17 Avqust 2025 / 20:30

Tramp Zelenski ilə avqustun 18-də görüşəcək

ABŞ prezidenti Donald Tramp avqustun 18-də Vaşinqtonda əvvəlcə Vladimir Zelenski ilə görüşəcək, daha sonra onu müşayiət edən Avropa ölkələrinin liderləri görüşə qatılacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən “Bild” qəzeti yazır.

Məlumata görə, işgüzar nahar və geniş formatda çoxsaatlıq müzakirə də baş tutacaq.

Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Key Starmer, İtaliyanın baş naziri Giorgia Meloni və NATO-nun baş katibi Mark Rutte iclasda iştirak edəcəklərini açıqlayıblar.

Xatırladaq ki, Zelenskinin fevral ayında Ağ Evə səfəri qalmaqalla başa çatmışdı.

Belə ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəldi. Jurnalistlərin iştirakı ilə keçirilən söhbət zamanı onların arasında mübahisə yarandı, Tramp Zelenskiyə ABŞ-a qarşı hörmətsiz münasibət göstərdiyini, Amerikanın vitse-prezidenti J.D.Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd etdi. Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edildi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!