27 Noyabr 2025 / 20:06

SAMİRƏ  ƏFƏNDİNİ ÖLÜMLƏ HƏDƏLƏYƏN  KİM(LƏR)  OLUB?

 …Samirə Əfəndi mövzusu bu gün gündəmi zəbt edib. 2020-ci ildə Avroviziyada müğənni kimi Azərbaycanı təmsil edəndə Samirə xanım heç bu qədər tanınmamışdı. Düzdür, musiqi yarışmasında heç bir yer tutmasa da, xalqımız arasında qısa müddətə olsa da, tanındı ki, Samirə Əfəndi adlı bir müğənni də varmış. Avroviziyadan bir müddət sonra Samirə xanım elə bir müğənni kimi də unuduldu və yadda qalan heç bir mahnısı bu günə qədər də yoxdur. Amma birdən-birə bu xanım 35 yaşında musiqi mütəxəssisi oldu və Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsində münsif kimi Azərbaycanı təmsil elədi. El dilində belə bir məsəl var: “Yeznəsi gülüm olanın başına külüm olar”. Belə bir naşı musiqiçini münsif kimi ora göndərəndə hadisə indiki yerə gəlib çıxmalıydı…

XXX

Əvvəla, mən o fikirdə deyiləm ki, niyə erməni müğənnisi Saro Gevokyana Azərbaycan adından ən yüksək sayılan 12 xal verilib… Hərçənd, buna da müəyyən iradım var. Amma neynək, o 12 xal erməninin haram xoşu olsun. Bəs erməni gədəsini qucaqlayıb bağrına basmaq nə deməkdir? Bunun isə heç bir izahı yoxdur. Elə Samirə Əfəndiyə də ən çox tənqid, irad, qınaq, söyüş qazandıran da məhz ermənini qucaqlaması olub. Burada bir çoxlarının dediyi kimi, şəhid alilələrinə, qazilərə, veteranlara hörmətsizliyini o qədər də qabartmaq istəmirəm. Onu da demək istəmirəm ki, həmin bağrına basdığı o erməni gədəsi Saro Gevokyan 2019-cu ildə əlində avtomat Qarabağda əsgəri xidmət keçib. O da istisna deyil ki, həmin dövrdə atəşkəsi pozub, bizim mövqelərə və əsgərlərə güllə atanlardan biri də Saro ola biilərdi. Deyilənə görə, qardaşı 44 günlük müharibədə bizim əsgərlərə qarşı döyüşüb. Əlbəttə, bütün bunları Samirə təbii ki, bilməzdi. Amma qarşısındakının erməni olduğunu bilirdi axı. Erməninin də kim olduğunu 35 yaşı olan bu Samirəyə qandırmaqmı lazım idi?

 Tutaq ki, birinci Qarabağ savaşında Samirə uşaq olub və o müharibəni görməyib. Hərçənd, Birinci Qarabağ savaşı barədə S.Əfəndi kifayət qədər məlumatlı olub və ermənilərin Qarabağda, xüsusilə Xocalıda törətdikləri qırğınları bilirdi axı. Amma 44 günlük qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsi təbii ki, Samirənin gözünün önündə olub. Saro Gevokyanın həmvətənlərinin öldürdükləri şəhidlərimizin tabutlarını, dəfn mərasimlərini S.Əfəndi görməyə bilməzdi ki… Yəni, belə çıxır ki, onda erməni separatizminə nifrət deyilən bir şey yoxdur. Yenə də erməni gədəsinə 12 xal verməyinə heç bir söz demirəm. AG partiyanın sədri Tural Abbaslı demiş, “erməni gədəsinə nə verirsən, özün bilərsən, amma Azərbaycanın adından 12 xal verməyə sənin ixtiyarın yoxdur.

Amma erməni gədəsini bir azərbaycanlı qızı, özünün dediyi kimi, general nəvəsi, qazi qızı olaraq qucaqlayıb bağrına basmasını heç cürə həzm edə bilmirəm. Özü də erməninin sevincinə əlində banan, atdığı addımı düşünmədən, hoppanıb-düşərək, şadyanalıq eləməsi adama çox təsir edir. Özü də o qədər meyvələrin iiçində tək bananı əlində tutub göstərməsi, yeməsi, sevincindən dəli olması bir acınacaqlı mənzərə idi. Samirə əlində banan tutmaqla nə demək istəyirdi?

 Amma bu məslədə araşdırılması lazım olan çox ciddi məqamlar var. S.Əfəndi guya məsələyə aydınlıq gətirib. Əksinə, danışdıqca özünü çox dərinə salıb və ciddi suallar yaradıb. Əvvəla, bataqlığa düşən maşın qaz verdikcə, təkərlər daha dərinə batdığı kimi, Samirə də danışdıqca özünü daha dərinə batırır və bir çox mətləbləri üzə çıxarır. Gəlin əvvəlcə onun açıqlamasına bir də nəzər salaq: “Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı?”

