Rusiya hakimiyyətinin işğal yolu ilə separatçı rejimlər yaradıb digər suveren dövlətləri özünə ram etməsi barədə hamı bilir… Amma Rusiyanın separatçılığa dəstək verən bəzi siyasi dairələrinin tarix boyu separatizmdən əziyyət çəkən Azərbaycanın bəzi QHT- lərini də bu yaramaz siyasətə cəlb etməsi artıq faktdır.
Tanınmış araşdırmaçı jurnalist, politoloq Azər Həsrət bu barədə həyəcan təbili çalır. Sitat: “Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətini bu məsələylə məşğul olmağa dəvət edirəm. Belə olmaz axı. Azərbaycan vətəndaşları gedib Rusiyanın işğal etdiyi Gürcüstan torpaqları – Abxaziya və Güney Osetiya bölücülərinin “bayrağı” altında bir tədbirdə, onlarla bir sırada otura bilməzlər, oturmamalıdırlar! “Bişkekdə yaxın xarici ölkələrdəki Rusiyalı həmvətənlərin “Gələcəyi birlikdə yaradırıq: MDB-də gənclərin təşəbbüsləri” adlı regional gənclər konfransı keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin Moskva hökumətinin dəstəyi ilə təşkil etdiyi tədbirdə Azərbaycan Rus Gəncləri Assosiasiyası İdarə Heyətinin üzvləri Roman Tolstoşeyev və Mariya Temirbulatova da iştirak edib.”
Tədbirdə Rusiya və ev sahibi Qırğızıstanla yanaşı Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan nümayəndələri iştirak edib. Bura qədər normal demək olardı. Amma ki, bu dövlətlərlə yanaşı Rusiyanın işğal etdiyi Gürcüstan torpaqlarında elan edilmiş qondarma qurumlar – Abxaziya və Güney Osetiya da təmsilçilər arasında, özü də öz “bayraqları” ilə olublar! Və Azərbaycan vətəndaşı olan urus balaları (hərçənd soyadı Temurbulatova olanın da necə urus olması bir başqa məsələdir…) onlarla bir masa arxasında rahat-rahat oturmaqla bölücülərə və işğalçı Rusiyaya haqq qazandırmış olub! Ona görə də bu məsələylə artıq DTX məşğul olmalıdır…”.
Başqa nə deyək… Bu tədbirə dəvət edilənlərimiz bu boyda separatizm faktını başa düşmürsə və məqamında siyasi aktivlik nümayiş etdirmirsə, separatçıların bayrağı altında dayanırsa, bu artıq siyasi naşılıq, korazehinlikdir…
A.Məmmədli