Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bütün dünyanın diqqət mərkəzində olan Donald Tramp və Vladimir Putinin Alyaska görüşü bitdi. Danışıqlarda Avropa dövlətlərinin və tərəf kimi ən azından Ukraynanın iştirakının təmin edilməsi barədə istəklər əvvəlcədən gündəlikdən çıxarılmışdı. Təşkilatçı tərəf olan ABŞ tərəfindən görüşün belə formatı planlaşdırılmışdı ki, əvvəlcə iki dövlət başçıları- yəni Tramp və Putin bağlı qapı arxasında ikilikdə təkbətək görüşdükdən sonra nümayəndə heyətlərinin iştrakı ilə müzakirələr davam edəcək və mətbuat konfransı ilə tamamlanacaq.
Trampla Putinin təkbətək görüşünü olduqca təhlükəli sayan Avropa dövlətləri buna qəti şəkildə etiraz etmiş və danışıqların açıq müzakirəsini tələb etmişdi . D.Tramp ikili qapalı söhbətin gələcəkdə çox dedi-qodulara səbəb olacağını nəzərə alaraq bu şərti qəbul etdi, lakin dolayısı ilə- tədbirin möhtəşəm səviyyədə hazırlığı, Putinin qarşılama mərasimindəki dərin hörmət-izzət və tədbirin “0” nəticəsi ilə Avropanı başa saldı ki, ona şərt qoymağın heç bir mənası yoxdur. Təkbətək görüş istəyini isə incə bir protokol jesti ilə- hava limanından tədbirin keçirələcəyi yerə Putini şəxsi avtomobilində aparmaqla reallaşdırdı.
Onsuz da 3 aya yaxın hazırlıq mərhələsində iki dövlət arasındakı nümayəndələrin görüş və söhbətlərində əvvəlcədən hansı məsələlərin müzakirə olunacağı, hansı qərarların qəbul ediləcəyi ən kiçik detallarına qədər müzakirə olunmuşdu və razılaşdırılmışdı. “İncə mətləblərin” təklikdə müzakirəsi üçün qısa “avtomobil söhbəti” kifayət idi.
Çoxdetallı panoramda avtomobillə bağlı bu kiçik protokol jesti mənə ani olaraq R.Reyqanla M.Qorboçovun ilk görüşlərində qapalı qapı arxasında təkbətək söhbət istəklərini xatırlatdı. Formasına görə deyil- gələcəkdə dünyanın gedişatını dəyişə biləcək mahiyyətinə görə…(hazırda münasib bilmədiyimə görə bu 3 nöqtənin məzmununu qismət olarsa lazım gələndə açıqlayaram). Görüşün nə ilə nəticələndiyi uzun müddət idi ki, müzakirə mövzusu idi. Əlbəttə, az-cox ciddi siyasətçilər bu görüşdə sülh müqaviləsinin bağlanacağını gözləmirdilər. Amma Avropa liderlərinin, eləcə də Amerikada nüfuzlu hakimiyyətdaxili Partiya və Parlament nümayəndələri tövsiyə edirdi ki, ABŞ prezidentinin Putinlə görüşməsi münasib deyil, müstəsna hal kimi yalnız nümayəndələrin hazırlıq prosesində sülh üçün ciddi razılaşmaların olacağı barədə əminlik yarandıqdan sonra mümkündür. D.Tramp da məhz bu şərt daxilində Putinlə görüşəcəyini bildirmişdi. Təbii ki, görüş təyin olunmuşdusa, deməli Sülh razılaşması olmasa da, qismən sülhə aparan ciddi razılaşmalar gözlənilirdi.
XXX
Görüşdən bir gün əvvəl “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ilə müsahibəmizdə bildirmişdim ki, ““Barışıq sazişi” altında təşkil olunan bu görüş, əslində, başqa məqsədlər daşıyir və orada əsasən başqa mövzular müzakirə olunacaq, sülhlə bağlı isə heç bir qərar qəbul olunmayacaq”.
