Ankara savaşında (1402-ci il) Osmanlıya qalib gələn Əmir Teymur o zamankı Osmanlı sultanı I Bəyazid İldırımı tutub qəfəsə saldırır, sultanın həyat yoldaşını da əsir alıb orduya göndərir. Bəyazid 1403-cü ildə elə əsirlikdə vəfat edir və Teymur dünyadan köçənədək Osmanlı torpaqları da Əmir Teymur dövlətinin mülkü hesab olunur.
1404-cü ildə Əmir Teymur Osmanlıdan götürdüyü 40 minə yaxın əsirlə (əksəriyyəti sənətkar və alimlər) birgə öz paytaxtına geri dönərkən yolüstü Ərdəbildə dayanır.
Həmin vaxt Ərdəbildəki Səfəvi ordeninin başçısı Şah İsmayılın ulu babası Şeyx Əli Səfəvi idi. Şeyx Əli səfəviliyin banisi Şeyx Səfinin nəvəsi idi və öz dövründə bütün regionda həddən artıq böyük nüfuza malik şeyx sayılırdı və çoxsaylı müridləri vardı.
Əmir Teymurun Şeyx Əliyə böyük hörməti vardı və Ərdəbildən keçərkən onunla görüşmək istəyir. Bəzi mənbələrin yazdığına görə Şeyx Əli Əmir Teymurun görüş vaxtı müəyyən etmək üçün göndəriyi qasidi üç dəfə cavabsız geri qaytarır, axırda Əmir Teymur özü durub təkkəyə Şeyx Əli ilə görüşə gəlir və ondan bu sayğısızlığın səbəbini soruşur.
Şeyx Əli “40 min müsəlmanı əsir alıb vətənindən didərgin edib” aparmağın müsəlmana yaraşmayan hərəkət və qəbulolunmaz olduğunu deyir. “Tarixi Aləmarayi Abbasi” kitabının yazdığına görə Əmir Teymur nəsə etməzdən əvvəl şeyxdən ürəyində tutduğu üç niyyətini tapmağı xahiş edir. Şeyx Əli hər üç niyyəti doğru tapıb hər birinin sonrakı aqibəti haqda da məlumat verir.
Heyrətlənən Teymur Şeyx Əli Səfəviyə ondan hər nə istəyə biləcəyini deyir. Şeyx Əli Teymurdan həmin 40 min osmanlı əsirini istəyir. Teymur əsirlərin hamısını ona bağışlayır. Şeyx Əli isə bütün əsirləri elə oradaca azad edir.
Şeyx Əlinin hərəkətindən təsirlənən Teymur Səfəvi təkkəsinə çoxlu torpaq da hədiyyə edərək çıxıb gedir. Azad olunan osmanlı türkləri isə Səfəvi ocağına iman gətirir, çoxusu vətəninə qayıdır, bir hissəsi isə Ərdəbildə qalaraq səfəvi müridinə çevrilirlər.
Deyilənə görə Sultan Səlimin dövrünə qədər bu hadisəyə görə Osmanlı sultanları hər il Səfəvi təkkəsinə hədiyyə də göndərirmiş. Sultan Səlim gələndən sonra isə özü atası ilə yaxın dost olan, babası isə vaxtilə əsir düşmüş Osmanlı türklərinə yeni həyat bəxş edən Şah İsmayıla, və ümumən səfəvilərə qan düşməninə çevrilir.
Mənbələr: Mənbələr: Aləmara (Sahib), s.19-26 B.Səfəri. Ərdəbil, s.73; О.А.Эфендиев. Тимур и сефевидский шейх Хадже Али.
(tezadlar.az)