm də beynəlxalq ictimaiyyətin dəstəyinin ifadəsidir, çünki qərarı dünyanın müxtəlif yerlərindən olan son dərəcə nüfuzlu şəxslərdən ibarət münsiflər heyəti qəbul edib”, – deyə Nikol Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, mükafat rəsmi olaraq Ermənistan və Azərbaycan liderlərinə təqdim edilsə də, əslində hər iki ölkənin xalqına məxsusdur.

Beləliklə, Paşinyan Ermənistan tarixində bir ilkə imza atdı və separatçı- cinayətkar Koçaryanla əli Xocalı qətliamında yüzlərlə günahsız insanların qanına batmış Serj Sarkisyanı yerlə bir etdi.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!