Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək, dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.
***
Qeyd edək ki, yay aylarında ofis pəncərəsindən və digər otaqdan kənar iş şəraitində temperatur adi həddi aşdıqda, hər kəs istər-istəməz bu dözülməz istidə işin Əmək Məcəlləsi ilə necə tənzimləndiyi barədə düşünür. Belə hallarda işəgötürən ofisdəki temperaturu belə nəzərə almağa borcludur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Maddə 233.) soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması qaydalarından bəhs edilir:
1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.
4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavədə qeyd edilir :
1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.






