Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Yanvar 2026 / 12:57

Taqqıltı…

Axşamdı. Narahatlıqla saata baxıram. Vaxta az qalıb, bir azdan başlayacaqlar… Tez yatmaq lazımdır. Yatağa uzanıb yuxuya getməyə çalışıram. Səs gəlir. Saata baxıram – 24.00-dır. Gözlərimi açmaq, pəncərədən bu mənzərəyə baxmaq istəmirəm. Amma səs o qədər güclüdür ki… inanılmaz. Ağır təkərlərin yerlə təması və bu sürtünmədən yaranan uğultu beyninə soxulur. Qəribə hiss yaşayırsan – sanki küçədən – pəncərənin yanından keçən o ağır yüklü “KamAz”lar mənzilin divarını dələrək üstündən keçir. Capalasan da xilas ola bilmirsən… Və bu hissi saatlarla təkrar-təkrar yaşamaq zorundasan.
Bir müddətdir ki, yaşadığımız binanın cəmi 5-6 metrliyində yerləşən köhnə, uçuq-sökük, həyətində siçan-siçovul məskən salmış həbsxana (4 saylı Cəzaçəkmə Müəssisəsi – “Jeniskiy kolon” kimi tanınan) sökülərək ərazisi daş-kəsəkdən təmizlənmişdi. Bura təkcə tör-töküntülü, nimdaş görünüşü ilə yaxınlıqda yaşayanların gözlərini yağır etmirdi, eyni zamanda hardasa dava-dalaş salan əyyaşdan tutmuş ağır cinayət törətmiş qadınlaradək gətirilən məhbusların və ziyarətçilərin səs-küyü, vay-şivəni qədər əzabverici məkan idi. Zaman-zaman dilənçilik, oğurluq edən qaraçıları küçələrdən dəstə-dəstə toplayıb adı kimi görünüşü də heç də ürəkaçıcı olmayan müəssisəyə gətirəndə küçədə qopan mərəkəni, söyüş-qarğışı demirəm… Bir sözlə, yaxınlıqdakı binaların sakinləri yuxarı mərtəbələrdən ovuc içi kimi görünən həbsxana həyətində çox şeylərə istəməsələr belə şahidlik edirdilər… Və divarlar arxasında qalan o həyat heç də pəncərədən seyr etdiklərimizdən ibarət deyildi…
Bəli, qısa müddətdə izi-tozu belə qalmayan həbsxananın söküntüsündən sonra üzbəüz binanın sakinləri sevinclə bir-birinə gözaydınlığı verirdilər ki, yəqin bu böyüklükdə ərazidə gözəl bir park salınar, istirahət üçün şərait yaradılar. Sən demə, yağışdan çıxdıq, yağmura düşəcəkmişik, heç xəbərimiz yoxmuş! Bir də onda ayıldıq ki, hansısa oyanıq tikinti şirkəti ərazini də alıb, torpağı da qazır və göydələn tikməyə hazırlaşır: heç bəzi şirkətlər kimi, dörd tərəfini çəpərlədikləri divaralara “müvəqqəti narahatlığa görə üzr istəyirik” kimi ümidverici cümlə də yazmadılar…
Səhərlər bütün günü qulaqbatırıcı səs çıxararaq yeri qazan texnika binanı silkələyərək sakinlərə rahatlıq vermir, axşamlar isə gündüz yerin təkindən qazıb çıxardıqları qumu, gili, torpağı yük maşınlarına yükləyib daşıyırdılar: əsl maşın karvanı. Hər gecə bəzi sakinlər tikinti gedən əraziyə gedib icraçıya etirazlarını bildirir, səs-küy düşür və yenə də evlərinə geri dönürdülər. O dəhşətli səs isə yalnız səhərüzü kəsilərdi…
***
Bu gecə yuxusuz qaldığım günlərin heyfini çıxıb, yatmaq istəyirdim. Səhər tezdən oyanmaq, işə getmək lazımdır. Həm də çox vacib bir tədbirdə iştirak etməliyəm, gərək beynim oyaq ola. İşdə yorgun, əzgin görkəmimə də alışıblar. Ünvanlanan sualları anlamaq, cavablandırmaq da bir ayrı dərddir…
Nə isə. Yuxuya getməyə cəhd edirəm və bunun üçün müxtəlif üsullardan da istifadə edirəm. Yalanı yoxdur, qulaqlarıma pambıq da tıxayıram, hətta psixoloji təqlidlər də edirəm – yüzədək sayıram. Xeyri yoxdur! Gözlərimin önündə çay, yaşıl meşə, çəmənlik canlandırıram, “relaxing” musiqi dinləyirəm. Yenə alınmır. Yastıqları dəyişirəm, otağı dəyişirəm – faydası olmur. Səs ikiqat pəncərələri belə keçib qulağıma dolacaq gücdədir. Yuxu və bu müdhiş taqqıltı – uğultu arasında bir müddət mübarizə aparıram. Qəflətən uğultunun kəsildiyini hiss edirəm. O qədər sevinirəm ki.. İlahi, bircə saat yata bilsəm…
