21 İyul 2025 / 11:18

Peşə məktəbinə qəbul olmaq istəyirsən?- SABAHA HAZIR OL!

Sabahdan peşə təhsili üzrə qəbul prosesi başlayır. Tezadlar.az bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə bu barədə danışıb. Kərəmov deyib ki, peşə təhsili üzrə tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Peşə təhsili almaq istəyən şəxslər 22 iyul-11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Qəbul 152 ixtisas üzrə olacaq.

Ceyhun Kərəmov qeyd edib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötür. Onun sözlərinə görə, 2020-ci ildən bəri peşə təhsilinə maraq 71.5% artıb: “2025/2026-cı tədris ili üçün ümumi qəbul planı üçün 32,620 yer ayrılıb. Onun 75%-i dövlət sifarişi, 25%-i isə ödənişli əsaslar üçün nəzərdə tutulub. Bundan əlavə, dövlət sifarişli yerlər əvvəlki illərlə müqayisədə artaraq 24,280-ə çatıb. Qəbul yerlərinin 60%-i regionlar üçün nəzərdə tutulub. Ən çox plan yeri isə aşpaz, dərzi, elektrik montyoru, mühasib, bərbər-vizajist ixtisaslarına ayrılıb”.

Qəbul planının 92%-i Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisələr üçün nəzərdə tutulub.

Peşənizi dərindən öyrənin ki, kimsə sizi yenidən öyrətməsin. Dahi Nizami yazırdı:

“Mahir bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan!”

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!