30 Yanvar 2026 / 13:38

İNANILMAZ ALDATMA: müştəri, qanuni haqqını tələb etdikdə mağazanın “küçə qanunları” ilə üzləşdi

“Anladım ki, reklam vasitəsilə bütün digər istehlakçılar kimi aldadılmışam”.
Daha bir istehlakçı hüquqlarının pozulduğunu bildirərək Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynova müraciət edib.
Tezadlar.az xəbər verir ki, həmin müraciətdə deyilir:
“Hörmətli Eyyub müəllim,
Mən, Bağırova Lalə Natiq qızı, “Smart Saat Online” ((VÖEN: 1102855742) satıcısı vasitəsilə “Ferrum Capital” şirkəti üzərindən (+994 12) 310 34 84) (dəyəri 684 AZN göstərilmiş məhsulu) hissəli kreditlə əldə etdiyim məhsulla bağlı istehlakçı hüquqlarımın pozulması səbəbindən Sizə müraciət edirəm.
Bildirirəm ki, 29 noyabr 2025-ci il tarixində https://www.instagram.com/smart.saat.online/ Instagram səhifəsində yerləşdirilmiş reklam əsasında +994 70 839 33 11 telefon nömrəsi ilə əlaqə saxlamışam. Reklamda “Ölkənin ən böyük ekranlı Smart Tableti” kimi təqdim edilən Umiio 16 Pro Max model planşetin texniki göstəriciləri ətraflı şəkildə paylaşılmışdır. Reklam mətnində cihazın 14.1 inch ekranlı, 512 GB daxili yaddaşlı, Android 15 əməliyyat sistemli, yüksək texniki parametrlərə malik olduğu bildirilmişdir. Mən satıcıya yazılı şəkildə telefonla müraciət edərək reklamda göstərilən 512 GB versiya ilə bağlı planşetin həmçinin 1 TB yaddaş variantının mövcudluğu və şərtləri barədə məlumat istəmişəm (Yazışma telefonumda saxlanılır). Satıcı isə göndərdiyim reklam şəklini işarələyərək “Dediyiniz hamısı var, ayda sadəcə 57 AZN, ilkin ödənişsiz” cavabını vermişdir. Hətta bir sual da vermişəm ki, planşet üçün təqdim edilən klaviatura planşetin eninə olaraq öz ölçüsündədirmi, mənə bildirilib ki, “bəli”. Bu məlumatlara əsaslanaraq sifarişi 29 Noyabr 2025-ci il tarixində təsdiqləmiş və məhsulu həmin gün də qəbul etmişəm.
Lakin məhsul həmin gün açıldıqdan dərhal sonra müəyyən etdim ki, təqdim olunan cihaz 1 TB deyil, yalnız 512 GB daxili yaddaşa malikdir. Bundan əlavə, məhsulda proqram təminatı ilə bağlı ciddi problemlər müşahidə etdim (Planşetə öz məlumatlarımı daxil edən zaman ciddi yubanmalar oldu), həmçinin klaviaturanın ölçüsünün də soruşduğum parametrlərə uyğun olmadığını aşkarlarım. Yubanmalar olduğu üçün mən cihazın texniki göstəricilərinı bir daha baxan zaman, yazışmalarda qeyd edilən məlumatlara uyğun olmadığı aşkar etdim. Mən anladım ki, reklam vasitəsilə bütün digər istehlakçılar kimi aldadılmışam (mənə rəsmi Instagram üzərindən sırf bu səhifə ilə bağlı dələduzluq şikayətimin olub-olmaması sorğu da göndərildi və mən anladım ki, bu səhifə başqa istehlakçılar tərəfindən instagrama şikayət edilib).
Qeyd edim ki, müqavilə və əlavə sənədlərdə məhsulun texniki parametrləri barədə konkret məlumat göstərilməmişdir. Məhsulun parametrlərini ancaq açıb işlədən zaman görə bilmişəm.
