Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mingəçevirdən «Təzadlar»a daxil olmuş şikayət məktubu ilə bağlı «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq barəsində şikayət edilən Heydərov Hikmət Bəxtiyar oğlu ilə telefon əlaqəsi saxladıq. H.Heydərov uzun müddət Mingəçevirdə zavod direktoru işləyib, sonralar təhsil sahəsində müvafiq vəzifələr tutub, hazırda da bu sahədə çalışır. Məlum olur ki, o, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun, eləcə də onun qardaşı – İsmayıllının qalmaqalları ilə yadda qalmış sabiq icra başçısı Nizami Ələkbərovun dayısı oğludur və s.
***
Barəsində daxil olmuş şikayət məktubu və əlavə edilmiş rəsmi sənədlər barədə ətraflı izah verməsi üçün Heydərov Hikmət Bəxtiyar oğlu ilə əlaqə saxlanıldı, mövqeyi öyrənildi. Eləcə də oğlunun hərbi xidmətdən yayınması barədə məlumatlara da aydınlıq gətirilməsi soruşuldu. Onunla belə bir dialoq baş tutdu:
-Salam, Hikmət müəllim…
-Salam… Kimdir?
-«Təzadlar» qəzetindən və eyni adlı saytdan jurnalistdir…
-Eşidirəm…
-Hikmət müəllim, media qanunvericiliyinə uyğun olaraq redaksiyaya daxil olmuş şikayətlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək, dəqiqləşdirmələr aparmaq peşə borcumuzdur. Odur ki, barənizdə daxil olmuş şikayətdəki bəzi xüsusatlarla sizi tanış etmək istəyirik…
-Eşidirəm… Şikayətdə nə yazılıb?
-Yazılır ki, siz 1995-ci ildən son 7-8 ilədək Mingəçevir Dəmir-Beton Məmulatları zavodunun direktoru vəzifəsində çalışmısınız… Sonra isə Mingəçevir Təhsil İdarəsində tikinti şöbəsinin mühəndisi olmusunuz. Təzəlikcə isə Mingəçevirdə məktəblərin birində təsərrüfat işləri sahəsinə rəhbərlik edirsiniz… Amma ali təhsil diplomunuz yoxdur…
-Mənim diplomum var… Kim deyir yoxdur?
-Deyirsiniz ki. var… Var, onun bir surəti də redaksiyaya təqdim edilib, 1994-cü ildə Tümendən əldə etmisiniz. Rusiya Elm və Təhsil Nazirliyindən isə 2016-cı ildə elə sizə- Heydərov Hikmət Bəxtiyar oğluna rəsmi cavab məktubu göndərilib ki, siz adlı şəxs Tümendə yerləşən Tümen Mühəndis-Tikinti İnstitutunu bitirməmisiniz və o nömrəli və tarixli diplom da sizə verilməyib. Şikayət məktubunda oğlunuzun Kazan «Sosial Elmlər Akademiyası»nda təhsil almasına dair oxşar hallar barədə də qeydlər var…
-Mənim diplomum var…
-Biz də deyirik ki, sizin əlinizdə 1994-cü ildə əldə etdiyiniz belə bir diplom var, üzərinə də 1991-ci ildə süqut etmiş SRRİ-nin möhürü vurulub… Bunu da qoyuruq bir kənara, lakin diplom verən institutla əlaqə saxladıq, şifahi olaraq dedilər ki, bizdən bu adda şəxsə ali təhsil diplomu verilməyib… Xahiş etdilər ki, rəsmi məktubla elektron sorğu göndərək… Amma şikayətçi bizə bundan əvvəl institutdan elə sizin adınıza göndərilmiş rəsmi sorğuya rəsmi cavab məktubunu təqdim edib, 27 dekabr 2016-cı il tarixli, 14-03-1693 saylı rəsmi cavab məktubudur…
-Orda nə yazılıb? Mən neyləyim ki, üstünə SSRİ-nin peçatı vurulub…
-Yazılır ki, əlinizdə olan diplom saxtadır, yəni bu institutdan o adlı və seriyalı diplom Heydərov Hikmət Bəxtiyar oğlu adlı şəxsə verilməyib… İkincisi, 1994-də artıq hər yerdə SSRİ-nin izi silinmişdi və kargüzarlıqda yeni sənədləşmə tətbiq edilmişdi…
-(Susur)
-Hikmət müəllim, tərəfimizdən jurnalist araşdırması davam edir, əlavə nə sübutunuz olarsa, vatsap nömrəimizə göndərə bilərsiniz, dedik bəlkə bizə verilən məlumatlar doğru deyil, ona görə sizi narahat etdik… Amma bir suala təbii ki, Təhsil Nazirliyindən, Əmlak Komitəsindən, digər rəsmi qurumlardan cavab verilməsini istəyəcəyik ki, ali təhsil diplomu olmayan şəxs necə uzun illər Mingəçevir Dəmir-Beton Məmulatları Zavodunun direktoru işləyib, sonra Təhsil Nazirlyinin tabeliyində olan Mingəçevir Təhsil İdarəsində mühəndis, hazırda isə məktəbdə təsərrüfat işlərinə rəhbərlik edən vəzifəni tutur???
***
Beləliklə, hazırda tərəfimizdən Rusiya Elm və Təhsil Nazirliyi Tümen Vilayət Təhsil Departamentinin Tümen Mühəndis-Tikinti İnstitutuna, eləcə də Azərbaycanın aidiyyəti dövlət qurumlarına rəsmi sorğular göndərilir.
Nəticəsi barədə şikayətçiyə və oxuculara əlavə məlumat veriləcək.
«Təzadlar»ın Araşdırma Qrupu