Bir az keçmiş hardansa tıqqıltı səsi gəlir. Hava dolmuş kimi ağırlaşmış başımı yastığın altından çıxarıb dinşəyirəm. Yox, qapı döyülür. Amma musiqi notları kimi… Do, re, mi, fa, sol, lya, si… sanki pianonun dilləridir. Ritm getdikcə zilə qalxır… “Yəqin musiqiçidir” – düşünürəm. Müvazinətimi saxlamağa çalışaraq qapıya yaxınlaşıram – gözlükdən baxıram. İki nəfərdən biri əyilərək dayanıb, qapını döyəcləyən isə dəmir qapıda “musiqi bəstələməkdə” davam edir. “Blokdan çıxın, soldakı blok, sağdakı qapı”, -deyirəm. Səsimdən diksinib, əlini qapıdan çəkir və təəccübdən donmuş girdə sifətini gözlüyə yaxınlaşdıraraq təşəkkür edir. O hər gün qonşudakı təbibi- sınıqçını axtaranlardan biridir. Və bilmir ki, mən də hər gün səhər onun kimi neçə-neçə xəstəyə “doktor” dedikləri adamın ünvanını izah edirəm. Lakin hər dəfə bu xeyirxahlığımdan həzz alsam da, deyinməyimdən də qalmıram: “Nə olar ki, blokun qapısında bir lövhə vursa?!” Amma o dəqiqə də “doktor”a yazığım gəlir: həmin lövhənin min dərdi çıxacaq – vergisi, arayışı, icazəsi, yoxlaması… Bir sözlə, həngamə. O qədər qurumdan nümayəndə gəlib töküləcək ki… İndi gəl bunları yola sal… Bu yazıq nə qazanır ki?! Həkimlərin illərlə süründürdüyü insanları, qohum-qonşunu, tanış-bilişi müalicə edib ayağa qaldırmaqla çörək pulu qazanır. Şəfa tapanlar da orda-burda tərifləyirlər deyə, onu axtaranların da sayı artıb. Hətta xaricdə belə müalicə almaq imkanı olanlar da onu axtarıb tapırlar…
Bu xeyirxah missiyamı da yerinə yetirib yenicə yuxuya getmişdim ki, telefonum mesajlardan cıqqıldamağa başlayır: tik-tok-un nəğməli, sazlı-sözlü – sabahın xeyir dilək-duaları başlanır… Anlayıram ki, yuxu bu gün də mənə haramdır. Artıq həyətdən də səslər gəlir. Pəncərədən baxıram. Qonşu qadınlar həyətin təmizliyinə baxan süpürgəçi ilə dərdləşirlər: günün mövzusu isə tikintidir.
İşə hazırlaşıb tez-tələsik həyətə düşürəm. Skamyada əyləşib söhbətləşən qonşulara salam verirəm. Hamısı sual dolu nəzərlərlə üzümə baxır. Sevil xala mənə yaxınlaşır: “Ehtiyatlı olun”- deyir.
-Niyə, nə baş verib ki?
Başı ilə tikinti gedən tərəfi göstərir.
– Axşamlar gedib etiraz edirsiz onlara. Arxalı adamlardır. Heç kəs bata bilmir…
– Biz qanunla danışırıq. Gecə saatlarında heç bir tikinti şirkəti ətrafda yaşayanları yuxusuz qoymamalıdır. İstirahət günləri, ümumiyyətlə, tikinti aparıb, səs-küy salmamalıdır.
– Hamımız bu səs-küydən bezmişik, ay qızım, yaşlı adamıq. Hələ kim bilir neçə il bu səs-küylü tikinti davam edəcək. Onsuz da “probka”da idi həndəvər, bu binada yaşayış başlayandan sonra heç qapımızdan bayıra çıxa bilməyəcəyik. Bura köçənlərin də maşınları doluşacaq yollara.. Xəbəriniz yoxdur, bizim binamızı da sökəcəklər. Buranı tikənlər deyirmiş…
Mənim təəccübləndiyimi görüb Zülfiyyə xanım da yaxın gəlir:
– Deyirlər ki, yeni bina tikilən kimi burdakı 4 binanı da sökəcəklər. 55 ilin binası niyə sökülməlidir axı?! Beşmərtəbəlini söküb bunlar göydələn tikib pul qazanacaqlar deyə, ev-eşiyimizdən olmalıyıq? Bina tikiləndən burda yaşayırıq, qonşularla illərdir mehriban münasibətdəyik, bir-birimizin xeyrinə-şərinə yarıyırıq. Sakit həyətdir. Bu bina 25 il əvvəl 7 ballıq zəlzələyə davam gətirib – çat belə düşməyib. İndi hər gün yeri necə qazırlarsa, bünövrəsi silkələnir, küçədəki təzə asfalt parçalanıb… Mən Ağ Şəhər bulvarının 300 metrliyində olan mənzilimin sökülməsinə niyə razılıq verməliyəm? Özləri tikdikləri binanın hər kvadratını azı 10 minə satacaq, bizə isə onun dörddə birini verəcəklər deyə?.. O pula biz necə ev ala bilərik. Bakının hansı rayonunda o pula 4 otaqlı mənzil ala bilərəm? Həm də niyə illərdir yaşadığım məhəllədən daşınım? Mən burdan köçən deyiləm. Yaz, dediklərimi. Qoy gözlərini burdan çəksinlər.
Düzü, suallar qarşısında aciz qaldığımdan heç bir cavab verə bilmirəm. Elə sakitcə yuxulu başımı yelləyərək gedirəm.
Arxamca “bəs yazırdınız ki, mərkəzdə tikinti aparmaq yasaq edilib, nooldu…Bura Masazırdı bəyəm?” , – deyə soruşur.
“Yasaqdır, yasaq” öz-özümə deyirəm.

Yasəmən Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!