Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin ilk yarısında Rusiya Federasiyasının hərbi büdcəsi yeni tarixi rekorda çatıb. Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsasən, ölkənin hərbi xərcləri 8,5 trilyon rubldan (təxminən 106 milyard ABŞ dolları) çox olub. Tezadlar.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri Almaniyanın Beynəlxalq Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Yanis Kluqenin araşdırmasına istinadən xəbər verir. Məlumatlara görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə Rusiya ordusu və silah istehsalına ayrılan vəsaitlər 31% artıb. 2023-cü ilin birinci yarısı ilə müqayisədə bu artım 95%-ə çatır. Müharibənin ilk ili ilə müqayisədə isə hərbi xərclər üç dəfədən çox artıb.
Hazırda Rusiya ayda orta hesabla 1,4 trilyon rubl (17,4 milyard dollar), gündə isə təxminən 47 milyard rubl (585 milyon dollar) hərbi məqsədlərə xərcləyir. Bu göstərici ölkənin ən kasıb regionlarından biri olan Qaraçay-Çərkəz Respublikasının (illik büdcəsi 30,5 milyard rubl) illik büdcəsini üstələyir. 2025-ci ilin birinci rübündə hərbi xərclərin federal büdcədəki payı 41%-ə yüksəlib. İlin ikinci rübünün sonunda bu rəqəm 40% civarında olub. Beləliklə, federal büdcəyə daxil olan hər iki rubldan biri faktiki olaraq Ukrayna ilə müharibənin maliyyələşdirilməsinə yönəldilir. Yanis Kluqenin araşdırmasına görə, hərbi büdcənin təxminən 62%-i məxfiləşdirilib. İlin ilk altı ayında açıq büdcə maddələri üzrə 3,2 trilyon rubl, məxfi xərclər üzrə isə 5,3 trilyon rubl xərclənib. Bu, ötən illə müqayisədə 41%, 2022-ci illə müqayisədə isə dörd dəfə artım deməkdir.
Məlumatlara görə, Kreml 2026-cı ildə də hərbi xərclərin azaldılmasını planlaşdırmır – hətta Ukrayna ilə sülh razılaşması əldə olunsa belə. Rəsmilərin fikrincə, silah istehsalı davam etməli, çünki qarşıdurma dayanmır və Qərb də hərbi gücünü artırır.