26 İyul 2025 / 10:13

Qazaxıstanın cənubunda hərbi helikopterin qalıqları tapılıb

Axtarış qrupları cümə günü Almatı vilayətində itkin düşən Eurocopter EC-145 hərbi helikopterinin qalıqları olduğu güman edilənləri tapıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzinin operativ qərargahında aparılan kosmik monitorinq zamanı Almatı vilayətində Sorbulak gölünün akvatoriyasında neft xarakteri daşıdığı ehtimal olunan ləkə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən ibarət qrup dərhal qeyd olunan əraziyə hərəkət edib.

Axtarış gecə saatlarında da davam etdirilib. Baxış nəticəsində hadisə yerində Qazaxıstan Respublikasının Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus olduğu ehtimal edilən təyyarənin parçaları aşkar edilib”, – deyə məlumatda bildirilir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri işləyir. Xüsusi texnika: əks-səda cihazlarından, PUA-lar və sualtı pilotsuz uçuş aparatlarından istifadə olunur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!