9 Fevral 2026 / 13:43

TƏCİLİ: EVİ DAĞIDILAN BAYIRŞƏHƏR SAKİNLƏRİ TƏZMİNAT ALACAQ, ƏGƏR…

Bakının qədim yaşayış və tarix məkanı olan Bayırşəhərin başına açılan müsibətlərdən dəfələrlə yazmışıq. Lakin tariximizə cavabdehlərin gözü qarşısında bu mədəniyyət nümunəsi, turizm məkanı olmalı bir ərazi dağıdılır.
***
“Bir tərəfdən baxanda, Bayırşəhər söküntülərində təzə heç nə yoxdur. Mülkiyyət haqqında daşdan keçməli olan kağızların daşlar altında qalması birinci dəfə deyil…”.
Tezadlar.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
İ.Məmmədov əlavə edib: “Amma o biri tərəfdən də baxaq. Əvvəlki ərazilərdə “Qış” və “Mərkəzi” adlı parkların salınacağı öncədən bilinirdisə, Bayırşəhərdəki evlərin yerində nə olacağı hələ də dəqiq məlum deyil. Bu, ciddi hüquqi fərq yaradır. Hətta Memarlar İttifaqının sədri, Bakının keçmiş baş memarı öz müsahibəsində deyib ki, Bayırşəhərin gələcəyi nə Baş planda yer alıb, nə də şəxsən onun özünün bu haqda ətraflı xəbəri var. Deyir, yenidənqurma layihəsini xarici bir şirkət “biz hazırladığımız materialdan açıq-aydın istifadə etməklə” tərtib edib, lakin heç kimə göstərmir. İstinad elədiyi “material”a əsasən, Bayırşəhərdə hansısa başqa şəhərsalma həlləri tapılmalıdır, o cümlədən, bəzi köhnə tikililərin otellərə çevrilməsi, eləcə də yeni 3-4 mərtəbəli evlərin tikilməsi. Müsahibəyə keçid şərhdədir. Başqa sözlə, biri var səni evindən şəhərin park ehtiyacına görə çıxarırlar, biri də var daha zəngin insanların tarixi mərkəzdə lüks ev və biznes ehtiyacına görə. Əgər söküntü yerində park olmasa, onda Bayırşəhər sakinləri Avropa Məhkəməsində daha böyük həcmdə təzminat alacaq. Maddi və mənəvi təzminatın həcmini müəyyən edərkən, parkın salınması ilə lüks evli məhəllənin tikilməsi arasında fərqi Məhkəmə məncə nəzərə alar. Bunu deməkdə məqsədim təkcə Bayırşəhər sakinlərinə hüquqi strategiya təklif etmək deyil. YAP hökuməti o ərazidə park yox, evlər və biznes obyektləri tikəsi olsa, yaxşı olardı ki, o yeni mülkləri varlılara indi düşündüyündən də baha satsın, büdcədə ehtiyat fondu yaratsın. Niyə? Çünki 2 il əvvəl seçkidə Bayırşəhər əhalisi bütün ölkə kimi, YAP`ın namizədlərini dəstəklədi, amma qarşıdakı seçkidə çoxluq bunu daha etməyə bilər və onda, Avropa Məhkəməsinin qərarı ilə sakinlərə təzminatın ödənilməsi vaxtı gələndə, ödənişi sizin yox, bizim hökumət etməli olacaq. İndiki hökumətin günahına görə bizim hökumətin bütün əhalidən pul yığıb zorla köçürülənlərə ödəməsi fikri heç xoşuma gəlmir…”.
İndi iş qalır Bakının tarixinə və tarixi abidələrinə, qədim yaşayış məskəni olmasına cavabdehlərin hərəkətinə…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!