4 Sentyabr 2025 / 15:39

Putin Zelenski ilə niyə Moskvada görüşmək istəyir?-DƏVƏT VAR

İki gün əvvəl Pekində jurnalistlərin suallarını cavablandıran Vladimir Putin bildirib ki, o, Ukrayna nizamlanması üçün “tunelin sonunda işıq görür”, lakin eyni zamanda Rusiya qarşıya qoyulan vəzifələri hərbi yolla həll etməyə hazırdır. O, həmçinin Zelenskini görüşə hazır olduğu təqdirdə Moskvaya gəlməyə dəvət edib. Tezadlar.az Rusiya Federasiyası Prezidentinin mətbuat xidmətinə istinadən Vladimir Putinin jurnalistlərin suallarına dair cavablarının tezislərini təqdim edir:

Putin Ukrayna haqqında:
“Biz həmişə Ukraynanın Şimali Atlantika blokunun üzvü olmasına etiraz etmişik, lakin heç vaxt onun iqtisadi və biznes fəaliyyəti ilə istədiyi şəkildə məşğul olmaq hüququnu, o cümlədən Aİ-yə üzvlüyünü şübhə altına almamışıq. Biz ərazilər uğrunda deyil, insan hüquqları və bu ərazilərdə yaşayan insanların öz dillərində danışmaq, öz mədəniyyətləri və adət-ənənələri çərçivəsində yaşamaq hüququ uğrunda mübarizə aparırıq”.
“Hələ 2022-ci ildə biz Ukrayna hakimiyyətinə təklif etmişdik ki, onlar Ukraynanın cənub-şərqində yaşayan insanların seçiminə hörmətlə yanaşsınlar, qoşunlarını oradan çıxarsınlar və bu münaqişəyə dərhal son qoysunlar. Ümumiyyətlə, bu, tam rədd cavabı deyildi… Amma biz Qərbi avropalı həmkarlarımızın təkidli çağırışlarından sonra, demək olar ki, vəziyyətimizi dəyişdirdik və Kiyevdən dərhal geri çəkildik. Olduğu kimi deyirəm: ya sən üzünü bizə çevirəcəksən, ya da biz sənə… Və sən üzünü bizə çevirənədək də döyüşəcəyik (…). Buna baxmayaraq, mənə elə gəlir ki, əgər sağlam düşüncə üstünlük təşkil etsə, o zaman bu münaqişənin sona çatması üçün məqbul variantda razılaşmaq olardı.
Zelenski ilə mümkün görüş haqqında:
“Mən bundan heç vaxt imtina etməmişəm, əgər bu görüş yaxşı hazırlanıbsa və müəyyən müsbət mümkün nəticələrə gətirib çıxaracaqsa. Yeri gəlmişkən, Donald Tramp məndən mümkünsə belə bir görüşün keçirilməsini xahiş etmişdi. Mən dedim: “Bəli, mümkündür.” Sonda Zelenski hazırdırsa, Moskvaya gəlsin – belə bir görüş baş tutacaq”.
Putin Almaniya kansleri Merzin Putinin dövrümüzün ən ciddi hərbi cinayətkarı olması ilə bağlı bəyanatı haqqında:
“Hesab edirəm ki, bu, Ukraynada baş verən faciəyə görə məsuliyyəti şəxsən ondan yox, ümumilikdə “kollektiv Qərb”dən uzaqlaşdırmaq üçün uğursuz cəhddir”.
Putin Pekində keçirilən paradda Trampın “ABŞ-a qarşı sui-qəsd” ediləcəyi ilə bağlı sözlərinə dair:

“Birləşmiş Ştatların prezidenti yumorsuz deyil. Onunla yaxşı münasibətlərim var. Bu dörd gün ərzində heç kim indiki Amerika administrasiyası haqqında mənfi mülahizələrini bildirməyib”.
Azərbaycanla əlaqələr haqqında:
“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə müəyyən suallar yaranır. Azərbaycanla da bağlı problemlər var… Amma bu gün biz Prezident Əliyevi salamladıq – mən onu və xanımını salamladım, bir neçə kəlmə danışdım. Amma inanıram ki, Azərbaycanla Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”.

Trampla Moskvada təklif olunan görüş haqqında:

“Tarixlər məlum deyil, görüşə hazırlıq getmir, amma dəvət masanın üstündədir”.

Tərcümə və təqdimat: A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!