“…Qeyri-səlis məntiqin iki müddəası var, üçüncüsü yoxdur. Birinci müddəa odur ki, dünyada hər bir şeyin, hər bir münasibətin, hər bir hadisənin dərəcəsi var, bircə Allahdan başqa. Mütləq olan ancaq Allahdır. Ailədə övlada olan məhəbbətin, qardaşa olan məhəbbətin də dərəcəsi var.
İkinci müddəa odur ki, qeyri-səlis məntiq hadisəni rəqəmlərlə qəbul etmir. Ümumiyyətlə, dünyada informasiya iki cürdür. Biri ölçü informasiyasıdır ki, onu ölçmək olur. Məsələn, temperaturu, təzyiqi ölçmək olur. Amma xoşbəxtliyi necə ölçəcəyik? Bunu ölçmək üçün heç bir cihaz yoxdur. Yaxud da iqtisadiyyatın dərəcəsini götürək, bunu necə ölçəcəksən? Deyirlər ki, qalxan iqtisadiyyatdır, enən iqtisadiyyatdır, sabit iqtisadiyyatdır, amma demirlər ki, əlli tam onda beşdir, altmış tam onda üçdür… Buna persepsiya informasiyası, qavrama informasiyası deyirlər. O yerdə ki ölçmə informasiyası işləmir, orada qeyri-səlis məntiq nəzəriyyəsi işləyir. Qeyri-səlis məntiq söz ilə işləyir, rəqəmlərlə işləmir. Həm də bu persepsiya informasiyanı hissə-hissə deyil, toplu halında qəbul etməyi əsas tutur.