9 Aprel 2026 / 22:15

QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…

 …ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə edilməsi qlobal geosiyasi əhəmiyyət kəsb etməklə yanaşı, yerləşdiyimiz yaxın regionda sabitlik və inkişaf baxımından da mühüm hadisə hesab edilə bilər.
Bəziləri bu münaqişədə “ABŞ qalib gəldi”, bəzıləri “İran qalib gəldi” kimi ritorikalar səsləndirsə də, burada mütləq qalib yoxdur.
Atəşkəsin təmin olunması əlbəttə, yeni yarana biləcək gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sözsüz ki, bundan sonra hadisələrin inkişafı danışıqlar prosesində aydın olacaq və dayanıqlı sülh üçün hər iki tərəf güzəştə getməlidir.
Güman etmək olar ki, İslamabadda aparılacaq danışıqlar nəticəyönümlü və məhsuldar olacaq, vəziyyətin diplomatik yollarla həllinə imkan verəcək, tərəflər arasında birbaşa əlaqələrin qurulması dünyada vəziyyəti də büsbütün dəyişəcək.
Rəsmi Bakı da prosesin uğurlu sülh akkordları ilə başa çatacağına inanır.
Azərbaycan həm ABŞ-la strateji tərəfdaşdır, həm də İranla yaxın tarixi dostluq, qonşuluq münasibətlərinə malikdir. İranda 30 milyondan artıq Azərbaycan türkü yaşayır, bu coğrafiya bizim tarixi sivilizasiyamızın bir hissəsidir.
Ona görə də, İranda sabitliyin bərqərar olması bölgəmiz üçün təhlükəsiz və rifah cəmiyyətinin möhkəmlənməsi, bu ölkədə yaşayan soydaşlarımızın gələcəyi baxımından həyati əhəmiyyət daşıyır.
Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyib.
Cənab Prezident İlham Əliyevin aprelin 8-də İran Prezidenti Məsud Pezeşkiana zəngi zamanı da bu mövqe bir daha nümayiş etdirildi.
Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı atəşkəsin elan olunmasından sonra İranı təbrik edən ilk lider oldu və bunun özü Azərbaycanın nə qədər sülhpərvər və müharibələrə yox deyən dövlət olduğunu təsdiqləyir.
Ümumiyyətlə, bölgədə dayanıqlı sülhün möhkəmlənməsi Azərbaycan və İran, eləcə də Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək amildir. Bu, siyasi, iqtisadi, ticari əlaqələrin davamlı və öz ahəngi üzrə normal davam etməsi baxımından də vacibdir.
Atəşkəs razılaşmasında nəzərdə tutulan müzakirə predmetlərindən biri dünyanın iqtisadi həyatında xüsusi rol oynayan Hörmüz boğazının açılmasıdır. Bu nəqliyyat logistikasının açılması qlobal ərzaq inflyasiyasının qarşısını almaqla, yeni böhranı da əngəlləmiş olur ki, bu da hər bir ölkəyə faydalıdır.
Vaqif ABDULLAYEV,
professor
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!