Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məktəb mühitində şagirdlərin sağlamlığının qorunması daim diqqətdə saxlanılmalıdır. Bu, onların təhsil müvəffəqiyyətinə də təsirsiz ötüşmür.
Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumatda vurğulanıb ki, insan skeletinin düzgün formalaşması bağça və məktəb dövründə baş verir.
“Uşaqlarda qamətin düzgün formalaşmasına diqqət etmək bunun nə olduğunu anlamayan, gələcəkdə hansı qüsurlara səbəb olacağını bilməyən uşaqlardan çox valideyn və müəllimlərdən asılıdır.
Məktəbli çantası ağır olmamalıdır. Onu bir əldə daşımaq və ya təkərli sürmək olmaz, çanta hər iki çiyindən keçməklə kürəkdə daşınmalıdır.
Partada oturarkən sinəni masaya söykəmək, yazı yazarkən bir tərəf üstə çox əyilmək məsləhət görülmür. Bu həm qamətin əyilməsinə, həm də gözlərin tez yorulmasına səbəb ola bilər.
Kitabı çox yaxın və uzaq tutaraq oxumaq düzgün deyil. Gözlə kitab və ya dəftər arasında məsafə 25-30 sm. olmalıdır.
Gələcək nəslin sağlam yetişməsi üçün hər bir valideyin və xüsusən ibtidai sinif müəllimləri uşaqlara davamlı nəzarət etməlidir. Bununla gələcəkdə uşaqlarda skalioz, kifoz kimi onurğa qüsurlarının qarşısını almış ola bilərik”,- deyə qurumdan bildirilib.
Bəli, TƏBİB müəllimlərə və valideynlərə çağırış edir, bəs nazirlik? Hamıya məlumdur ki, məktəbli çantalarının ağır olmasının səbəbi kitab-dəftərlərlə yanaşı, əlavə olaraq ağır yük kimi daşıdılan əlavə dərs vəsaitləri, iş dəftərləridir. Bu yük ibtidai sinifdə təhsil alanlar üçün daha ağırdır, hansı ki, düzgün qamətin bünövrəsi həmin dövrdən başlayır. Şagirdlərin əksəriyyətinin çantaya gücü çatmadığı üçün mütləq onun bu ağır yükünü ailədən kimsə daşımalıdır. Hələ məktəbdən uzaq məsafədə yaşayanların sərnişin avtobuslarına bu ağır çanta ilə qalxıb-enmək dərdi də varsa, vay halına! Odur ki, bu məsələyə nazirlik əncam çəkməlidir.
Nahidə