Bu səbəbdən məhsuldan narazı qaldığımı 1 sutka keçməmiş satıcıya yazılı şəkildə bildirmiş (telefon yazışması saxlanışmışdır) və məhsulun geri qaytarılmasını tələb etmişəm. Həmçinin bildirmişəm ki, məhsulun parametrləri 2 qat zəif olduğu halda (istədiyim 1 TB yaddaşlı, mənə göndərilən isə 512 GB yaddaşlı), mənə məhsulu bazar qiymətindən təxminən iki dəfə baha satmışdırlar. Bu iddia da satıcı tərəfindən qəbul edilməmişdir.
Bildirmək istəyirəm ki, məhsul üzrə bu günədək heç bir ödəniş etməmişəm.
Xüsusi olaraq vurğulayıram ki, məhsul qanunvericilikdə nəzərdə tutulan 14 günlük müddət keçməmiş, 12 dekabr 2025-ci il tarixində mağazaya şəxsən təqdim edilərək geri qaytarılmışdır. Qaytarılma prosesi videoçəkilişlə qeydə alınmış və şahid qismində qardaşım Sübhan Bağırov  iştirak etmişdir. Tələbimə baxmayaraq, satıcı tərəfindən geri qaytarılma ilə bağlı rəsmi akt tərtib edilməmişdir və bildirilmişdir ki, məhsulu geri qaytardığlım üçün məhsul küçəyə atılacaq şəklində təhdidlə üzləşmişəm. Sırf bu təhdidi nəzərə alaraq mən yerindəcə 102 DİN nömrəsinə zəng edərək bu geri qaytarılma aktı tələbimin icra edilməməsi ilə bağlı şikayətimi  nömrəmdən bildirmişəm. Bu təhdidi nəzərə alaraq məhsulu mağazaya geri qaytarma prosesini tam olaraq videoçəkilişə almışam (çəkilişi təqdim edə bilərəm). Mağazanı tərk etdikdən dərhal sonra mənə “WhatsApp” üzərindən təhdid və şantaj xarakterli mesajlar və şəkillər göndərilmişdir. Yazışmalarda məhsulun guya mağazanın qarşısında ağac dibinə mənim qoyulduğumu iddia edilərək “məhsulu gedib götürün, biz cavabdehlik daşımırıq” məzmunlu böhtan xarakterli bildirişlər təqdim edilmişdir.
Mən məhsulu mağazaya təhvil verdiyimi təsdiqləyən video sübutu göndərdikdən sonra da qarşı tərəf məsuliyyətdən yayınaraq “film çəkmirsiniz”, “məhsulunuzu götürün” kimi cavablar vermişdir. Bu davranışlar tərəfimdən açıq şəkildə istehlakçı hüquqlarının pozulması, məsuliyyətdən yayınma, şər, böhtan və dələduzluq əlamətləri kimi qiymətləndirilir.
Diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, istehlakçıya təqdim edilən mal şərtlərə uyğun olmadıqda, istehlakçı müqavilədən imtina etmək və malı geri qaytarmaq hüququna malikdir. Bu halda kredit münasibətləri də əsas müqavilənin hüquqi taleyini bölüşür. Mənimlə Ferrum Capital vasitəsilə aramızda bağlanan müqavilədə göstərilmişdir ki, əgər mən 30 gün ərzində məhsulun ödənişini yubadaramsa və bu hal 2 dəfə təkrarlanarsa, satıcı (Şərifova Gülbacı Əsgər qızı VÖEN: 1102855742) alıcıdan məhsulu və/və ya məhsulun tam dəyərini tələb edə bilər. Mən də sırf bu bəndi (müqvilənin 2.1.1 bəndi) nəzərə alaraq məhsulu satıcıya geri qaytarmışam.
