7 Avqust 2025 / 16:10

Səttar Mehbalıyevin 19 illik Həmkarlar İttifaqları Konfederasiyası nə işə yarayır?- ARAŞDIRMA

Adı olub, özü olmayan konfederasiya: Həmkarlar İttifaqları belə şəkildə fəaliyyət göstərəcəksə, bu struktura ümumiyyətlə, ehtiyac varmı?

Bir vaxtlar insanların rifahına xidmət edən, sosial təminat, istirahət, sanatoriya müalicəsi kimi imkanları əlçatan edən bir sistem vardı – Həmkarlar İttifaqları. Bu təşkilatlar uzun illər boyu yüz minlərlə insanın həyatına az da olsa, rahatlıq gətirə bilirdi. Amma bu gün vəziyyət tam fərqlidir. İllərlə formalaşdırılan sistemin qalıqları indi yalnız kağız üzərində yaşayır, real həyatda isə yox kimidir.

***

Həmkarlar İttifaqları dünyada XIX əsrdə – sənaye inqilabının yaratdığı ağır əmək şəraitinə cavab olaraq formalaşmağa başladı. İngiltərədə 1824-cü ildə ilk rəsmi Həmkarlar İttifaqı tanındı. Azərbaycanda isə bu təşəbbüslər XX əsrin əvvəllərində fəhlə hərəkatları ilə başlayıb, 1921-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurası ilə rəsmilik qazanıb. SSRİ dövründə bu qurum işçilərin sosial təminatında işçilərə maddi yardımların verilməsində sağlamlıq və istirahətinin təşkili üçün respublikada, həmçinin SSRİ-nin müxtəlif şəhərlərində yerləşən sanatoriyalara pulsuz yollayışların təmin olunmasında, əmək hüquqlarının qorunmasında və s. mühüm rol oynayırdı.

1993-cü ildən etibarən müstəqil Azərbaycanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) adı altında fəaliyyətini davam etdirən bu struktur indi  tamamilə fərqli, daha doğrusu, passiveffektsiz bir quruma çevrilib. Bu gün əksər insanlar belə bir təşkilatın varlığından xəbərsizdir.

Əvvəllər qeyd etdiyimiz kimi Həmkarlar İttifaqı işçilərin rifahına real şəkildə dəstək verirdi. İnsanlar maaşlarından artıq heç bir xərc ödəmədən sanatoriyalara göndərilir, istirahət və müalicə imkanlarından yararlanırdılar. Bu həm sosial ədalətin, həm də həmrəyliyin göstəricisi idi. Bu gün isə vəziyyət tam tərsinə dəyişib. İndi eyni xidmətə görə vətəndaş özü cibindən pul ödəməli olur. “Putyovka” adlanan sanatoriya göndərişinin 30 faizini vətəndaş qarşılayır ki, bu da orta hesabla 300–350 manat civarındadır. Bu isə 300-400 manat əmək haqqı alan sıravi işçi üçün  kifayət qədər ağır maliyyə yüküdür. Ancaq problem təkcə qiymətdə deyil. Bu xidmətə çatmaq üçün vətəndaş gərək uzun-uzadı elektron müraciət prosedurundan keçsin və ya köhnə sovet ənənəsinə uyğun olaraq tanış axtarsın. Əks halda, nəticə eyni olur: “Yer yoxdur”.

İşin daha ağrılı və biabırçı tərəfi isə budur ki, bu imkanlardan faydalananların əksəriyyəti müəssisə rəhbərlərinə yaxın şəxslər və ya “dost-tanış” prinsipi ilə seçilmiş insanlardır. Redaksiyamıza bu barədə çoxsaylı şikayətlər edilib… Yəni, şəffaflıq anlayışı kağız üzərində var, reallıqda isə yoxdur. Bu artıq adi vətəndaş üçün əlçatmaz bir sistemə çevrilib. Belə təəssürat yaranır ki, bu təşkilat yalnız dar, özü də imkanlı bir çevrənin imtiyazı üçün fəaliyyət göstərir.

Yeri gəlmişkən jurnalistlər arasında sorğu apardıq, indiyədək (son 20-25 ildə) həmkarların xətti ilə sanatoriyalarda olana rast gəlmədik.

Bu sistemin bu qədər korlanmasında isə əsas məsuliyyət birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinin üzərindədir. 19 ildir bu qurumun başında dayanan, uzun illər deputat olmuş Səttar Möhbalıyev bu sahədə ciddi islahatlar aparmaq əvəzinə, kreslosunu qorumağa və formal idarəçiliyi davam etdirməyə, həmçinin Həmkarlar İttifaqlarını şəxsi idarəçiliyinə çevirməyə üstünlük verərək böyük bir monopoliya yaradıb. Onun rəhbərliyi altında Həmkarlar İttifaqları artıq sadəcə ad olaraq var, funksional olaraq isə iflic vəziyyətindədir. Vətəndaşlar isə bu sistemdən getdikcə daha çox uzaqlaşır.

e-ahik.az: ümidverici görünən, məyusedici nəticə doğuran sistem…

AHİK-in elektron müraciət platforması olan e-ahik.az nəzəri cəhətdən müasir texnologiyalara uyğun bir addım kimi təqdim olunur. Amma bu platforma da vətəndaş üçün səmərə vermir. Müraciət edən vətəndaşa əvvəlcə “sistem tərəfindən yönləndiriləcəksiniz” kimi avtomatik və qeyri-müəyyən cavablar gəlir. Ardınca uzun  gözləmələr və nəhayət, iki aydan sonra, yəni yay qurtaranda cavab gəlir ki,  “yer yoxdur”.

