“Qarabağ”ın prezidenti Tahir Gözəl: “Büdcəmiz var, bütün məsələlər qaydasındadır. Qalır uyğun futbolçunu tapmaq”
“Bizim səviyyədə, sponsor səviyyəsində hər şey hazırdır. Büdcəmiz var, bütün məsələlər qaydasındadır. Qalır uyğun futbolçunu tapmaq. Artıq demək olar ki, skaut komandamız bu işlə tam gücü ilə məşğuldur və hər şey onlardan – Elçin hocadan, Qurban hocadan – asılıdır. Artıq top onlardadır, biz isə cavab gözləyirik.
Qurban hocamın çox gözəl bir xüsusiyyəti var: o, futbolçunun yalnız oyun zamanı deyil, meydandan kənardakı davranışına, əxlaqına da ciddi diqqət yetirir. Çünki futbolçu mübariz olmalı, tənbəl olmamalı və “Qarabağ”a uyğun gəlməlidir. Əgər bizə gələn futbolçu komandaya uyğunlaşmasa, bu, həm vaxt itkisi, həm də böyük risk deməkdir. Dünyada artıq hamı futbolçunu eyni yerlərdə axtarır. Bu, ən çətin və ən həssas məqamdır. Hara gedirsənsə, görürsən ki, 7 skaut komandası həmin oyunçunu izləyir. Bir daha deyirəm, Elçin hocadan, Qurban hocadan və skaut komandamızdan xoş xəbər gözləyirik. Biz də sizin kimi bu xəbəri həyəcanla gözləyirik.”