Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilmədiyi halda ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün Vaşinqton tərəfindən təklif edilmiş planda bəndlərin sayının 28-dən 22-yə qədər azaldıldığını deyib. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə Tramp ölkədə noyabrın 27-də qeyd olunan Şükran Günü münasibətilə həftəsonunu keçirmək üçün Floridaya uçarkən təyyarədə jurnalistlərə bildirib. Sitat: “Bu, sadəcə, bir sxem idi. Nə vardısa, hamısı sxem idi. Bu, plan deyildi. Bu, bir konsepsiya idi”.
Jurnalistlər ABŞ prezidentindən Respublikaçılar Partiyasından olan yoldaşlarının tənqidlərinə münasibət bildirməsini xahiş ediblər. Belə ki, Respublikaçılar Partiyasının bəzi üzvləri ABŞ Administrasiyası tərəfindən təklif olunmuş sülh planının ilkin versiyasını həddindən artıq rusiyapərəst hesab ediblər. “Onlar oradan bəzi bəndləri götürdülər və nəticədə 22 bənd alındı. Məsələlərin bir çoxu həll olundu və əslində, çox əlverişli şəkildə həll olundu”, – deyə Tramp əlavə edib.
Ötən həftə Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması üçün 28 bənddən ibarət plan təklif edib. Bu proqram Kiyevin Avropadakı tərəfdaşlarının narazılığına səbəb olub. Noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə Vaşinqtonun sülh planı üzrə məsləhətləşmələr keçirib. ABŞ-nin dövlət katibi Marko Rubio görüşü münaqişə müddətində ən məhsuldar danışıqlar adlandırıb.
Amma “Politico” nəşri danışıqların gərgin keçdiyini bildirib. Ukrayna tərəfi planın mətninə dəyişikliklər olunmasına israr edib. “RBK-Ukrayna” agentliyinin məlumatına görə, iki ölkənin nümayəndə heyətləri Vaşinqton tərəfindən təklif olunmuş proqramın böyük hissəsini razılaşdırıblar, lakin bir sıra bəndlər Donald Tramp və Volodimir Zelenski arasında görüşdə müzakirə üçün saxlanılıb. Görüşün tarixi hələ müəyyən edilməyib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 25-də bəyan edib ki, Moskva ABŞ-nin planını substantiv hesab edir və o, danışıqlar üçün əsas ola bilər.
Hələki rəsmi Moskva da konkret mövqeyini bildirməyə tələsmir.
Şakir Qurbanov