Hələ danışıqlar başlamazdan əvvəl tərəflərin heyətinin tərkibi açıqlandıqda nə dərəcədə haqlı olduğumu anladım. Sülh danışıqları ilə bağlı ilk danışıqlara Rusiyanın maliyyə naziri, həmçinin Amerikanın maliyyə və ticarət nazirlərinin heyətə daxil edilməsi görüşün həqiqi məqsədindən xəbər verirdi.

Görüşdə Putinin güzəştə getməli olduğu və qedəcəyini şərtləndirən digər ciddi səbəblər- Rusiyanın hərbi potensialının tükənməsi, iqtisadiyyat və maliyyə sistemindəki böhran, yeni sanksiyaların və tariflərin tətbiqi, müasir Amerika silahlarının miqdarına və tətbiqinə məhdudiyyətin götürülməsi ilə Ukraynaya satılması barədə ABŞ-NATO- AVROPA razılaşması və s. danışıqlarda ciddi nəticəyə ümidləri daha da artırırdı. Üstəlik, Tramp görüşün vacibliyini əsaslandıran hədə xarakterli ciddi arqumentini də elan etmişdi- bu görüşdə Putinin sülhə razı olub- olmadığına əmin olmaq üçün vacib idi. Tam görüş ərəfəsində Tramp elan etmişdi ki, Əqər Putin barışığa gəlməsə, daha sərt sanksiyalar və Rusiya üçün ağır- çox ağır nəticələr yaradan qərarlar qəbul edəcək! Maraqlıdır ki, Trampın hakimiyyətə gəldiyi və müharibəni 24 saat ərzində dayandıracağı vədindən kecən yarım il ərzində elan etdiyi bütün hədələrə baxmayaraq, Putin nəinki barışıq üçün real olmayan şərtlərindən geri çəkildi, əksinə, onları daha da sərtləşdirdi. Trampın son ciddi hədəsinə isə bizlərdə deyildiyi kimi, Putin “heç tüklərini də tərpətmədi”. Eləcə də Putin danışıqlar zamanı da heç bir güzəştə getmədi! Tramp isə həmişəki kimi geri çəkilərək görüşdən sonrakı müsahibəsində “hələlik” heç bir sanksiya tətbiq etməyəcəyini bildirməklə son hədəsini də geri çəkdi!
Ortada həm maraq doğuran, həm də müzakirə predmeti olan ciddi bir sual dolaşır- Trampın Rusiyaya qarşı heç vaxt, heç bir sərt addım atmayacağını Putin əvvəlcədən bilirdimi, ondakı bu əminliyin səbəbi nə idi?!
Trampın Rusiya ilə gizli əlaqələrinin olması barədə söhbətlər hələ onun birinci kodensiyası müddətində ciddi müzakirə predmeti idi, az qalmışdı ona impiçment elan olunması ilə nəticələnsin. Indi yenilənmiş bu mövzuya Trampın prezident kimi fəaliyyətində şəxsi biznes maraqlarını güdməsi kimi digər dedi-qodular da əlavə olunub. Lakin bu deyilənləri əsaslandıracaq faktlar ortada olmadığı və hüquqi qaydada təsbit edilmədiyi üçün bir hüquqşünas kimi mən bunları qəbul etməyib şaiyə kimi müzakirə mövzusundan çıxarıram. Ancaq bütün hallarda Trampın Rusiyaya qarşı tətbiq edəcəyini elan etdiyi sanksiyaları öz imicinə kölgə salacağını bilə-bilə yarım il ərzində təkrar-təkrar geri götürməsi, bu azmış kimi, bütün müttəfiqlərinin ümumi rəyinə zidd olaraq Putini yüksək