Sadə bir müqayisə aparaq. AZAL və ya digər kommersiya platformaları sizə hansı xidməti nə zaman alacağınızı dərhal göstərir. Amma e-ahik.az bunu bacarmır. Bəlkə də, istəmir! 10 min müraciət qəbul edilir, 100 nəfərlik yer üçün isə heç bir əvvəlcədən xəbərdarlıq edilmir. İnsanlar gözləyir, ümidlənir, planlarını qurur və sonda sadəcə iki sözdən ibarət cavabla qarşılaşır: “Yer yoxdur.”

Bu artıq texniki problem deyil. Bu idarəçiliyin yaratdığı problemdir. Vətəndaşın vaxtı, enerjisi, ümidi boşa gedir. Bu sistem insanlara yardım etmək üçün yox, onları prosesdən bezdirmək üçün qurulmuş kimidir.

Bəs rəhbərlik nə edir?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına uzun illərdir eyni şəxs – Səttar Möhbalıyev rəhbərlik edir. İctimai və dövlət qurumlarının rəhbərləri adətən ya inkişafla, ya da durğunluqla yadda qalır. Təəssüf ki, cəmiyyətin bu qurumla bağlı assosiasiyası ikinci hal – durğunluq və səmərəsizlik üzərində formalaşıb. Səttar Möhbalıyevin rəhbərliyi dövründə AHİK-in fəaliyyətindən razı qalanların sayı o qədər azdır ki, bu narazılıq artıq ictimai düşüncənin bir hissəsinə çevrilib. Çünki real nəticə yoxdur, konkret fayda yoxdur, sadəcə illərlə uzanan “idarəetmə”si var.

Həm struktur, həm də xidmət baxımından təşkilatın fəaliyyəti minimum səviyyədə hiss olunur. Rəsmi tədbirlər, hesabat toplantıları, rəsmi protokollarda iştirak – bunlar var. Amma sadə vətəndaş, işçi, müəllim, həkim və digər təbəqənin insanları bu qurumun real təsirini öz həyatlarında hiss etmir. Əksinə, hər ay maaşından bu qurum üçün müəyyən faizlər tutulan vətəndaş, yalnız sual verir: “Axı mən bu quruma nə üçün pul verirəm?”, “Bu pullar hara gedir?”, “Niyə heç bir sosial yardımı, istirahət imkanını, sanatoriya xidmətini görmürəm?”.

Əgər bu qurumun əsas funksiyası işçilərin əmək, sağlamlıq və rifah hüquqlarını qorumaqdırsa, bu qədər narazılığın izahı nədir? Axı, bu xidmətlər elə rəhbərliyin hesabatlarında ən ön sırada göstərilir. Reallıq isə tam fərqlidir. Şəffaflıq, açıqlıq, vətəndaşın sorğularına cavab yoxdur. Bütün bu susqunluq fonunda cəmiyyətin inamı da tükənir.

Sual açıq qalır: Həmkarlar İttifaqları belə şəkildə fəaliyyət göstərəcəksə, bu struktura, ümumiyyətlə, ehtiyac varmı? Əgər bu təşkilat insanlara nə hüquqi, nə sosial, nə də maddi baxımdan fayda vermirsə, sadəcə maaşlardan faiz kəsməklə fəaliyyət göstərirsə,  bu qurum artıq sosial yükə çevrilir. Cəmiyyətin bir hissəsi bu quruma yalnız “passiv strukturlar” siyahısında baxır, digər hissəsi isə onun tamamilə ləğv olunmasının tərəfdarıdır.

Sadə dildə desək: bu qurum camaatın gözündə çoxdan ölüb. Adı var, fəaliyyəti isə yoxdur. Və əgər bu vəziyyət dəyişməyəcəksə, onda ya Səttar Möhbalıyev və onun komandası istefa verməli, yerinə həqiqi iş bacaranlar gəlməlidir, ya da bu sistem kökündən ləğv olunmalıdır.

Cəmiyyət artıq boş vədlər deyil, konkret nəticə istəyir. Həmkarlar İttifaqları ya insanlara xidmət etməlidir, ya da bu kreslolar boşaldılmalıdır…

Elşad FƏRMANOĞLU

P.S.İşçi hüquqlarının qorunmasında həmkarlar təşkilatlarının işçinin deyil, işəgötürən məmurun yanında olması, məhkəmələrdə işçinin- üzvü olduğu şəxsin əleyhinə çıxış etməsi barədə isə növbəti yazımızda bəhs ediləcək… Bir də, bir neçə sanatoriyada apardığımız qiyabi monitorinq göstərdi ki, sanatoriyalarda həmkarlara aidiyyəti olmayan kimlər dincəlir… Adlar təqdim olunacaq…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!