 Stop! Bu nə deməkdir? Bu nə ağılsız bir iddiadır? Belə çıxır ki, yarışmadan əvvəl Samirəni kim(lər)sə bərk hədələyiblər ki, erməniyə 12 xal verməsən, səni öldürüb, səhralığa atarıq, adını da avto-qəza qoyarıq. Bu, çox ciddi bir xəbərdir. Hüquq-mühafizə orqanları və DTX məhz bu cümlələrə görə Samirəni dərhal sorğu-suala çəkməlidirlər ki, onu hədələyənlər kim(lər) olubmu? Əgər bu hədələmə təsdiqini taparsa, bu, artıq beynəlxalq “skandal” deməkdir. Çünki burada tək münsif kimi Samirə yox, Azərbaycanı təmsil eləyən Samirədən söhbət gedir. Mütləq bu nüanslar araşdırılmalıdır. O da araşdırılmalıdır ki, ermənini qucaqlayıb bağrına basmaq da, o hədələrin içində olub, yoxsa bu, Samirənin Seronun oxumağına və özünə vurulmağının fantan verməsidir?

Bütün sosial şəbəkələrdə birmənalı olaraq qeyd və tələb edilir ki, Samirə ermənini qucaqlamağına görə, bütün şəhid ailələrindən, qazilərdən və veteranlardan üzr istəməlidir. Amma elə bütün çıxışlarında Samirə iki ayağını bir başmağa dirəyərək, deyir ki, heç kimdən üzr istəməyəcək və tutduğu hərəkətindən də peşiman deyil. Bu daha çox pis nümunədir. Günahın oldu-olmadı, bütün şəhid analarının qarşısında diz çökərək, əllərindən öpüb, üzr istəməliyik ki, biz hələ yaşayırıq. Çünki o anaların oğullarının şəhidliyi hesabına biz yaşayırıq. Samirə isə bütün bunları unudaraq, heç kimdən üzr istəmək niyyətində deyil. Belə çıxır ki, bu xanımın arxasında kimsə var və onu bu şəkildə danışdıraraq, biabır edib, hədəfə gətirirlər.

XXX

Ümumiyyətlə, bu məsələlərdə müəmmalar çoxdur və Samirə Əfəndi bunların heç birinə aydınlıq gətirmək istəmir. S.Əfəndi özünü təqdim edərək, general nəvəsi və qazi qızı olduğunu bildirir. Babasının hansı qoşun növünün generalı olduğunu bilmirik. Amma dediyinə görə, atası da qazidir. Yəni, birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Bəs görəsən, bu qazi qardaşımız olan atası niyə demir ki, a qızım, bir səhv eləmisən, heç olmasa, bu camaatdan üzr istə. Amma Samirə susmur, gah televiziya kanallarında, gah digər sosial şəbəkələrdə dil-dil ötür. Heç kimə də danışmağa imkan vermir. Bu qazinin qızı deyir ki, mən ermənilərlə sülh yaradıram. Sənə bu səlahiyyəti kim vermişdi? Sən məgər Prezidentin sülh məsələləri üzrə xüsusi nümayəndəsisən?

Samirənin danışdıqca özünü daha da dərinə batırması çox acınacaqlıdır. Görün bu xanım nə deyir: “Mən ora gedəndə soruşdum ki, mənim hansı səlahiyyətim var? Dedilər sənin münsif kimi orada Azərbaycanı təmsil etmək və hər cür qərarlar qəbul etmək səlahiyyətin var. Mən onlara dedim ki, birdən erməni nümayəndəsi yaxşı oxusa, ona 12 xal verə bilərəmmi? Dedilər ki, nə istəyirsən, özün edə bilərsən.

Stop! Sən hardan bilirdin ki, erməni müğənnisi yaxşı oxuyacaq və sən ona 12 xal verəcəksən? Maraqlı deyilmi? Əvvəla, hüquq-mühafizə orqanları və DTX təcili hərəkətə keçməlidir və bu xanımı çox ciddi sorğu-sual etməlidirlər ki, sənə o səlahiyyəti verən kimlərdir? O səlahiyyət sahibləri ilə Samirə arasında doğurdanmı belə bir razılaşma olub? Bütün bunlar mütləq aydınlaşdırılmalıdır. Burada Azərbaycanın Beynəlxalq bir yarışmada adının yaxşı hallanmamasından söhbət gedir. Samirənin hədələnməsi, ona erməniyə 12 xal vermək üçün şərait yaradılması və ermənini də bağrına basıb qucaqlamasının səbəbləri mütləq aydınlaşdırılmalıdır.

XXX

Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın Beynəlxalq aləmdə qalib dövlət kimi nüfuzunun qalxması üçün dəridən-qabıqdan çıxır, gecə-gündüz çalışır və böyük nəticələr də qazanıb. Bu gün Prezidenti Donald Trampdan tutmuş, E.Makrona və digər dünya dövlətlərinin rəhbərlərinə qədər, güclü lider kimi sayırlar, diqqət göstərirlər və hörmət bəsləyirlər. Məhz Prezident Cənab İlham Əliyevin apardığı Beynəlxalq uğurlu siyasət nəticəsində Azərbaycanın nüfuzu Avropada və dünyada çox yüksəkdədir. İndi hansısa bir müğənni bu nüfuza niyə və kimin təhriki ilə zərbə vurmalıdır?

Elçin MƏMMƏDLİ,

Qarabağ müharibəsinin veteranı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!