qiymətləndirməsinin, hər zaman tərifləməsinin, onunla görüşməyi təkidlə xahiş etməsinin, işğala məruz qalan Ukrayna prezidentinin qəbulda alçaldılmasına rəğmən Putinlə görüşün anoloqu olmayacaq dərəcədə təmtəraqlı keçirməsinin, statusuna yaraşmayan sevinclə təyarədən enən Putini ayaqüstə alqışlamasının (Amerika çəkilişlərindən silinsə də digər ölkələrin çəkilişlərində qalır) və s. çoxsaylı qeyri-adiliklərin səbəbi izah və aydınlıq tələb edir ( bu hissədə də “3 nöqtə”hüququnu saxlayıram)…

…Putinin özünəgüvəncinin, Trampın Putinə qarşı bu qeyri adi davranışlarının səbəbini mən mülahizələrlə deyil, obyektiv reallıqlarla izah etməyə çalışacam. Məqsədim Trampı müdafiə etmək deyil. Bunun təsdiqi olaraq təxminən 6-7 il əvvəl “Təzadlar” qəzetinə verdiyim müsahibədə söylədiyim bəzi fikirlərimə istinad etməyi uyğun hesab edirəm. Həmin müsahibədə qeyd etmişdim ki, dünyanı bir mərkəzdən idarə etmək uğrunda mübarizədə anqlosakslar- Amerika və İngiltərə birgə hərəkət edirlər. Lakin gələcəkdə bu mərkəzdə rəhbərliyin kimin əlində olacağı üstündə İngiltərə mərkəzli və Amerikə mərkəzli dərin dövlət gücləri arasında daxili bir mübarizə gedir. Həmçinin qeyd etmişdim ki, hazırda ABŞ hegemon dövlət statusunu qorumaqda çətinlik çəkir. Ən real iddiaçı olaraq böyük sürətlə inkişaf edən Çin Amerika üçün böyük təhlükədir. Bu təhlükənin qarşısını vaxtında ala bilməsə, ABŞ nəinki hegemon dövlət, heç güclü bir dövlət olmaq imkanını da saxlaya bilməyəcək.
ABŞ özünün milli təhlükəsizlik proqramında Rusiyanı sadəcə təhlükə, Cini isə bir nömrəli düşmən olaraq qiymətləndirdiyi üçün milli müdafiə proqramında hərbi, iqtisadi, texnoloji və s. məsələlərlə yanaşı Çinə qarşı bir-neçə istiqamətdə Dövlətlər koolisiyası (Blok dövlətlər) yaratmağı planlaşdırır. Bunların sırasında vacib Blok dövlət olaraq Rusiyanı görür. (bu məsələdə İngiltərənin fərqli mövqeyi barədə söylədikərim hazırki mövzudan kənara çıxdığı üçün ona toxunmuram).
Fikirlərimi aydın izah edə bilmək üçün başqa məsələni də xatırladım ki, ABŞ güclü dövlətçilik siteminə malik bir ölkədir və dövlət idarəçiliyində hakimiyyət bölgüsü qüsursuz şəkildə qorunub saxlanılır. Bu səbəbdən Donald Tpamp şəxsi münasibət, istək və maraqlarından asılı olmayaraq ciddi, strateji, xüsusilə dövlətin təhlükəsizliyi ilə bağlı məsələlərdə istədiyi qərarları qəbul edə bilməz və müqavilələr bağlaya bilməz. Əks halda həmin qərar və müqavilələrin ləğvi ilə yanaşı, Qnunverici hakimiyyət (senat və parlament) və Məhkəmə hakimiyyəti ilə ciddi problemlər yaşayar. Parlamentin İmpiçment qəbul etmək hüququ hər zaman “Domokl qılıncı” kimi ABŞ prezidentinin başının üstündən asılıdır.