Bu əsaslarla, 5 yanvar 2026-cı il tarixində “Ferrum Capital” şirkətinə rəsmi e-mail ünvanlarına müraciət edərək aşağıdakı tələbləri irəli sürmüşəm:
– Hissəli kredit müqaviləsinin icrasının dərhal dayandırılması;
– Gecikmə faizlərinin hesablanmaması;
– Bu məhsul üzrə üzərimdə hər hansı ödəniş öhdəliyinin formalaşmamasının yazılı təsdiqi;
– Hüquqlarımın qorunması istiqamətində mövqe bildirilməsi.
Problem ilə bağlı 30 Noyabr 2025-ci il tarixində Ferrum Capitala yazılı (telefon yazışması var) müraciət edərək məhsulu geri qaytaracağımı bildirmişəm. Rəsmi mail göndərənə qədər mən dəfələrlə Ferrum Capitalın qaynar xəttinə müraciət edib, köməklik etmələri ilə bağlı danışmışam. Rəsmi etiraz mailindən sonra (5 Yanvar 2026-ci il tarixli e-mail müraciəti) Ferrum Capitaldan 15 Yanvar 2026-cı il tarixində mənə zəng edilərək mövzunun araşdırılacağını bildirmişlər. 27 Yanvar 2026-cı il tarixində Ferrum Capital Şirkətindən Vahid müəllim mənimlə əlaqəyə keçərək məsələni bir daha araşdırmaq üçün suallar vermişdir. Mən də əlimdə olan bütün yazışma, video görüntüləri ona təqdim etmişəm. Vahid bəy mənə (+994552018243 şirkətin rəsmi whastsapp nömrəsi) satıcı ilə danışacağını bildirmiş və satıcı şirkətlə danışdıqdan sonra bildirmişdir ki, şirkət iddia edir ki, məhsul 512 GB deyil 1 TB olub. Mən də əgər məhsul 1 TB idisə o zaman mənim mağazaya qoyduğum 1 TB-lıq yaddaşlı məhsulu geri qaytarılmasını və mən də ödənişləri vaxtı-vaxtında edəyəcəyimi bildirmişəm. Satıcı şirkət isə mənə böhtan ataraq Ferrum Capitala bildirmişdir ki, alıcı məhsulu bizə verməyib və biz məhsulu qəbul etməmişik (mənim məhsulu mağazaya qoyan zaman video çəkilişimə və yanımdakı şahidimə məhəl qoymadan). Bu günə qədər qaytardığım məhsul üçün ödəniş etməyərək və sizə də müraciət etməməyimiz səbədi, o olub ki, Ferrum Capital Şirkəti mənim verdiyim məlumatlar əsasında müqaviləyə xitam verdiyini güman etmişəm. Bu gün- 29 Yanvar 2026-cı il tarixində Ferrum Capital şirkətinə etdiyim müraciətlər və təqdim etdiyim yazışma-video sübutlara baxmayaraq şirkətin rəsmi nömrəsindən mənə, yoldaşıma, oğluma və anama Ferrum Capital Şirkətindən ödəməni gecikdirməyimlə bağlı mesaj daxil olmuşdur. Bu halı da mən Ferrum Capital Şirkəti tərəfindən etibarımın zədələnməsi kimi qiymətləndirirəm
Məhsulun satıcısı: Şərifova Gülbacı Əsgər qızı VÖEN: 1102855742
Hörmətli Eyyub müəllim, yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirəm:
– Faktların istehlakçı hüquqlarının pozulması və mümkün dələduzluq halları baxımından araşdırılması üçün dövlət orqanları qarşısında məsələ qaldırasınız;
– “Ferrum Capital” ilə bağlanmış müqaviləyə bu məhsul üzrə xitam verilməsini;
– Məsələnin müvafiq dövlət orqanlarına çıxarılması istiqamətində hüquqi dəstək göstərilməsini;
– Oxşar halların qarşısının alınması, digər istehlakçıların da hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə məsələnin mediada və sosial şəbəkələrdə geniş şəkildə ictimailəşdirilməsinə köməklik göstərilməsini xahiş edirəm”.
Təqdim etdi: Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!