…Artıq öyrəşmişik: Bakıya intensiv yağış yağan kimi küçələri, evləri su basır, sel- selə qarışır! Bu hal son 20 ildə baş verməkdədir. Bəs əvvəllər, məsələn, 70, 80 və 90-cı, 2000-ci illərdə Bakıya yağış yağmırdımı? Yağırdı… Və paytaxt sakinləri son 20 ildəki subasmanın, gölməçələrin şahidi olmazdı.
Bəs son illər nə baş verir? Bəli, hazırda subasmalar, əsasən, Bakı və ətraf kəndlərdə- qəsəbələrdə o yerdə baş verir ki, bələdiyyələr kimə harda gəldi torpaq ayırıb, evlər tikilib. İnsanların da adi düşüncəsi olmayıb ki, drenaj- suötürmə sistemi olmayan çökək ərazilərdə ev tikmək olmaz!
Bəs nə etməli? Tanınmış ekspert Sahib Məmmədov bu barədə maraqlı status paylaşıb və hazırda Bakını gölməçələrə qərq edən səbəbdən yazıb. Sitat: “Bakı şəhərində heç bir infrastruktur sahəsi Bakı şəhər icra hakimiyyətinin tabeliyində deyil. Enerji, qaz, su təchizatı, kanalizasiya sistemi, ictimai nəqliyyat, yollar, istilik sistemi və s. hamısı mərkəzləşdilmiş idarəetmədədir. Vaxtılə Bakı şəhərinin bir çox küçələrində olan yağış (leysan) aparan sistemlər AAYDA tərəfindən məhv edilib və üstü asfaltlanıb.
Bu səbəbdən adı yağış sel yaradır…”.
Bura bir vacib səbəbi də əlavə edək ki, adətən yağış suları küçələrdəki kanalizasiya lüklərinə dolub istiqamətlənərdi. İndi həmin kanalizasiya xətlərinə Bakıdakı addımbaşı tikilən göydələnlər də qoşulub. Halbuki, şəhərsalmaya cavabdeh qurumların rəhbərləri bu göydələnləri tikən və tikdirən şəxslərdən yeni kanalizasiya xətlərinin çəkilişini tələb etməlidir! Və yaxud, tələb etməli idilər…
A.Məmmədli