Yuxarıda qeyd etdiyim səbəbdən Rusiya- bütöv, dayanıqlı, ancaq böyük iddialara gücü çatmayan, idarə oluna bilən ölkə olaraq ABŞ-ın milli təhlükəsizliyi üçün strateji “obyekt”dir. ABŞ üçün Rusiyanın nə dərəcədə əhəmiyyətli olduğunu Putin də gözəl bilir və danışıqlar zamanı replikalarla qəsdən bunu bir-neçə dəfə xatırlatdı. Onların hər ikisi bunu da bilir ki, Rusiya müharibədə məğlub olarsa Putin hakimiyyətini itirəcək. Bunun nə ilə bitəcəyini gözləmək risklidir. Müstəqillik qazanmaq üçün fürsət gözləyən milli federasiyalar, mübahisəli tarixi ərazilərini geri qaytarmaq arzusunda olan Çin və Yaponiya, Rusiyanın parçalanmasında maraqlı olan digər qüvvələrin də hərtərəfli müdaxiləsini nəzərə alsaq, vəziyyətin nəzarətdən çıxacağı realdır. Vəziyyətdən çıxış yolunun həlli isə ziddiyyətlidir. Bu Amerikanın prezidenti kimi Trampı “odla su arasında” çıxılmaz vəziyyətdə qoyub. Heqemon dövlət beynəlxalq hüququn, haqqın, ədalətin, süverenliyin, demokratiyanın, ümumiyyətlə, liberal Qərbin rəhbər tutduğu bütün dəyərlərin qoruyucusu və təminatçısı olmalıdır. Bu qüvənc yoxdursa, niyə onunla birlikdə olmalı və onunla hesablaşmalıdırlar?…
Yoxsa, yuxarıda deyildiyi kimi, Amerikanın təkqütblü heqomonluq funksiyasını yerinə yetirə bilməməsi artıq mülahizə deyil, reallıqdır! Bu missiya Trampdan ədalətli sülhün təmin olunmasını tələb edir. Ədalətli sülh isə işğala məruz qalan tərəfin- Ukraynanın süverenlik və ərazi bütövlüyünün təmin olunması deməkdir. “Bəs onda Rusiya məsələsi necə olacaq” sualının cavabı, əslində, bəllidir, amma arzuedilən deyil! Kiyev ətrafından geri çəkilmək məcburiyyətində qaldıqdan sonra demək olar ki, müharibənin bütün gedişi ərzində Rusiyanın təbliğat maşını gecə- gündüz Ukraynaya qarşı, hətta lazım gələrsə onun müttəfiqlərinə qarşı nüvə silahının tətbiq olunması çağrışlarını edir. Eks prezident, Rusiya Təhlükəsizlik Şurasının müavini Medvedev başda olmaqla bir çox hərbi və siyasi yetkililər rəsmi çıxışları ilə bu təhlükənin reallaşacağı inamını yaradırlar. Bəzi siyasətçilər hesab edir ki, bu, ABŞ və Avropa dövlətlərini Rusiyaya qarşı daha sərt adımlar atmaqdan çəkindirən əsas səbəbdir. Lakin bu inandırıcı deyil, sadəcə, daxili auditoriya üçün – müharibənin heç bir halda uduzulmayacağına inam, qarşı tərəfə isə qorxu yaratmaq üçündür. Çünki Rusiya ABŞ və İngiltərənin bu sahədə nə qədər üstün olduğunu və onu nə gözləyəcəyini yaxşı bilir (mövzudan çıxmamaq üçün yenə 3 nöqtə)…
XXX
…Rusiya işğal etdiyi torpaqları geri qaytarmaq məcburiyyətində qalarsa, ən ağır şərtlər və güzəştlər hesabına olsa belə Putin Rusiyanı Çinin qucağına atacaq!!!
Ən qısa sözardı – Bu təkcə Rusiya-Ukrayna müharibəsinin taleyini deyil, bütün dünyanın gələcək arxitekturasını dəyişəcək! Qoca Çin isə səssiz, soyuq kobra kimi səbrlə öz saatını gözləyir!!! Bu baş verərsə, nəticəsi təkcə Ukrayna üçün deyil, Avropa və ABŞ üçün də çox ağır olacaq. Arzuedilməz olsa da, çıxış yolu Ukraynanı ərazi itkiləri ilə ədalətsiz sülhə məcbur etməkdir…
Adil Minbaşı,
Hüquqşünas, Baş ədliyyə müşaviri